Gül bayramı keçirildi
Səbail rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilib.
Bu əlamətdar bayramla əlaqədar şəhərin mərkəzindəki "Sahil bağı"nda abadlıq işləri aparılmış, park başdan-başa yenilənmiş, fəvvarələrin ətrafı güllərlə bəzədilmişdi. Bayramın gözəl və yaddaqalan keçməsi üçün rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq tədbirləri görülmüşdür. Rayonun ali, orta və orta ixtisas məktəblərinin, səhiyyə müəssisələrinin, Uşaq yaradıcılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdələrin fantaziyaları və imkanları nümayiş etdirilmiş, bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb etmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı Fuad Muradov və digər rəsmilər rayonun idarə və təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələrinin toplaşdıqları "Sahil bağı"nı gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər. Sonra Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmiş, əl işləri onlara xoş təsir bağışlamışdır.
"Sahil bağı" nağıllar və gözəllik aləmini xatırladırdı. Çiçəklərlə bəzədilmiş dekorativ arka parkın girişinə xüsusi yaraşıq verirdi. Parkdakı fəvvarələr tər güllərlə bəzədilmiş, gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar düzəldilmişdir. Ümummilli lider Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın güllərdən hazırlanmış portretləri, onlarla bağlı digər gül kompozisiyaları, Bakı şəhərinin və paytaxtın mərkəzi rayonu olan Səbail rayonun simvolu olan Qız qalasının, paytaxtımızın simvoluna çevrilən "Alov qüllələri" kompleksinin, "Səbail" gəmisinin, 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarının embleminin, rayonun orta məktəblərinin birgə hazırladıqları Dənizkənarı Milli Parkda quraşdırılmış yeni attraksionun güldən hazırlanmış maketləri və Günəbaxan kompozisiyası, rayon bağçalarının hazırladıqları Kəpənək kompozisiyası, parkdakı skamyaların üzərində güllə işlənmiş müxtəlif ornamentlər bayram iştirakçılarının diqqətini xüsusilə cəlb edirdi. Parkdakı kompozisiyalar insanları ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi. Gül bayramı ilə əlaqədar Sahil bağında ümumilikdə 350 min ədəd güldən istifadə olunmuşdur.
Rayondakı Dövlət İqtisad, Pedaqoji və "Qərb" universitetlərinin, Bakı Oksford məktəbinin, 18 orta məktəbin, 18 uşaq bağçasının, 2 uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzinin şagirdlərinin, səhiyyə və rayonun digər təşkilat və müəssisələrinin kollektivlərinin nümayiş etdirdikləri gül kömpozisiyaları, müxtəlif heyvanların, tarixi yerlərin güldən hazırlanmış maketləri və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş sənət nümunələri, xüsusilə də ulu öndər Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın muncuqlardan hazırlanmış portretləri iştirakçılarda daha xoş təəssürat yaratmışdır.
Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdikləri şəkillər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan.-
2014.- 11 may.- S.10.