Bakıda VII Beynəlxalq Mstislav
Rostropoviç festivalı
başlamışdır
Mayın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VII Beynəlxalq Mstislav Rostropoviç festivalının təntənəli açılışı olmuşdur.
Festival Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
AzərTAc xəbər verir ki, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsində gözəl ənənələrin olduğunu qeyd edərək müstəqillik dövründə görkəmli insanların adlarını daşıyan festivalların keçirildiyini söyləmişdir.
Həmvətənimizin adını daşıyan VII Beynəlxalq Mstislav Rostropoviç festivalının dünyanın ən mühüm musiqi festivalları siyahısına daxil olduğunu qeyd edən nazir bildirmişdir ki, budəfəki musiqi bayramının da proqramı çox zəngindir.
Vurğulanmışdır ki, festivalda səkkiz ölkədən musiqiçilər çıxış edəcəklər. Bir neçə gün ərzində musiqisevərlər şəhərimizin konsert salonlarında həmin musiqiçilərin ifalarını dinləmək imkanı qazanacaqlar. Eyni zamanda, festival çərçivəsində ölkəmizə təşrif buyuran, həmçinin yerli musiqiçilərin iştirakı ilə ustad dərsləri, konfranslar keçiriləcəkdir.
Bu festivalın adətən dekabr ayında təşkil edildiyini söyləyən Əbülfəs Qarayev diqqətə çatdırmışdır ki, ulu öndər Heydər Əliyevin Mstislav Rostropoviç ilə xüsusi dostluq münasibətlərini nəzərə alaraq təşkilatçılar bu ildən etibarən festivalı may ayında - Ümummilli Liderin anadan olmasının ildönümünün qeyd edildiyi günlərdə keçirmək qərarına gəlmişlər.
Festivalın bədii rəhbəri, dünya şöhrətli musiqiçinin qızı Olqa Rostropoviç atasının Bakını çox sevdiyini söyləyərək bildirmişdir ki, o, bu sevgisini övladına da vəsiyyət etmişdir. Olqa Rostropoviç demişdir ki, 2007-ci ildən Bakıda keçirilən bu festival ənənəvi olaraq dünyanın bir çox ölkələrindən görkəmli musiqiçiləri və kollektivləri toplayır və şəhərin ən gözəl konsert zalları festival iştirakçılarının sərəncamına verilir.
Festivalın bədii rəhbəri Azərbaycanın çiçəklənən paytaxtında keçirilən VII Beynəlxalq Mstislav Rostropoviç festivalına göstərdikləri dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirmişdir.
Açılış mərasimində Xalq Artisti Rauf Abdulayevin bədii rəhbərliyi və dirijorluğu altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət xor kapellası və solistlər Boris Berezovski (piano), Fəridə Məmmədova (soprano), Adil Axundov (tenor), Anton Fernştandt (bariton) çıxış etmişlər. Proqramda görkəmli rus bəstəkarı Sergey Raxmaninovun əsərləri səsləndirilmişdir.
Festival mayın 18-dək davam edəcəkdir.
Azərbaycan.-
2014.- 13 may.- S.11.