Azərbaycan və Fransa prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

 

Mayın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Hörmətli cənab Prezident, bir daha Sizi səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.

Dünən və bu gün biz artıq geniş fikir mübadiləsi, Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafı ilə bağlı danışıqlar apardıq.

Bu gün biz nümayəndə heyətlərinin iştirakı ilə bu danışıqları davam etdiririk. İkitərəfli gündəliyimiz çox genişdir, bir çox məsələləri əhatə edir. Hər bir istiqamət üzrə qarşılıqlı anlaşma vardır və qarşılıqlı dəstək göstərilir.

Bir daha Sizi ürəkdən salamlayıram. Mən əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır.

X X X

Fransa Prezidenti Fransua OLLAND dedi:

- Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Artıq neçə illərdir ki, Azərbaycan Fransaya etimad göstərir. Fransa Azərbaycandakı böyük inkişafdan məlumatlıdır. Dünən biz bunun bütün sahələrdə müşahidə olunduğunu gördük. Bu səbəbdən bu səfər sadəcə dostluq, nəzakət səfəri deyil bu, yalnız yüksək səviyyəli şəxslər, iki prezident arasında mövcud olan əlaqələrlə bağlı deyildir. Bu səfər nəticələr verməlidir, iqtisadi baxımdan mübadilələrimizi, sərmayələrimizi daha da artırmalıdır.

 

Azərbaycan.- 2014.- 13 may.- S.3.