Tbilisi Sammiti üçtərəfli əməkdaşlığın inkişafına böyük perspektivlər açdı

 

 

Prezident İlham ƏLİYEV: "Həm Gürcüstan, həm Türkiyə ilə Azərbaycanın çox yaxın dostluq, qardaşlıq üzərində qurulmuş münasibətləri vardır"

 

Azərbaycanın xarici siyasət kursunda əməkdaşlıq əlaqələrinin inkişafına mühüm önəm verdiyi ölkələrdən biriGürcüstan Respublikasıdır. Diplomatik münasibətlərin uğurla qurulmasında xalqların mədəni-tarixi bağlılığı da mühüm rol oynadığından rəsmi Bakı Gürcüstanla əlaqələrin inkişafında bu amili daim diqqətdə saxlamışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. Ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Gürcüstanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. Əldə edilən nəticələr deməyə əsas verir ki, Gürcüstan əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir. Rəsmi Tbilisi Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TAP, TANAP layihələri də əməkdaşlığın uğurla qurulmasından xəbər verir.

Azərbaycan və Gürcüstan arasında iqtisadi ticarət əlaqələri də uğurla inkişaf edir. 28 mart 2013-cü il tarixində Batumidə Gürcüstan, Azərbaycan, Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilmiş, birgə bəyannamə imzalanmış, 2013-2015-ci illər üçün əməkdaşlıq planı qəbul edilmişdir. Əməkdaşlıq planına uyğun olaraq üç ölkə tərəfindən hazırlanmış konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar əsasən iqtisadiyyat, energetika, ətraf mühitin qorunması, mədəniyyət, təhsil, idmansair sahələri əhatə edir. 25 may 2013-cü il tarixində Qəbələdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin (indi İqtisadiyyat və Sənaye Nazirliyi), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Gürcüstanın "Invest in Georgia" Milli İnvestisiya Agentliyinin və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) iştirakı ilə III Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilmişdir. Bu forumda ölkələrimiz arasında əməkdaşlığın yeni perspektivləri üzə çıxarılmışdır.

Azərbaycan-Gürcüstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, ikitərəfli münasibətlərdə qarşılıqlı inametimad  getdikcə güclənir. Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərmişdir. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır. Qarşılıqlı səfərlər zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə vermişdir.

Prezident İlham Əliyevin Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli sammitində iştirak etmək üçün Gürcüstana işgüzar səfəri də əlamətdar hadisələrlə yadda qaldı. Sammitdə dövlət başçıları son illərdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, həmçinin turizm sahələrində əməkdaşlığın yekunlarını nəzərdən keçirdilər. Tədbirdə Bakı-Tibilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əhəmiyyəti qeyd edildi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olundu. Azərbaycan, Gürcüstan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edildi. Prezidentlər bu formatda qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi əzmində olduqlarını bildirərək belə görüşlərin müntəzəm keçirilməsinin vacibliyini vurğuladılar.

Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Abdullah GülünGürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin üçtərəfli görüşükeçirildi. Görüşdə ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi, Tbilisi Sammitinin münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyi diqqətə çatdırıldı. Azərbaycan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən qlobal layihələrin əlaqələrin inkişafı baxımından əhəmiyyəti vurğulandı. Tbilisidə üçtərəfli görüş başa çatdıqdan sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər.

Prezident İlham Əliyev Tbilisi Sammitinin ölkələrimiz arasında əməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi: "Əminəm ki, bugünkü Zirvə görüşü üçtərəfli əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm olacaqdır. Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarix bağlayır, tarixi əlaqələr, mədəniyyət, xalqlarımız arasındakı dostluq, qardaşlıq bağlayır. Bizim ikitərəfli münasibətlərimiz də bu möhkəm zəmin üzərində qurulmuşdur. Artıq sınaqdan da keçmişdir. Həm Gürcüstan, həm Türkiyə ilə Azərbaycanın çox yaxın dostluq, qardaşlıq üzərində qurulmuş münasibətləri vardır. Mən çox şadam ki, artıq üçtərəfli format da öz əhəmiyyətini göstərir. Əvvəlki dövrlərdə də üçtərəfli görüşlər keçirilmişdir. Çünki təbii ki, beynəlxalq layihələrin icrası ilə əlaqədar Zirvə görüşləri olmuşdur. Bugünkü Zirvə görüşü həm əvvəlki illərdə görülən işlərə bir təhlil aparmaq üçün də əhəmiyyətli idi, eyni zamanda və ən önəmlisi hesab edirəm ki, gələcək əməkdaşlıq haqqında bu gün çox geniş və səmimi fikir mübadiləsi aparılmışdır".

Sammitdə dövlət başçıları beynəlxalq məsələlər, həm regional təhlükəsizlik və enerji təhlükəsizliyi məsələləri, eyni zamanda nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq ilə əlaqədar fikir mübadiləsi apardılar. Növbəti dövr üçün birgə fəaliyyət planı da nəzərdən keçirildi. Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı nəinki ölkələrimiz, eyni zamanda bölgə və dünya üçün böyük əhəmiyyət kəsb edir. Artıq birgə həyata keçirilən layihələr regional çərçivələrdən çıxıb qlobal məna daşımaqdadır.

Tbilisi Sammitinin yekunları üç ölkə arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Zirvə göruşunun yüksək səviyyədə keçirilməsi və əldə olunan razılaşmalar ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə müsbət təsir göstərəcəkdir. Münasibətlərin hazırkı səviyyəsi deməyə əsas verir ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq daha böyük nəticələrin əldə olunmasına imkan yaradacaq.

 

Elnur HACALIYEV,

"Azərbaycan"

Azərbaycan.- 2014.- 13 may.- S.9.