Əli HƏSƏNOV: Azərbaycanın və Həştərxan vilayətinin çoxşaxəli əməkdaşlığı Rusiyanın başqa regionları üçün örnək ola bilər

 

 

Mayın 12-də  Həştərxanda  Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər  şöbəsinin müdiri Əli Həsənovun və Rusiya Federasiyasının  Həştərxan vilayətinin  qubernatoru  Aleksandr Jilkinin görüşü olmuşdur.

Qubernator A.Jilkin  Heydər Əliyev Fondunun Həştərxanda gördüyü işlərə görə minnətdarlığını bildirərək demişdir: "Biz  Heydər Əliyev Fondunun  10 illiyini  məmnuniyyətlə qeyd edirik. Bütün həştərxanlılar adından Azərbaycana və  Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm".

Heydər Əliyev Fondunun xətti ilə Həştərxanda böyük işlər görüldüyünü  vurğulayan  qubernator Heydər Əliyev adına Parkın, uşaq şəhərciyinin, Rusiya-Azərbaycan dostluq körpüsünün salınmasını,  Knyaz Vladimirin abidəsinin ucaldılmasını, regionda ən yaxşı  orta təhsil müəssisəsi olan Heydər Əliyev adına məktəbin  yenidən qurulmasını qeyd etmişdir.  O demişdir: "Bütün bunlar Azərbaycanın bugünkü inkişaf dinamikasının  təməlini qoymuş böyük şəxsiyyət Heydər Əliyevin xatirəsinə ehtiramın əlamətidir".

Azərbaycan ilə Həştərxan  vilayəti arasında  humanitar əlaqələrdən söz açan A.Jilkin  bu il Həştərxanda Azərbaycan Mədəniyyəti günləri keçirməyi  təklif etmişdir. O bildirmişdir ki,  bu il Bakı Slavyan  Universitetinin  köməyi ilə  Həştərxan  Dövlət Universitetində  Azərbaycan Dilinin Öyrənilməsi Mərkəzi açılacaqdır. Bundan əlavə,  Həştərxanda regional  telekanal fəaliyyətə başlamışdır.  Bu telekanal  "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq edə bilər.

A.Jilkin vurğulamışdır ki, iqtisadi  əlaqələr  dinamik inkişaf edir, birgə layihələr həyata keçirmək  planlaşdırılır.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər  şöbəsinin müdiri  Əli Həsənov  Prezident İlham Əliyevin salamlarını  qubernatora çatdıraraq vurğulamışdır ki, Azərbaycan  təkcə Rusiya  Federasiyası ilə deyil,  həm də onun  subyektlərinin əksəriyyəti ilə  birbaşa əlaqələr saxlayır.  Əli Həsənov demişdir: "Biz Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin iradəsindən çıxış edərək regionlar səviyyəsində ikitərəfli münasibətləri möhkəmləndiririk.  Həştərxan bu sırada  xüsusi yer tutur.  Zənnimcə,  bizim ticarət-iqtisadi və  humanitar sahələrdə çoxşaxəli əməkdaşlığımız  Rusiyanın digər regionları üçün örnək ola bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  ötən ilin noyabr ayında öz sərəncamı ilə Sizi "Dostluq" ordeni ilə  təltif etməsi qanunauyğun haldır".

Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün geniş şəkildə qeyd edildiyini bildirən Əli Həsənov demişdir: "Bu il Heydər Əliyev Fondunun  yaranmasının 10-cu ildönümü də qeyd olunur. Fond təkcə  Azərbaycanda deyil,  həm də onun hüdudlarından  uzaqlarda, o cümlədən Həştərxanda  irimiqyaslı layihələr həyata keçirir. Sevindirici haldır ki, təsdiq edilmiş plana uyğun olaraq bu əlamətdar  gün  münasibətilə Həştərxanda təntənəli tədbirlər keçirilir".

Görüşdə parlamentin üzvləri,  icra hakimiyyəti orqanlarının rəhbər işçiləri və əməkdaşları, habelə yaradıcı kollektivin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

AzərTAc

Azərbaycan.- 2014.- 13 may.- S.8.