Gəncədə ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr edilmiş respublika elmi-praktik konfransı keçirilir

 

 

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Müasir biologiya və kimyanın aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransı işə başlamışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı  ilə keçirilən konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzinin böyük iclas salonunda öz işinə başlayan elmi-praktik konfransı giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusifov açaraq ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışmış, bütün sahələrdə olduğu kimi, respublika elminin inkişafında da onun müstəsna xidmətləri olduğunu qeyd etmişdir. Bildirmişdir ki, ölkəmizdə elmi potensialın gücləndirilməsi üçün bir sira sərəncamlar imzalayan ulu öndər bu sahənin inkişafını daim nəzarətdə saxlamışdır. Dahi rəhbərimiz ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycan təhsilinin inkişafına xüsusi önəm vermiş, müstəqil respublikamızın dünya ölkələrinə inteqrasiyası üçün savadlı və intellektual gənclərin yetişdirilməsini daim diqqətdə saxlamışdır. Bu gün iftixarla demək olar ki, görkəmli dövlət xadiminin arzuları gerçəkləşmiş, Azərbaycan elmi və təhsili sürətlə inkişaf etməyə başlamışdır.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Nizami Hacıyev, təhsil nazirinin müşaviri İlham Pirməmmədov, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Bakı Ali Neft Məktəbinin prorektoru Rəna Mustafayeva çıxış edərək konfransda müzakirə olunacaq mövzular ətrafında fikirlərini açıqlayaraq konfransın işinə uğurlar arzulamışlar.

Sonra plenar iclasda müasir biologiya və kimyanın aktual problemlərindən  bəhs edən məruzələr dinlənilmişdir. Konfrans iki gün davam edəcəkdir.

 

Azərbaycan.- 2014.- 14 may.- S.3.