Bakıda Azərbaycan-Fransa
biznes forumu keçirilmişdir
Mayın 12-də Bakıda, Heydər Əliyev Mərkəzində
Azərbaycan-Fransa biznes forumu keçirilmişdir.
AzərTAc
xəbər verir ki, biznes forumda dövlət və hökumət
nümayəndələri ilə yanaşı, tikinti, enerji, sənaye,
maliyyə, nəqliyyat, kommunikasiya texnologiyaları, kənd təsərrüfatı
və digər sahələrdə fəaliyyət göstərən
200-dək azərbaycanlı, 90-dək isə fransız iş
adamı iştirak etmişdir.
Forumun
plenar sessiyasında Azərbaycanın iqtisadiyyat və sənaye
naziri Şahin Mustafayev və Fransa Şirkətlər Birliyinin
(“MEDEF International”) Fransa-Azərbaycan Biznes Şurasının
və Torpaqların Müdafiəsi və Təhlükəsizlik
Sənayesi Birliyinin (GİCAT) rəhbəri Kristian Mons
çıxış etmişlər.
Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi və
humanitar əlaqələrin yüksələn xətlə
inkişaf etdiyini vurğulayan nazir Şahin Mustafayev əməkdaşlığımızın
qarşılıqlı faydalı tərəfdaşlıq
prinsiplərinə əsaslandığını
bildirmişdir.
Diqqətə çatdırmışdır ki,
ölkələrimiz arasında indiyədək 45, o cümlədən
iqtisadi sahədə 23 sənəd imzalanmışdır.
Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərləri,
eləcə də son üç ildə Fransa prezidentlərinin
iki səfəri çərçivəsində aparılan
danışıqlar, keçirilən görüşlər, əldə
olunan razılaşmalar böyük əhəmiyyət kəsb
edir.
Siyasi əlaqələrimizin
yüksək inkişaf səviyyəsinin iqtisadi əməkdaşlığımızın
genişləndirilməsinə şərait
yaratdığını vurğulayan nazir demişdir ki, ötən
il qarşılıqlı ticarət
dövriyyəsi 1 milyard 560 milyon dollardan çox olmuşdur. Bunun cari ilin birinci rübündə 370 milyon dollardan
çox olduğunu qeyd edən nazir bu göstəricinin ötən
ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz
artdığını demişdir.
Fransa tərəfindən
Azərbaycan iqtisadiyyatına indiyədək 2,4
milyard dollar investisiya yatırılmışdır ki, bunun da
2,2 milyard dolları neft-qaz sektorundadır. Fransanın
Azərbaycanın qeyri-neft sektoruna yatırdığı
investisiyaya görə 9-cu yerdə olduğunu bildirən nazir
bu forumda iqtisadiyyatın digər sahələrində prioritet
istiqamətlərin müəyyən olunacağını diqqətə
çatdırmışdır. Bildirmişdir
ki, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi
Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin prioritet istiqamətidir.
Şahin Mustafayev demişdir ki, Azərbaycanda kənd təsərrüfatı,
nəqliyyat, sənaye, tikinti, bank və digər sahələrdə
51 Fransa şirkəti fəaliyyət göstərir. Bu şirkətlər
dövlət investisiyaları hesabına həyata keçirilən
layihələrdə iştirak edirlər. Bu layihələrin
ümumi dəyəri 1,8 milyard
dollardır. Bunların arasında Azərbaycanın ilk
telekommunikasiya peykinin hazırlanması, Bakıda bərk məişət
tullantıları zavodunun inşası, Bakı Metropoliteninin
inkişafında, eləcə də “Azərbaycan Hava
Yolları” QSC–nin yeni təyyarələrinin alınmasında,
kənd təsərrüfatı sahəsində əməkdaşlıq
və s. mühüm yer tutur.
Ölkəmizin də Fransa iqtisadiyyatına investisiya
yatırdığını vurğulayan Şahin Mustafayev Azərbaycan
Respublikasının Dövlət Neft Fondu tərəfindən
Parisdə 135 milyon avro məbləğində daşınmaz əmlakın
alındığını diqqətə
çatdırmışdır.
Bildirilmişdir
ki, Azərbaycanda böyük uğurla həyata keçirilən
hərtərəfli və dayanıqlı sosial-iqtisadi
inkişaf strategiyası nəticəsində son on il ərzində
ümumi daxili məhsul 3,2, investisiyalar 6,5, dövlət
büdcəsinin gəlirləri 16, xarici ticarət dövriyyəsi
6,6, valyuta ehtiyatları 30 dəfədən çox
artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə
azalmışdır. Bütün bunların sayəsində
dövlətin xarici borcu ümumi daxili borcun cəmi 8 faizini təşkil
edir.
Müstəqillik dövründə ölkə
iqtisadiyyatına 172 milyard dollar investisiya
yatırıldığını vurğulayan nazir bunun Azərbaycanda
yaradılmış əlverişli biznes mühiti nəticəsində
mümkün olduğunu demişdir. Bildirmişdir ki, bunun
64 faizi, yəni 111 milyard dolları qeyri-neft sektoruna
yatırılmışdır.
Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinin Azərbaycanın
payına düşdüyünü vurğulayan Şahin
Mustafayev demişdir ki, həyata keçirilən irimiqyaslı
infrastruktur layihələri regionun tranzit potensialını zənginləşdirmişdir. Bakıda ən
müasir dəniz ticarət limanı inşa olunur. Bu limandan başlayan dəmir yolu şəbəkəsinin
tamamlanması ilə gələn ildən Asiyanı Avropa ilə
bağlayan dəmir yolu fəaliyyətə
başlayacaqdır. Azərbaycanda müasir gəmiqayırma
zavodunun inşası, son illərdə 7 hava limanının
yenidən qurulması və ya tikilməsi, magistral avtomobil
yolları şəbəkəsinin yaradılması, Azərbaycanın
təşəbbüsçüsü və
iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Cənubi
Qafqaz boru kəməri, TANAP, TAP və s. ölkəmizin əhəmiyyətini
daha da artırmışdır. Yeni enerji dəhlizinin
formalaşdırılmasında ötən il
dekabrın 17-də “Şahdəniz-2” üzrə əsas
investisiya sazişinin imzalanması bu işdə mühüm
rol oynayır. Bu layihələr Avropanın
enerji təhlükəsizliyində Azərbaycanın
iştirakının əhəmiyyətini daha da
artırır.
Bildirilmişdir ki, Azərbaycan bütün ölkələrlə
siyasi və iqtisadi əlaqələrin inkişafında
maraqlıdır. Bu gün 150-dən çox ölkə ilə
ticarət əlaqələrimiz vardır. Xarici
ticarət dövriyyəmizin 50 faizdən çoxu Avropa
ölkələrinin payına düşür. Azərbaycan bu sahədə etibarlı tərəfdaş
kimi tanınır. Regionda yalnız bir
ölkə - Azərbaycanın ərazilərini işğal
etmiş təcavüzkar Ermənistan regional proseslərdən
kənarda qalmışdır. Ermənistanın
Azərbaycana qarşı təcavüzü, bir sıra
qonşu ölkələrə torpaq iddiaları regionda iqtisadi
əməkdaşlığın inkişafına ciddi
maneçilik törədir, iqtisadi potensialın tam
reallaşmasını məhdudlaşdırır. Nəticədə Ermənistan bölgədə
iqtisadi proseslərdən, regional layihələrdən kənarda
qalır, demoqrafik uçuruma yuvarlanır.
Şahin Mustafayev bildirmişdir ki, Azərbaycan ilə
Fransa arasında iqtisadi və ticarət əlaqələrinin
genişləndirilməsi üçün böyük
potensial vardır. Bu potensialın səmərəli həyata keçirilməsi
üçün əməkdaşlıq sahələri
ölkəmizin strateji inkişaf istiqamətləri ilə
uzlaşmalı, “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasının məqsədlərinə,
iqtisadiyyatın şaxələndirilməsi, rəqabət
qabiliyyətinin artırılması və inkişafı,
qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun iki dəfə
artırılması kimi hədəflərə uyğun gəlməlidir.
Bu sahədə işlər uğurla həyata
keçirilir.
Nazir Azərbaycan ilə Fransa arasında əməkdaşlıq
imkanları sırasında sənaye, kənd təsərrüfatı,
informasiya-kommunikasiya texnologiyaları, turizm, investisiyalar,
ekologiya və alternativ enerji sahələrini xüsusi
vurğulamışdır.
Qeyd olunmuşdur ki, ölkəmizdə insan kapitalına
böyük önəm verilir. Azərbaycan gəncləri
dünyanın qabaqcıl təhsil müəssisələrində,
o cümlədən Fransanın aparıcı elm ocaqlarında
dövlət vəsaiti hesabına təhsil alırlar.
Forumun Azərbaycan-Fransa əməkdaşlığının
genişləndirilməsinə töhfə verməsi
baxımından əhəmiyyətini yüksək qiymətləndirən
Kristian Mons ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin
daha da güclənməkdə olduğunu bildirmişdir. Fransa-Azərbaycan
münasibətlərinin çox geniş əhatə dairəsinə
malik olduğunu deyən K.Mons Heydər Əliyev Fondunun Luvr
Muzeyində İslam incəsənəti departamentinin
açılmasındakı xidmətlərini biznes cəhətdən
də yüksək qiymətləndirmişdir.
Kristian Mons demişdir ki, bu forum ölkələrimiz
arasında əməkdaşlığın gələcəkdə
yeni istiqamətlərə keçirilməsi, bu sahədə
perspektivləri dəyərləndirmək baxımından
mühüm rol oynayır.
Fransa Prezidentinin Azərbaycana səfəri çərçivəsində
Bakıda olmağından qürur duyduğunu qeyd edən
K.Mons demişdir ki, Azərbaycanda qonaqpərvərlik və
Fransa ilə əməkdaşlığı genişləndirmək
marağı təqdirəlayiqdir.
MEDEF-in 750 mindən artıq şirkəti birləşdirdiyini
deyən K.Mons bu təşkilatın dünyada geniş əlaqələrə
malik olduğunu bildirmişdir. Dünyada
aparıcı şirkətlərlə əməkdaşlıq
yaratmaq və qarşıya qoyulan hədəflərə
uğurla çatmaq MEDEF-in əsas məqsədlərindən
biridir. Burada iştirakımızın əsas məqsədlərindən
biri də iş imkanlarını dəqiqləşdirmək və
gələcəkdə daha da genişləndirməkdir.
Biz azərbaycanlı həmkarlarımızla işləməkdən
çox qürur duyuruq, - deyən K.Mons bildirmişdir ki, Azərbaycanın
müstəqilliyini bərpa etdikdən sonra sürətli
inkişafı dünyada böyük diqqətlə izlənilir. Azərbaycan
özünü dünyada böyük iqtisadi qüdrətə
malik ölkələr sırasında göstərməkdə
davam edir. Bu illər ərzində Azərbaycan
çox çətin, eyni zamanda, şərəfli bir yol
keçmiş, layihələrdə əməkdaşlıq
sayəsində bütün sahələrdə yüksək
inkişaf səviyyəsinə gəlib
çatmışdır.
MEDEF tərəfindən 2012-ci ilin sentyabrından etibarən Azərbaycana mütəmadi səfərlərin təşkil olunduğunu vurğulayan Kristian Mons hazırda bu təşkilat ilə ölkəmizin şirkətləri arasında münasibətlərin yüksək inkişaf səviyyəsinə çatdığını bildirmişdir.
Sonra biznes forum “Ənənəvi enerji və “gələcəyin enerjisi”, “İqtisadi şaxələndirmə və sənayenin inkişafı”, “İnfrastruktur və yeni texnologiyalar” mövzularında panel iclasları ilə işini davam etdirmişdir.
“Ənənəvi enerji və “gələcəyin
enerjisi” mövzusundakı birinci panel iclasında energetika
nazirinin müavini Natiq Abbasov Azərbaycanda son illərdə həyata
keçirilmiş tədbirlər nəticəsində
respublikamızın ümumi generasiya gücünün 7 min
meqavata çatdığını bildirmişdir. Qeyd
edilmişdir ki, hazırda Azərbaycanda 30 milyard kilovat-saat
enerji istehsal edilir. Azərbaycanın artıq elektrik enerjisini
ixrac edən ölkə olduğunu vurğulayan nazir müavini
dövlətimizin başçısının
tapşırıqlarına uyğun olaraq son illərdə
alternativ enerji mənbələrindən istifadənin
genişləndirilməsi istiqamətində görülən
işlərdən danışmışdır.
Biznes forumun “İqtisadi şaxələndirmə və sənayenin
inkişafı” mövzusundakı ikinci panel iclasında
iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Prezident
İlham Əliyevin bilavasitə təşəbbüsü ilə
ölkəmizdə sənaye parklarının
yaradılması istiqamətində görülən işlərdən
danışmışdır. Azərbaycanda 2014-cü ilin “Sənaye
ili” elan olunduğunu, sənayenin inkişafı ilə
bağlı Dövlət Proqramının qəbul edildiyini
vurğulayan nazir müavini Gəncədə və Mingəçevirdə
də sənaye parklarının yaradılmasının nəzərdə
tutulduğunu diqqətə çatdırmışdır.
“İnfrastruktur və yeni texnologiyalar” mövzusundakı
üçüncü panel iclasda çıxış edən
nəqliyyat nazirinin müavini Musa Pənahov demişdir ki, Azərbaycanda
etibarlı nəqliyyat, təhlükəsiz rəqabət
qabiliyyətinin təmin olunması üçün nəqliyyat
sektorunun əsas prioritetləri müəyyən edilmişdir. Hazırda Azərbaycanda
irimiqyaslı, o cümlədən dəmir yollarının, hava
nəqliyyatının yeniləşdirilməsi, metronun yenidən
qurulması istiqamətində mühüm layihələr həyata
keçirilir.
Azərbaycan.-
2014.- 13 may.- S.7.