İnsanların xeyirxahı, insan hüquqlarının təminatçısı

 

 

Heydər Əliyev Fondu ümummilli liderin ideyalarını inkişaf etdirməyi qarşısına məqsəd qoyan, Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi və inkişafına xidmət edən nüfuzlu bir qurum kimi 10 il ərzində nəinki ölkəmizdə, eləcə də dünyanın müxtəlif yerlərində hörmət qazanmışdır. Bütövlükdə Heydər Əliyev Fondu həyata keçirdiyi qlobal layihələrlə insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəçisi statusunda çıxış edir, Azərbaycanın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə töhfələr verir, vətəndaşların problemlərinin həllinə səy göstərir və imkanlarını bu istiqamətdə səfərbər edir.

Heydər Əliyev Fondu öz fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verməkdədir. Azərbaycan Respublikasının müxtəlif universal və regional beynəlxalq təşkilatlara üzvlüyü, habelə ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin genişləndirilməsi kontekstində çoxsaylı müqavilələr yolu ilə beynəlxalq və dövlətdaxili qurumlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətinin inkişafını daim diqqətdə saxlayır.

Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri çoxşaxəlidir. Belə ki, fond beynəlxalq təşkilatlarla iş və əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək olur, mühüm beynəlxalq tədbirlər və konfranslar keçirir, diasporla əlaqələrinin möhkəmlənməsinə çalışır. Fond Ermənistanın Azərbaycana təcavüzünü və azərbaycanlıların soyqırımını dünya ictimaiyyətinə çatdırır. Azərbaycançılığın təbliği, mədəni sərvətlərin qorunması, əlillərin və qadın hüquqlarının müdafiəsi, sosial təminat və sağlamlığın qorunması hüququnun reallaşdırılması fondun fəaliyyət istiqamətlərindəndir. Uşaq hüquqlarının müdafiəsi, idmanın inkişafına dəstək və turizm əlaqələrinin genişlənməsi, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, ekologiya məsələlərinin tənzimlənməsi və təbii sərvətlərin qorunması, elm və təhsil sahəsində fəaliyyət, amnistiya və azadlıqdan məhrumetmə yerlərində insan hüquqlarının təminatı... Bunlar heç də fondun gördüyü işlərin hamısı deyil. Biz bu qeydlərimizdə mötəbər qurumun beynəlxalq təşkilatlarla əlaqələrinin və insan hüquqlarının təminatı sahəsindəki fəaliyyətinin bəzi məqamlarına toxunacağıq.

 UNESCO ilə əlaqələrin qurulmasında və daha da inkişafında Heydər Əliyev Fondunun apardığı işlər əvəzedilməzdir. Belə ki, UNESCO ilə respublikamız arasındakı əlaqələr Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsindən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Mehriban xanım Əliyeva bu ada 2004-cü ilin sentyabrında ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın   inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə layiq görülmüşdür. Azərbaycanın birinci xanımı sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də həm də İSESCO-nun xoşməramlı səfiri seçilmişdir. 2010-cu il iyulun 30-da Mehriban xanım Əliyevaya UNESCO-nun Baş direktoru İrina Bokova tərəfindən "Motsart medalı" təqdim olunmuşdur. 2009-cu ildə Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Böyük Komandor Xaçı" ordeni, 2010-cu ildə isə Azərbaycanla Fransa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Fransanın  "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə ("Fəxri legionun böyük xaç komandoru") təltif edilmişdir.

UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikası və UNESCO arasında  elm, təhsil və mədəniyyət sahəsində bir sıra mühüm layihələr həyata keçirilmiş və əməkdaşlıq münasibətləri daha da inkişaf etdirilmişdir. Bütövlükdə 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə Mehriban Əliyeva ölkəsinin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərmişdir. Azərbaycan UNESCO-ya üzv olduqdan bu günə qədər təşkilat hər zaman ölkəmizin elm və təhsil sahəsindəki görkəmli nümayəndələrinə, dahi şəxsiyyətlərinə xüsusi diqqət yetirmiş və əlamətdar yubileylər proqramı çərçivəsində ən mötəbər hadisələrin qeyd olunması üzrə bir sıra qərarlar qəbul etmişdir. Bu hadisələr sırasına Məhəmməd Füzulinin anadan olmasının 500 illik, 2000-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik, 2001-ci ildə Nəsirəddin Tusinin anadan olmasının 800 illik, 2002-ci ildə azərbaycanlı alim, şərqşünas Mirzə Kazımbəyin 200 illik, 2005-ci ildə Azərbaycanın görkəmli alimi akademik Yusif Məmmədəliyevin 100 illik, 2006-cı ildə Azərbaycanın məşhur rəssam-xalçaçı ustası Lətif Kərimovun 100 illik, 2008-ci ildə "Leyli və Məcnun" operasının ilk tamaşasının 100 illik, 2008-ci ildə Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin 100 illik, 2009-cu ildə Azərbaycan alimi, akademik Musa Əliyevin 100 illik, 2009-cu ildə Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyləri və s. aid edilə bilər.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi abidəmiz İçərişəhər memarlıq kompleksidir. Kompleks 2000-ci ilin dekabr ayında həmin siyahıya daxil edilmişdir. Növbəti abidəmiz Qobustan Dövlət Tarixi Bədii Qoruğudur. Qoruq UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 30-cu sessiyasında qəbul edilmiş qərara əsasən Ümumdünya İrs Siyahısına salınmışdır. 2003-cü il noyabr ayının 7-də Azərbaycan muğamı UNESCO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2009-cu il sentyabrın 28-dən oktyabrın 2-dək keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Novruz bayramı UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Bütövlükdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra sazişlərin imzalanması ilə bu sahədə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilmiş, dövlətimizin beynəlxalq öhdəliklərinin icrası istiqamətində mühüm işlər görülmüşdür.

2013-cü il iyul ayının 18-də Heydər Əliyev Fondunun təşəbbüsü və onun gördüyü işlərin davamı olaraq UNESCO və Azərbaycan hökuməti arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində əməkdaşlığa dair Çərçivə Sazişinin imzalanması yeni bir mərhələnin başlanğıcını qoymuşdur.

Heydər Əliyev Fondunun fəaliyyətinin digər istiqaməti diaspor və azərbaycançılığın təbliği siyasətidir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşdirilməsi yönümündə indiyədək əldə olunmuş bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Bu iş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev Fondu da diaspor işinə xüsusi diqqət yetirmiş, diaspor təşkilatlarımız, ümumən xaricdə yaşayan soydaşlarımız həmişə onun qayğısını hiss etmişlər.

Fond həmvətənlərimizlə əlaqələrin möhkəmləndirilməsinin dövlətin prioritet vəzifələrindən biri olduğunu vurğulamış və bu sahədə bütün zəruri tədbirləri görməyə hazır olduğunu bildirmişdir. Mehriban xanım Əliyeva xarici ölkələrə səfərləri zamanı keçirdiyi tədbirlərdə orada məskunlaşmış soydaşlarımızla görüşmüş, diaspor nümayəndələri, öz növbəsində, Azərbaycan Prezidentinin daxili və xarici siyasətini birmənalı olaraq dəstəklədiklərini xüsusi vurğulamışlar. Mehriban xanım Əliyevanın Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur. Fondun prezidentinin təşəbbüsü ilə respublikamızda səfərdə olmuş müxtəlif ölkələrin diaspor təşkilatları və ayrı-ayrı dövlətlərin rəsmi nümayəndə heyətləri ilə görüşlərdə də bu mühüm məsələ diqqətdən kənarda qalmamışdır.

Beləliklə, ayrı-ayrılıqda fəaliyyət göstərən çoxsaylı cəmiyyət və birliklər bir araya gələrək Azərbaycan federal birlikləri yaratmağa başlamışlar. Bunların sırasında Ümumrusiya Azərbaycan Konqresini, Ukrayna Azərbaycanlıları Konqresini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətini, Almaniya Azərbaycan Cəmiyyətləri Federasiyasını, İsveç-Azərbaycan Federasiyasını, Qazaxıstan, Qırğızıstan və Özbəkistan azərbaycanlılarının "Turan" Konqresini və Qırğızıstanda "Azəri" İctimai Birliyini nümunə göstərmək olar. Bu cəmiyyət və birliklər fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görə bilmişlər. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan diasporunun daha mütəşəkkill qüvvəyə çevrilməsinə nail olmaq məqsədilə yeni cəmiyyətlərin yaradılmasına ardıcıl olaraq diqqət yetirməkdədir.

Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar fond xüsusi layihələr həyata keçirmişdir. XX əsrin ən böyük faciəsi haqqında beynəlxalq ictimaiyyətdə dolğun təsəvvürlər formalaşdırmaq məqsədilə Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Qarabağın tarixini özündə əks etdirən bir sıra kitab və nəfis albomlar buraxılmışdır. Məsələn, "Qarabağ xanəndələri" adlı nəfis albom, "Qarabağ həqiqətləri" kitabı bütün dünyaya yayılmışdır.

Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu acı nəticələr, xüsusilə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri müxtəlif kampaniyaların və hərəkatların təşkil edilməsi və keçirilməsidir.

Belə kampaniyalardan biri fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan olunmuş "Qarabağa azadlıq - Xocalıya ədalət" beynəlxalq kampaniyasıdır. Bu kampaniya Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi beynəlxalq aləmdə tanınmasında böyük rol oynamışdır. Belə ki, beynəlxalq səviyyədə ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçıları "Xocalıya ədalət" ("Justice for Khodjaly") kampaniyasına tam dəstək vermişdi. İƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada keçirilən konfransının 35-ci sessiyasında "Xocalıya ədalət" təşəbbüsü xüsusi qətnamə qəbul olunmaqla təsdiq edildi. 2009-cu ilin mayında isə İƏT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçirilən 36-cı konfransında qəbul edilən yekun qətnamədə "Xocalıya ədalət" tam dəstəklənərək üzv ölkələr bu kampaniyada fəal iştiraka çağırıldı. 2012-ci il yanvarın 30-da İƏT-in üzv dövlətlərinin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyasında "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü" adlı ənənəvi  qətnaməsinə  Xocalı faciəsinə həsr olunmuş bir bənd əlavə edildi. Həmin bənddə qeyd edilir ki, konfrans üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir.

İƏT Xarici İşlər Nazirləri Şurasının 2012-ci ilin noyabrında Cibutidə keçirilən 39-cu sessiyasında, İƏT Parlamentlər İttifaqı Konfransının 2013-cü ilin yanvarında Sudanın paytaxtı Xartum şəhərində keçirilən 8-ci sessiyasında, həmçinin İƏT-in ali orqanı olan və İƏT dövlət başçılarının iştirak etdiyi İslam Zirvə Konfransının 6-7 fevral 2013-cü il tarixlərində Misirin paytaxtı Qahirədə keçirilən 12-ci sessiyasında Xocalı faciəsi "insanlığa qarşı cinayət və soyqırımı aktı" kimi tanınmışdır. "Xocalıya ədalət" beynəlxalq kampaniyası Qahirə Zirvə Görüşünün Yekun Kommunikesində bütün üzv ölkələrin konsensus əsasında "Humanitar məsələlər" başlığı altında qəbul edilən bəndində də öz əksini tapıb. Həmin bənddə "1992-ci ilin fevralında Ermənistan Republikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam soyqırımı və insanlığa qarşı cinayət" adlandırılır.

Tam əminliklə deyə bilərik ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması  və soyqırımı kimi qəbul edilməsi istiqamətində həyata keçirilən "Xocalıya ədalət" kampaniyası öz bəhrəsini verməkdədir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edən İƏT-dən sonra Xocalı soyqırımını tanıyan dövlətlərin sayı ildən-ilə artır. İlk olaraq Meksika və Pakistan dövlətlərinin parlamentlərində Xocalı qətliamının soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilmişdir. 2011-ci il dekabrın 20-də Meksika Konqresi Deputatlar Palatası, 2012-ci il fevralın 1-də Pakistan Senatı, 2012-ci il aprelin 23-də Kolumbiya Senatı Xocalı soyqırımını tanıdığını bəyan edib. Bu dəhşətli soyqırımı cinayəti Avropa ölkələrinin parlamentlərində də artıq müzakirə edilir. Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət oldu. 2013-cü il fevralın 7-də Deputatlar Palatasının Beynəlxalq əlaqələr komitəsi Xocalı şəhərində dinc insanların vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə Ermənistanı pisləyən qətnamə qəbul etdi. 2013-cü il fevralın 26-da Bosniya və Herseqovinanın Parlament Məclisi Xocalı qətliamını soyqırımı aktı kimi tanıyıb. 2013-cü il fevralın 12-də isə Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası "Dağlıq Qarabağ münaqişəsi" adlı siyasi bəyanat yayıb. Bəyanatda Xocalı şəhərində azərbaycanlılara qarşı qırğın törədildiyi qeyd olunur, beynəlxalq ictimaiyyətə bu aktı insanlıq əleyhinə cinayət kimi tanımaq çağırışı ünvanlanır.

Heydər Əliyev Fondunun dəstəyi ilə Amerika qitəsində aparılan uğurlu təbliğat kampaniyasının nəticələri təkcə Meksika Konqresinin Deputatlar Palatasının və Kolumbiya Senatının qəbul etdiyi qətnamələrlə məhdudlaşmadı. Artıq Xocalı soyqırımının ABŞ-da tanınması istiqamətində də xeyli nəticələr əldə olunub. Belə ki, Massaçusets ştatının Nümayəndələr Palatasının Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında 2010-cu il fevralın 25-də qəbul etdiyi qətnamənin ardınca 2011-ci il iyunun 11-də Texas ştatı da Ermənistanın Xocalıda çox ağır cinayət törətməsi faktını tanımışdı. Xocalı soyqırımı barədə qətnamə qəbul edən ştatların sayı sonrakı illərdə də artdı. 2012-ci il fevralın 23-də Nyu Cersi ştatı, daha sonra Corciya ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul etdi. 2012-ci il martın 23-də Men ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə çıxardı. 2013-cü il yanvarın 28-də Nyu Meksiko ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıdı. Bunun ardınca Arkanzas ştatının Nümayəndələr Palatası fevralın 8-də, Senatı isə fevralın 11-də Xocalı soyqırımına dair qətnamələr qəbul etdilər. Ən nəhayət, bu il martın 4-də ABŞ-ın Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanınması barədə qətnamə qəbul olundu.

Mühüm istiqamətlərdən biri də mədəni irsin mühafizəsidir. Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti də çoxşaxəlidir. Belə ki, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə dəstək olmaq, kömək etmək fondun qarşısına qoyduğu əsas məqsədlərdən biridir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda UNESCO-nun mədəniyyətlərarası dialoqa həsr edilmiş beynəlxalq forum və konfransları keçirilmişdir. 2008-ci il iyunun 10-11-də Mehriban Əliyevanın təşəbbüsü, UNESCO-nun və İSESCO-nun dəstəyi ilə "Gülüstan" sarayında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum dünyada böyük maraqla izlənmişdir. Möhtəşəm tədbirdə müxtəlif ölkələrdən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESCO-nun baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Forumun yekununda Bakı Bəyannaməsi və birinci xanımların bəyanatı qəbul olunmuşdur. Bundan başqa, "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forumun (29-30 iyun 2010), "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" mövzusunda mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forumun (8-9 aprel 2011) Bakıda keçirilməsi də məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşmışdır.

Heydər Əliyev Fondu beynəlxalq qeyri-hökumət təşkilatları ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıq həm birbaşa, həm də beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir.

Fond müvafiq sferada qanunvericilik aktları layihəsinin hazırlanması prosesində də fəallıq göstərir. Belə ki, mədəni irsin qorunmasını təmin edən qanunvericilik bazasının yaradılması istiqamətində beynəlxalq təcrübəyə uyğun olaraq mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır. Buraya xüsusi olaraq beynəlxalq aktların tətbiqi üzrə təşviqat xarakterli tədbirləri aid etmək olar. Məsələn, bura 20 may 2010-cu ildə UNESCO-nun "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" Konvensiyanın təqdimat mərasiminin, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının müddəalarının Azərbaycanda geniş miqyasda təbliğ olunması məqsədilə "Mədəni irsin qorunmasına dair UNESCO-nun mövcud beynəlxalq, hüquqi, normativ aktları"na həsr olunmuş seminar-konfransın, "Azərbaycan Respublikasında 1954-cü il Haaqa Konvensiyasının həyata keçirilməsi və gələcək perspektivlər" mövzusunda "dəyirmi masa"nın, "Oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni sərvətlər haqqında" Konvensiyaya həsr edilmiş beynəlxalq konfransın keçirilməsini nümunə göstərmək olar.

Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə əldə etdiyi uğurlardan biri də UNESCO-nun Nayrobidə keçirilən V sessiyasında Cənubi Azərbaycan xalçaçılıq məktəblərinin də Azərbaycan xalça sənəti məktəblərinin siyahısına daxil edilməsi haqqında danışıqların aparılmasıdır. Yeri gəlmişkən, qanunvericilik qaydasında bu məsələ öz həllini tapmışdır. Belə ki, "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanuna müvafiq olaraq Azərbaycan xalça sənəti məktəblərinin siyahısına Quba, Şirvan, Dərbənd, Bakı, Gəncə, Qazax, Borçalı, Göyçə, Qarabağ və Naxçıvanla yanaşı, Təbriz, Ərdəbil, Zəncan, Xalxal, Urmiya, Qaradağ, Mərənd, Marağa da daxil edilir. Bu zaman Azərbaycan Respublikası ərazisindən qeyri-qanuni yolla çıxarılmış milli mədəni irs nümunələrinin geri qaytarılması üzrə fəaliyyət də xüsusi yer tutur. Belə ki,  İNTERPOL-la əməkdaşlıq çərçivəsində Azərbaycanın İncəsənət Muzeyindən oğurlanmış 272 əsərdən 204-ü ABŞ-da aşkar edilir və iddia əsasında Nyu Yorkun cənub dairəsi məhkəməsinin qərarı ilə tapılan əsərlər qaytarılır.

Qeyd olunanlarla yanaşı, BMT-nin təşəbbüsü ilə 2007-ci ildə Heydər Əliyev Fondu dünya diabet günü kampaniyasına qoşulmuşdur. BMT-nin qətnaməsinə uyğun olaraq təşkilata üzv ölkələr dünyada noyabrın 14-nü dünya diabet günü kimi qeyd edirlər. Əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki və bioloji baxımdan sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi sahəsində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən digər genişmiqyaslı "Talassemiyasız həyat naminə" layihəsini xüsusilə qeyd etmək lazımdır. Bununla əlaqədar 2005-ci il fevral ayının 8-də Heydər Əliyev Fondunun təşəbbüsü əsasında Beynəlxalq Talassemiya Federasiyasının birgə əməkdaşlıq imkanlarını müzakirə etmək, eləcə də talassemiyanın müalicəsi və profilaktikası üçün milli proqramın hazırlanması məqsədilə "Talassemiyasız həyat naminə" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Qeyd olunan layihə çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 9 may 2009-cu il tarixdə Bakı şəhərində Talassemiya Mərkəzinin açılışı olmuş və xəstəlikdən əziyyət çəkən insanların istifadəsinə verilmişdir. 2010-cu il avqust ayının 13-də Heydər Əliyev Fondu və UNİCEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya və talassemiya üzrə "dəyirmi masa"da da bu istiqamətdə mühüm məsələlər müzakirə edilmişdir.

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə təsbit olunmuş normalar çərçivəsində həyata keçirilən əməkdaşlıq kontekstində səhiyyə sahəsində müxtəlif istiqamətlər üzrə qeyri-hökumət təşkilatları və ictimai birliklərin qarşılıqlı fəaliyyətinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Məsələn, 2005-ci il dekabr ayının 9-da "Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında Əməkdaşlıq Sazişi" və bununla bağlı layihə sənədləri imzalanmışdır. Bu sənədlər BMT-nin Minilliyin Bəyannaməsinə əsasən yeni texnologiyaların, xüsusilə informasiya-texnologiyasının hamı üçün təmin olunmasına dair dövlət və hökumət başçıları tərəfindən götürülmüş öhdəliyə və "Azərbaycan Respublikasının İnformasiya-Kommunikasiya Texnologiyası üzrə Milli Strategiyası"na uyğun olaraq hazırlanmışdır. Bundan əlavə, 31 may 2007-ci il tarixdə Heydər Əliyev Fondu və "Or-Avner" Beynəlxalq Fondu arasında əməkdaşlıq sazişi imzalanmışdır. Sazişə uyğun olaraq 3 il müddətində təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlıq nəzərdə tutulmuşdur.

2008-ci il yanvarın 25-də isə Heydər Əliyev Fondu ilə ABŞ-ın "Uşaqların Xilası" ("Save the Children") təşkilatı arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanmışdır.

Fəaliyyət istiqamətləri, o cümlədən əhalinin sağlamlığının qorunması və Azərbaycan səhiyyəsinin inkişafı sahəsində beynəlxalq əməkdaşlığa və inteqrasiya münasibətlərinə xüsusi önəm verən Heydər Əliyev Fondu həm də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri ilə qarşılıqlı fəaliyyətinin genişləndirilməsi işinə də diqqət ayırır. Hətta bunun bariz nümunəsi kimi 2010-cu il iyul ayının 12-də "Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair" Anlaşma Memorandumunun imzalanmasını göstərmək olar.

Heydər Əliyev Fondunun fəaliyyət coğrafiyası ölkə sərhədlərini artıq aşmışdır və bu proses davam edir. Dünyanın bir çox ölkəsində müxtəlif layihələrin reallaşması fondun beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Fond dövlətin sosial layihələrinin həyata keçirilməsində  mühüm işlər görməklə Azərbaycan dövlətinin sosial funksiyasının reallaşdırılmasına əməli kömək göstərir.  Məhz qurumun fəaliyyəti sayəsində Azərbaycan cəmiyyətində yeni yanaşma olan  "sosial model" formalaşmışdır ki,  bu model əlilliyi olan şəxsi cəmiyyətin bərabərhüquqlu üzvü kimi qəbul edir. Heydər Əliyev Fondu əlilliyi olan şəxslərin  BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyada təsbit edilmiş hüquqlarının tam şəkildə reallaşdırılması və Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından  təminatın yaradılması və onların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş yeni üsul və vasitələr axtarışındadır.

Heydər Əliyev Fondu qadın hüquqlarının müdafiəsi ilə bağlı dövlət qurumları, beynəlxalq təşkilatlar, o cümlədən yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıga mühüm yer verir,  qadın və uşaqların problemləri və onların həllinə dair tədbirlər həyata keçirir. Heydər Əliyev Fondu ölkədə qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən  bir çox proqramlarda  təmsil olunur. Bakıda BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birlikdə həyata keçirdikləri "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" layihəsi çox mühüm və ciddi işlərdən biridir. Həmçinin 2008-2011-ci illərdə həyata keçirilən Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi və qadınların cəmiyyətdə qərar qəbuletmə prosesində iştirakının təmin edilməsinə yönəlmiş mühüm təşəbbüslərdən biridir.

2010-cu il mayın  24-də Bakıda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı işə başlamışdı. Konfransda Mehriban xanım Əliyeva çıxış edərək qadınların cəmiyyətə  bərabərhüquqlu  üzvlər kimi inteqrasiyası sahəsində,  Azərbaycanda qadınların siyasi və ictimai fəaliyyət sahələrində əldə etdiyi nailiyyətlərdən bəhs etdi. Həmçinin  Azərbaycanın qonşu Ermənistanın təcavüzü nəticəsində ərazisinin 20 faizinin işğalı nəticəsində bir milyon vətəndaşın, o cümlədən qadınların insan hüquqlarının kobud şəkildə pozulmasından danışdı,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın təxminən yarısının qadınlar oldugunu təəssüflə xatırlatdı. 2012-ci il iyunun 29-da Bakıda  Krans Montana Forumu çərçivəsində "Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur" mövzusunda plenar iclas keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva plenar iclasda  qadınların hüquqlarının təşviqi və gender bərabərliyi məsələlərinin çox önəmli və  aktual olduğunu qeyd etmişdir.

Ulu öndərin siyasətinin insanpərvərlik ənənələrini daim təşviq edən Heydər Əliyev Fondu amnistiya aktlarının ardıcıl təşəbbüskarı olub. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah edilməsini stimullaşdırmış və əhali arasında böyük minnətdarlıq hissi ilə qarşılanmışdır. Dünya təcrübəsində analoqu olmayan bir haldır ki, dövlətimizdə qısa müddətdə 10 amnistiya və 55 əfv fərmanı ilə on minlərlə şəxs cəzadan azad edilmişdir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə  7 may 2013-cü il tarixdə qəbul edilmiş amnistiya aktı 9 mindən çox şəxsə şamil olunmuşdur.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətində təqdirəlayiq hesab edilən məqamlardan biri bu fəaliyyətə gənclərin cəlb olunmasının təşkil edilməsidir. Tanıtım fəaliyyətində gənclərin qüvvəsinin səfərbər edilməsində fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Belə ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclər hərəkatına rəhbərlik edən Leyla xanım 2004-cü ildə Bakıda yaradılmış İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumu İdarə Heyətinin 2008-ci ilin aprel ayında Küveytdə keçirilən 6-cı sessiyasında forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçilmişdir. 2007-ci ilin payızında Bakı şəhərində Heydər Əliyev Fondu İKGF-nin, İSESCO, AŞ və Avropa Gənclər Forumu ilə birgə keçirilən beynəlxalq konfransda təşkil edilən "Gənclər Sivilizasiyaların İttifaqı Uğrunda" hərəkatı faktiki olaraq gənclərin bu prosesin institutlaşması istiqamətində mühüm addımı olmaqla həmin dövrdən etibarən BMT "Sivilizasiyaların İttifaqı Uğrunda" hərəkatının illik forumlarında iştirak edir.

Heydər Əliyev Fondunun dünya dövlətləri, onların aidiyyəti qurumları və məşhur  qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının həyata keçirilməsində sözügedən qurumun nümayəndəliklərinin rolu danılmazdır. Çünki nümayəndəliklər vasitəsilə fond təkcə xarici dövlətlərdə təmsilçiliyini reallaşdırmır, həm də o ölkələrdə əhalinin sağlamlığının qorunmasına yönəlmiş tədbirlər görməklə müxtəlif layihələr icra edir.

Bütövlükdə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətləri Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi ilə yanaşı, bu sahədə dövlətimizin öhdəliklərinin də icrasına xeyli mühüm istiqamətlərdə müsbət təsirlər etmişdir. Beləliklə, Heydər Əliyev Fondu ümummilli liderin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması yolunda üzərinə götürdüyü şərəfli missiyanın uğurla həyata keçirilməsi üçün səylə çalışmaqdadır.

Heydər Əliyev Fondunun 10 illiyinin ulu öndərin anadan olmasının 91-ci ildönümü tədbirləri ilə birgə keçirilməsi qanunauyğun bir hal idi. Yubiley ərəfəsində Prezident İlham Əliyev fondun əməkdaşlarını "Tərəqqi" medalı ilə təltif etdi. Dövlət başçısının sərəncamı ilə fondun altı nəfər əməkdaşı bu mükafata layiq görüldü. Prezident ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə onların fəaliyyətini, əməyini yüksək dəyərləndirərək dedi: "...Mən bu gün fondun fəaliyyətinə öz münasibətimi bildirmək istəyirəm. Deyə bilərəm ki,  bu 10 il ərzində bu məsələ ilə bağlı mənim ilk çıxışımdır. Ona görə də Azərbaycan dövləti adından fonda, fondun bütün işçilərinə minnətdarlığımı bildirmək istəyirəm. Onu da qeyd etmək istəyirəm ki, fondun işçilərinin sayı o qədər də çox deyildir... Ancaq buna baxmayaraq, peşəkardırlar, enerjilidirlər, biliklidirlər və işçilərin mütləq əksəriyyəti gənclərdir".

Fondun bütün uğurlarına imza atan, bu uğurlarla nəticələnən çoxsaylı və çoxşaxəli fəaliyyətə rəhbərlik edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.

Ölkə Prezidentinin sözügedən tədbirdə fond və onun rəhbəri haqqında söylədiyi fikirlər bu qurumun hamımızın gözü qarşısında reallaşan 10 illik geniş fəaliyyətinin yekunu kimi səslənir: "Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Bir çox hallarda fondun təşəbbüsləri bir qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda, dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət proqramına çevrilmişdir".

Bəli, bu gün Heydər Əliyev Fondu ulu öndərin adını şərəflə daşıyır, ulu öndərin xatirəsinə layiq fəaliyyət göstərir.

 

Əmir ƏLİYEV,

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru,

professor

Azərbaycan.- 2014.- 13 may.- S.10.