Avropa Azərbaycanlıları Konqresi Şuşanın
işğalının 22-ci ildönümü
ilə bağlı bəyanat yaymışdır
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinə, Alman Bundestaqına, Almaniya ictimaiyyətinə Şuşanın işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar bəyanat göndərmişdir. Bəyanatda bildirilir ki, Azərbaycanın bu gözəl şəhəri 22 ildir ki, işğal altındadır.
1992-ci il mayın 8-ə keçən gecə erməni hərbi birləşmələri Şuşanı işğal etmiş, dinc əhaliyə divan tutmuş, binaları, tarixi abidələri dağıtmışdır. Şuşanın işğalı ilə bağlı hər il Azərbaycanda və xaricdəki Azərbaycan icmaları tərəfindən təşkil edilən anma tədbirlərində dünyanın nüfuzlu təşkilatlarına müraciətlər qəbul edilir və Azərbaycan Respublikasının 20 faiz ərazisinin erməni işğalı altında saxlanıldığı və Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin və digər beynəlxalq qurumların qərar və qətnamələrinin kağız üzərində qaldığı xatırladılır.
Bəyanatda deyilir ki, Avropa Azərbaycanlıları Konqresi bir daha beynəlxalq təşkilatlara üz tutaraq erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxmasına, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasına kömək göstərməyi xahiş edir.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.-
2014.- 11 may.- S.11.