Aleksandr JİLKİN: Açıq və səmimi münasibətlər iqtisadi əlaqələri də fəallaşdırır

 

 

Azərbaycan ilə Həştərxan arasında yaranmış açıq və səmimi dostluq münasibətləri iqtisadi əlaqələrin və layihələrin fəallaşmasına xidmət edəcəkdir.

AzərTAc xəbər verir ki, Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bu fikri Azərbaycan ilə Həştərxan arasında əlaqələrin müasir səviyyəsi barədə jurnalistlərə mayın 12-də verdiyi müsahibəsində söyləmişdir.

A.Jilkin demişdir: "Bu gün mən iqtisadi münasibətlərin inkişafında yalnız müsbət dinamika görürəm. Bu gün biz iki liman arasında bərə daşımalarını fəallaşdırmağın zəruri olması məsələsini müzakirə etdik. Biz Azərbaycanda buraxılan məhsulların, o cümlədən inşaat materiallarının alınmasına maraq göstəririk. Mən əmtəə dövriyyəsini azalda biləcək heç bir problem, heç bir mənfi amil görmürəm - əmtəə dövriyyəsi yalnız artacaqdır".

Aleksandr Jilkin Həştərxanda həyata keçirilmiş layihələrə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna səmimi təşəkkürünü bildirmişdir. Qubernator demişdir: "Bu humanitar tədbirlərin, bu layihələrin gerçəkləşməsi elə-belə başa gəlmir. Bu, real münasibətlərdir, kağız üzərində yox, praktiki dostluq əlaqələridir".

 

Azərbaycan.- 2014.- 13 may.- S.8.