Azərbaycan xalçası: qayğı
ilə yaşayan sərvət
Azərbaycan Xalça Muzeyində ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr olumuş sərgi keçirilmişdir. Ölkə mədəniyyətinin, o cümlədən xalça sənətinin inkişafı və yeni müstəviyə çıxması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dərin fəlsəfi düşüncəyə malik dahi rəhbər çağdaş zamanı gələcəklə müdrikcəsinə daim uzlaşdıra bilirdi. Ulu öndərin dialektik təfəkkürü xalqa, inkişafa, tərəqqiyə xidmət edirdi.
1969-cu ilin 14 iyulundan, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı o əlamətdar gündən, bu böyük insanın bütün fəaliyyəti millətinin gələcəyinə yönəlmişdi. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycan xalqına elə zəngin xəzinə miras qoyub ki, onun inciləri əsrlər boyu parlayacaq. Ölkənin dirçəlişi, mədəni yüksəlişi əbədi olaraq ümummilli liderin adı ilə bağlı olacaq.
Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı sahəsində uğurlu işlərindən biri də Azərbaycan xalçaçılıq sənətinin yeni müstəviyə çıxması ilə əlamətdardır.
Məlum olduğu kimi, digər xalq sənəti növləri kimi xalçaçılıq da həmişə ümumbəşəri mədəniyyəti zənginləşdirmiş, dünya dəyərləri sırasına daxil olmuşdur. Eyni zamanda milli mədəniyyətin ayrılmaz hissəsi, Azərbaycan xalqının əsrlər boyu yaratdığı, qoruyub saxladığı, nəsillərdən nəsillərə sevə-sevə ərməğan etdiyi məxsusi sənət növüdür. Xalçaçılıq Azərbaycan ustalarının istedadı ilə zaman-zaman inkişaf etmiş, hər bir ailənin, cəmiyyətin məişəti ilə sıx bağlı olmuşdur.
Orta əsrlərdə xalçaçılıq sənətinin inkişafı öz məntiqi nəticəsini vermişdi - Azərbaycan öz xalça məktəbləri və növləri ilə orijinal xalça istehsalı mərkəzlərindən birinə çevrilmişdi. Bu gün XII-XV əsrlərə aid Azərbaycan xalçaları dünyanın adlı-sanlı muzeylərində və şəxsi kolleksiyalarda - Nyu Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Parisin Luvr, İstanbulun Topqapı, Vyana, Moskva, Sankt-Peterburq və digər şəhərlərin muzeylərində saxlanılır.
1967-ci ildə yaradılmış Azərbaycan Xalça Muzeyi Heydər Əliyevin hakimiyyətə gəlişinədək tam həcmdə fəaliyyət göstərə bilmirdi. Heydər Əliyevin muzeyə lazımi yardımın göstərilməsi haqqında fərmanı xalçaçılığın, onun bütün incəliklərindən baş çıxaran, eyni zamanda uzaqgörənliklə xalçaçılıq sənətinin, onun qədim mənbələrinin əhəmiyyətini dəyərləndirə bilən bir ölkə rəhbəri verə bilərdi. Bu fərman Azərbaycanın qədim xalçaları və xalq tətbiqi sənəti nümunələrinin geniş miqyasda muzey fondunda cəmləşməsinə imkan yaratdı. Rayonlara, kəndlərə, qəsəbələrə göndərilmiş ekspedisiyalar gözəl nəticələr verdi, muzeyin fondları xeyli zənginləşdi.
1972-ci ildə muzeyin təntənəli açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən natiqlər muzeyin açılışının respublikada xalq yaradıcılığına göstərilən böyük qayğının təzahürü olduğunu bildirir, bu bədii xəzinənin Azərbaycanın zəngin xalq sənətlərinin sonrakı inkişafına kömək edəcəyinə əminliklərini ifadə etdirdilər. Muzeyin əməkdaşları və qonaqlar üçün ən böyük töhfə açılışda Heydər Əliyevin iştirak etməsi oldu.
Ulu öndərin dəstəyi sayəsində Azərbaycan Xalça Muzeyi qısa müddətdə şöhrət tapdı və tez bir zamanda dünyada ən zəngin və dolğun toplulara sahib olan sənət məbədinə çevrildi. Dünyanın xalçaçılıq elmi Azərbaycan xalçasının unikallığını qəbul etdi. Müxtəlif ölkələrdən muzeyə müraciət edən xalçaçı-alimlər elmi araşdırmaların aparılmasına, muzeyin toplularının öyrənilməsinə ehtiyac duyduqlarını bildirdilər. Məhz muzeyin topluları ilə tanış olduqdan və izahatları dinlədikdən sonra çoxları xalçanı sənət kimi qəbul etməyə, onun növlərini, məktəblərini, istiqamətlərini ayırmağa başladılar.
Qədim xalçaçılıq sənəti də ulu öndərin həmişə qayğı göstərdiyi və yüksək qiymətləndirdiyi bir sahə kimi müstəqillik illərində daha da inkişaf etdi.
Ulu öndərin anadan olmasının 91 illiyinə həsr olunmuş sərgidə 1972-ci ildə ümummilli liderin Azərbaycan Xalça Muzeyinin açılışında və 1983-cü ildə Şərq xalça sənəti üzrə I Beynəlxalq Simpoziumda iştirakını əks etdirən fotoların nümayişi keçirildi.
Sərgidə tamaşaçılara xalq rəssamı Tahir Salahovun "Heydər Əliyev" xalçası da təqdim olundu. Muzey tərəfindən mövzu ilə bağlı hazırlanmış slayd-şou nümayiş etdirildi. Slayd-şouda Heydər Əliyevin xalça sənəti haqqında çıxışı, onun fotoları, Prezident İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın xalça sənətinə diqqət və qayğısını əks etdirən fotolar təqdim olundu.
Röya TAĞIYEVA,
Azərbaycan Xalça Muzeyinin direktoru
Azərbaycan.-
2014.- 13 may.- S.11.