“YARAT” Müasir İncəsənət
Məkanı ümummilli lider
Heydər Əliyevin anadan olmasının
91 illiyi münasibətilə maraqlı aksiya təşkil etmişdir
Aida Mahmudovanın təşəbbüsü və təsisçiliyi ilə həyata vəsiqə alan “YARAT” Müasir İncəsənət Məkanı daha bir yeniliyə imza atmışdır.
“YARAT” Müasir İncəsənət Məkanının icraçı direktoru Fərid Abdullayevin rəhbərliyi ilə “YARAT” komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə “Heydər zirvəsi”nə yürüş təşkil etmişdir.
“YARAT” Müasir İncəsənət Məkanının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, komandanın tərkibinə daxil olan Fərid Abdullayev, Rövşən Əhmədov və Ramal Kazımov ümummilli lider Heydər Əliyevin adını daşıyan zirvəni müvəffəqiyyətlə fəth etmişlər.
Komanda üzvləri dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”ndə Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq “YARAT” Müasir İncəsənət Məkanının bayrağını qaldırmışlar.
Zirvəni fəth edən Fərid Abdullayev, Rövşən Əhmədov və Ramal Kazımov Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə “Heydər zirvəsi”nə müvəffəqiyyətlə yürüş etdiklərinə görə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən sertifikatla təltif edilmişlər.
“YARAT” komandasının digər üzvləri Emil Topçuyev, Kamilla Məmmədova, Yana Malışeva, Benjamin Hugh De Courcy Jones, Günel Həsənli, Vüsal Rəhimov, Anastasia Bloxina, Cəmilə Orucova, Fəxriyyə Məmmədova, Tural Əliyev, Aleksandr Statkeviç “Heydər zirvəsi”nə yürüş edən nümayəndələr üçün ayrılmış düşərgədə “Heydər zirvəsi”ndə və Xınalıq kəndində “YARAT” Müasir İncəsənət Məkanının gələcəkdə həyata keçirə biləcəyi layihələrlə bağlı konkret təkliflər hazırlamışlar. Artıq ikinci ildir ki, davam edən “BACARART” layihəsinin Xınalıq kəndində keçirilməsi təklif olunmuşdur.
“BACARART” layihəsi barədə daha ətraflı məlumatı http://www.yarat.az/az/exhibitions/69/overview/ linkindən əldə etmək olar.
“YARAT”ın rəssamları Vüsal Rəhim və Ramal Kazımov Xınalıq kəndində yeni əsərlər üçün etüdlər, eskizlər etmişlər.
Onu da qeyd etmək lazımdır ki, bu vaxtadək Azərbaycanın klassik rəssamları Səttar Bəhlulzadə və Maral Rəhmanzadə özlərinin ən gözəl əsərlərini Xınalıq kəndində yaratmışlar. Bu baxımdan gənc fırça ustaları Vüsal Rəhim və Ramal Kazımov klassiklərimizi işini davam etdirən müasir dövrümüzün rəssamları hesab edilə bilərlər.
2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunan “YARAT” qeyri-kommersiya təşkilatı Azərbaycanda müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir. Bu qurum, həmçinin ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğuldur.
Bakıda yerləşən və adı “yaratmaq” sözündən əmələ gələn “YARAT” təşkilatının əsas fəaliyyətlərini sərgi proqramları, təhsil tədbirləri və festivallar təşkil edir. “YARAT” yerli və beynəlxalq incəsənət şəbəkələri, o cümlədən müxtəlif fondlar, sərgi salonları və muzeylər arasında dialoqun qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində çalışır. “YARAT”ın həyata keçirdiyi təhsil proqramları silsiləsi qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və əməkdaşlığın təşəkkülü üçün imkan yaradır.
“YARAT”ın əsas məqsədi gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılmasıdır. Eyni zamanda, bu təşkilat incəsənət institutlarının tələbə və məzunlarına “ARTIM Young Artists Project” adlı layihə vasitəsilə dəstək verməyi öz öhdəsinə götürür. Bu isə öz növbəsində rəssamın və onun əsərlərinin peşəkar mühitdə iştirakı, digər incəsənət təşkilatlarının diqqətini cəlb etməsi, müasir incəsənət sahəsində uğurlu karyeranın qurulmasına imkan əldə etməsidir.
“YARAT” müasir incəsənətlə bağlı mühazirələr, seminarlar və ustad dərsləri keçirməklə xüsusi təhsil proqramını tətbiq edəcəkdir.
Azərbaycan.-
2014.- 11 may.- S.12.