Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunmuşdur

 

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ər-Riyad şəhərində keçirilən Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumu çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Səud Əl-Feysəl ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunmuşdur.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə təşəkkürünü ifadə etmişdir.

Şahzadə Səud Əl-Feysəl Səudiyyə Ərəbistanının qəti siyasi iradəyə malik olaraq, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini diqqətə çatdırmışdır.

Səud Əl-Feysəl Azərbaycanın dünyada ilk neft istehsal edən ölkə olduğunu demişdir. O, Azərbaycanın müasir inkişafının ölkəsini sevindirdiyini diqqətə çatdırmışdır.

Elmar Məmmədyarov Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası dövlətləri, xüsusilə Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd etmiş, ölkələrimiz arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun təşəbbüskarı və ev sahibi kimi Səudiyyə Ərəbistanı Krallığı Hökumətinin səylərini yüksək qiymətləndirdiyini qeyd edən Elmar Məmmədyarov forumun Ərəb Dövlətləri Liqası, Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadihumanitar əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını və Azərbaycanın bu forumun işində fəal iştirak etdiyini vurğulamışdır.

İqtisadi-ticari əlaqələrin inkişafında nəqliyyat infrastrukturunun xüsusi əhəmiyyətə malik olduğunu deyən Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanın nəqliyyat infrastrukturu imkanları barədə danışmışdır.

Görüşdə beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin səfərbər edilməsinin vacibliyi qeyd edilmiş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 Azərbaycan.- 2014.- 14 may.- S.2.