Faşizm üzərində Qələbənin
69-cu ildönümü qeyd
olundu
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü paytaxtın Səbail rayonunda da geniş qeyd olundu. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər, rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda, sərgi salonlarında sərgilər təşkil olunmuşdu.
Rayon ictimaiyyətinin və gənclərin nümayəndələrinin iştirakı ilə müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrin ucaldığı parklarda iməciliklər keçirilmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstləri, Bibiheybət qəsəbəsində İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə ucaldılmış abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov əlamətdar gün münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı. O qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar - o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. İkinci Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri var. Müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərakatına çevirilmiş, Azərbaycandan ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınmış, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlmişdi.
Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər, Qafqaz uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan döyüşçüləri igidlik göstərmişlər. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları general-mayoru Həzi Aslanov isə iki dəfə bu ada layiq görülmüş, 34 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsini almışdır.
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 69 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi, onlara təyin olunmuş Prezident təqaüdünün məbləğinin artırılması və növbədə olan bütün veteranların avtomobillərlə təmin olunması ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.
Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən soz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Veteranlara hədiyyələr və maddi yadım təqdim olunmuşdur.
"Azərbaycan"
Azərbaycan.-
2014.- 11 may.- S.10.