Ən ülvi məramlarla

 

Müstəqil Azərbaycanın iqtisadi yüksəlişini, sosial, mədəni və digər sahələrdə əldə etdiyi nailiyyətləri maraqla izləyirəm. Dövlətimizin beynəlxalq aləmdə qazandığı nüfuz məni çox sevindirir və qürurlandırır. Ulu öndər Heydər Əliyevin siyasi kursu, Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə irəliləyən Azərbaycana mən də bir ziyalı kimi öz töhfəmi vermək istəyirəm. Bunlardan biri də naşiri olduğum miniatür kitablardır. İndiyədək ümummilli liderlə, eləcə də Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı 40-dək miniatür kitab nəşr etdirmişəm və həmin kitablar xüsusi tərtibatla fondda sərgilənib nümayiş etdirilir.  Odur ki, 10 illiyini qeyd etməyə hazırlaşdığımız Heydər Əliyev Fondu haqqında bilgilərim kifayət qədərdir. Bu qısa qeydlərimlə fondun həyata keçirdiyi layihələrdən bir neçəsini xatırlatmaq istəyirəm.

Heydər Əliyev Fondunun açılış mərasimi 2004-cü il mayın 10-da, ümummilli liderin doğum günündə keçirilib. Həmin vaxtdan bəri fond ulu öndərin milli dövlətçilik ideyalarının reallaşdırılmasını, zəngin nəzəri-fəlsəfi, siyasi irsinin öyrənilməsini başlıca məqsəd və vəzifəsi hesab edərək səmərəli fəaliyyət göstərir. Bu da təsadüfi deyil. Çünki fondun yaradılmasında da əsas niyyət Heydər Əliyevin müstəqil Azərbaycanın möhkəmlənməsinə xidmət edən zəngin irsinin dərindən öyrənilməsinə və təbliğinə, ölkənin tərəqqisi və xalqın rifahı naminə ondan istifadə olunmasına yönələn genişmiqyaslı proqramların və layihələrin reallaşdırılması idi.

Prezident İlham Əliyev fondun açılış mərasimində demişdir: "Bu gün Heydər Əliyev bizimlə deyil, amma onun fiziki yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, doğma vətənimizi onun yolu ilə irəliyə aparaq. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq, Azərbaycanı gücləndirək və onun istədiyi kimi, onun yolu ilə gələcəyə aparaq. Mən əminəm və şübhə etmirəm ki, biz bunu edəcəyik".

Ulu öndər Heydər Əliyevin həyat amalı azad və müstəqil bir dövlət qurmaq idi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, iqtisadi inkişaf əsasında onun işıqlı gələcəyinə çalışırdı.

Ümummilli liderdən müqəddəs və əziz əmanət kimi yadigar qalan ənənələrdən danışarkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın milli-mənəvi, mədəni dəyərlərimizin qorunması və təbliği sahəsindəki fəaliyyəti dönə-dönə qeyd olunmalıdır. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş nəcib missiyanın uğurlu davamıdır.

Heydər Əliyev Fondu və onun bütün fəaliyyəti məhz Azərbaycanın dahi oğlunun xatirəsinə bir əməli sədaqət nişanəsidir. Fond fəaliyyət göstərdiyi 10 il ərzində bunu tam təsdiqləyib. Yaradılanda çoxları yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini düşünürdü. Lakin fond qısa müddətdə gerçəkləşdirdiyi çoxşaxəli layihələrlə genişmiqyaslı işlər gördüyünü, böyük amallarla çalışdığını təsdiq etdi.

Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri Azərbaycanın dünya miqyasında tanınmasına, ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşmasına, respublikanın beynəlxalq tədbirlərin təşkilatçısına çevrilməsinə xidmət edir.

Bəri başdan bir daha vurğulayaq ki, son illərdə UNESCO, ISESCO, UNICEF və digər beynəlxalq qurumlarla birgə keçirilən tədbirlər Azərbaycanın sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi nüfuzunun yüksəldiyini göstərir.

Heydər Əliyev Fondu Azərbaycan xalqının milli varlığını özündə yaşadan maddi-mənəvi, intellektual irsin qorunmasına yönəldilən neçə-neçə layihə həyata keçirmişdir. Muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görmüşdür. Azərbaycan muğamının, aşıq musiqisinin, Novruz bayramının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilməsini xatırlatmaq kifayətdir. Milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomunun hazırlanması olmuşdur. Fondun təşkilatçılığı ilə hər il Azərbaycan televiziyası ilə canlı yayımlanan muğam müsabiqələri də xalqımızın milli sərvəti olan muğamın təbliğinə layiqli töhfədir. Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi bu qəbildən olan dəyərli işlərdən biridir.

2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə I Beynəlxalq Aşıq Festivalı keçirildi.

Azərbaycan xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edildi.

Bundan başqa, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illik yubileyi keçirilmiş, Parisdə UNESCO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, dünya şöhrətli ifaçılar - mərhum Mstislav Rostropoviç və Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmışdır. M.Rostropoviçin, Şostakoviçin, Bülbülün yubileyinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir. Dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin səhnələşdirilməsi haqqında Vyana kamera teatrı ilə razılığın əldə edilməsi də xalqımızın milli mədəniyyətinin dünyada təbliği yolunda mühüm hadisədir.

Bundan başqa, "Kitabi-Dədə Qorqud" dastanının 1200 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası bu missiyanın təqdirəlayiq məqamları kimi vurğulanmalıdır.

Mehriban xanım Əliyevanın Azərbaycanın musiqi incilərinin dünyada təbliği istiqamətindəki fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Xarici ölkələrə səfərləri zamanı milli mədəniyyətin tanıdılması və təbliğinə xidmət edən müxtəlif tədbirlər, təqdimatlar, aksiyalar təşkil edən Azərbaycanın birinci xanımı nümayəndə heyətinin tərkibində ölkəmizin gənc istedadlarının olmasına da diqqət yetirir. UNESCO və digər beynəlxalq təşkilatlar səviyyəsində təşkil olunan müxtəlif tədbirlərdə çıxış edən gənc muğam və vokal ifaçılarımız xalqımızın necə zəngin mədəniyyətə, incəsənətə, musiqiyə malik olduğunu bir daha nümayiş etdirirlər. Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Üzeyir Hacıbəyli kimi dahilər yetirmiş Azərbaycan xalqı bu tədbirlər vasitəsilə gənc nəslin istedadlı nümayəndələrini də dünyaya tanıtmaq imkanı qazanır.

Bu məqamda Azərbaycan təmsilçilərinin Almaniyada keçirilmiş "Evrovision 2011" musiqi yarışmasında parlaq qələbə qazanması, 2012-ci ildə isə həmin müsabiqənin Bakıda yüksək səviyyədə təşkil edilməsi faktı üzərində xüsusi dayanmaq istərdim. Bu müsabiqə, əslində, zəngin Azərbaycan mədəniyyətinin və musiqisinin, o cümlədən dinamik inkişaf edən respublikamızın Avropaya təqdimatı üçün yaxşı imkanlar açmışdır. Həmin müsabiqənin Avropada heyranlıqla, təəccüblə qarşılanması, xalqımızın qonaqpərvərliyi barədə fikirlərin hələ də dillərdən düşməməsi müsabiqəyə hazırlıq üzrə təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanın əzmkar xidmətlərinin nəticəsidir. Müsabiqə ən yüksək səviyyədə keçirilməklə milli musiqimizin, mədəniyyətimizin, incəsənətimizin 800 milyonluq bir auditoriyada təbliğinə xidmət etmişdir. Beləliklə, 2011-ci ildə Almaniyadan qələbə estafetini qəbul edən Bakı bir il sonra möhtəşəm şou ilə bütün dünyanın diqqətində olmuşdur.

2009-cu ilin martında fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyinin açılması da mədəni sahədəki qlobal layihələr sırasında xüsusi vurğulanmalıdır. Muzeydə Azərbaycanın gənc, avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanmışdır.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2008-ci ildən Qəbələ rayonunda keçirilən və xoş ənənə halını alan beynəlxalq musiqi festivalları da ecazkar musiqi sənətimizin dünyada tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.

Ulu öndərin ali ideyalarına tapınan Heydər Əliyev Fondunun  prezidentinin Azərbaycan xalqının milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri var. Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət və digər prinsiplərin qorunmasına çalışan Mehriban xanım Əliyeva 10 il ərzində bu yüksək məqsədlərə xidmət edən bir çox strateji əhəmiyyətli layihələr həyata keçirmişdir.

Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkənin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətində fəaliyyəti hər zaman önəm daşıyır.

Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün imkanlardan istifadə edir. Müxtəlif sahə və mövzuları əhatə edən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır.

Fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Cenevrədə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında dediyi sözləri xatırlayaq: "Mən beynəlxalq ictimaiyyətin diqqətini bir daha ən böyük problemimizə cəlb etmək istəyirəm. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistan tərəfindən işğal edilməsinin bizim təhsilimiz, mədəniyyətimiz üçün çox ağrılı nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerlə yeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır... Biz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümid edirik".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində "Qarabağ həqiqətləri" bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu layihələrdən biri olmuşdur. Layihənin davamı olaraq Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində çapdan buraxmışdır. Kitaba işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.

Heç şübhəsiz ki, Heydər Əliyev Fondunun təşəbbüsü və layihələri sırasında təhsil proqramları xüsusi önəm daşıyır. Təhsilsiz heç bir irəliləyiş ola bilməz. Təhsil xalqın, dövlətin gələcəyinə hesablanmış bir sahədir və onun səviyyəsinin yüksək olması Azərbaycanın daha işıqlı sabahı deməkdir.

Mehriban xanımın təhsil proqramları çox geniş və əhatəlidir. Bu proqramların xalqın dəstəyini alması tam təbii haldır. "Təhsilə dəstək" layihəsi çərçivəsində təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması böyük əhəmiyyət daşıyır. İndiyədək onlarca uşaq bağçası əsaslı təmir olunub və yüksək səviyyədə lazımi avadanlıqlarla təmin edilərək istifadəyə verilib.

Bu layihə artıq Azərbaycanın sərhədlərindən kənara çıxaraq xeyirxah missiya ilə bir sıra digər ölkələrə də qədəm qoyub. Layihə çərçivəsində Rusiyada, Gürcüstanda, Rumıniyada və Hollandiyada bir sıra məktəblər tikilib və əsaslı təmir olunub. Mən fondun Gürcüstanda yaşayan azərbaycanlıların övladlarına qayğısını vurğulamaq istəyirəm. Fond soydaşlarımızın yaşadığı bölgələrdə məktəbləri təmir etmiş, şagirdlərə dərs ləvazimatları, ədəbiyyat göndərmişdir.

Mehriban xanımın geniş xeyriyyəçilik fəaliyyəti ümumən ölkədə bu vacib işin  canlanmasına səbəb olmuşdur. Bu nəcib missiyadan ən çox bəhrələnənlər isə gənc nəslin nümayəndələridir.

Bir sıra xəstəliklərdən əziyyət çəkən uşaqların sağlamlığına, qaçqın və məcburi köçkün ailələrinin övladlarının təhsilinə və istedadlarının üzə çıxmasına qayğı, digər xeyirxah məqsədlərə yönəldilmiş layihələri xatırlatmaq kifayətdir. Yeri gəlmişkən qeyd edək ki, elmə və təhsilə qayğı istiqamətində yeni-yeni ənənələrin təməlini ölkə həyatının müxtəlif sahələrində həllini gözləyən problemlərin reallaşdırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu qoymuşdur.

Təhsil sahəsində görülən işlər sırasında respublikanın müxtəlif bölgələrində həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət daşıyır. Bu proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir.

Yaxşı yadımdadır ki, cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədilə hələ 2005-ci ilin iyun ayında müvafiq qurumların, habelə beynəlxalq təşkilatların iştirakı ilə "dəyirmi masa" təşkil edilmiş, proqramın həyata keçirilməsi üçün 100, 200 və 240 şagird yerlik məktəb binalarının layihələri hazırlanmışdı. Layihənin gerçəkləşməsi ilə bağlı fondun prezidenti Mehriban xanımın cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuş, az sonra Azərbaycanın müxtəlif bölgələrində, hətta ən ucqar dağ kəndlərində məktəb tikintisi geniş vüsət almışdır.

Məktəb tikmək, gənc nəslə savad və bilik vermək ən xeyirxah işlərdən biri sayılıb. Onu da deyim ki, bu, heç də asan iş deyil. Hələ sovet dönəmində SSRİ kimi nəhəng, qüdrətli bir ölkədə məktəb tikintisi heç vaxt belə yüksək vüsət almamış, belə önə çəkilməmişdir.

Son 10 ildə Azərbaycanda 3 mindən çox məktəb binası tikilib. Bu, şərhə ehtiyac olmayan bir faktdır. Onu da vurğulamağa ehtiyac yoxdur ki, bu böyük işdə Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir.

Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı çərçivəsində ölkə üzrə 100-dən çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib və lazımi avadanlıqla təchiz olunub. Onlara kitabxanalar bağışlanıb, dərs vəsaitləri və bədii ədəbiyyat verilib, bir çoxlarında hətta kompyuterlər də quraşdırılıb. Bütün bunların davamlı olması, həmin müəssisələrdə təhsil və tərbiyə alanların inkişafı üçün mütəmadi treninqlər keçirilir. Ardıcıl surətdə kütləvi tədbirlər, festivallar, müsabiqələr də təşkil olunur, uşaqların özfəaliyyət kollektivlərinə, musiqi, rəqs, rəssamlıq dərnəklərinə kömək göstərilir.

Fondun təşəbbüsü ilə 2008-ci ildə kor və görmə qabiliyyəti zəif olan uşaqların təhsil aldığı musiqi məktəbində əsaslı təmir işləri aparılıb. Bundan əlavə, sinif otaqları inşa edilib, istilik, qaz, su və işıq sistemləri yeniləşdirilib. Məktəbə yeni musiqi alətləri və avadanlıqlar verilib.

2009-cu ildə fondun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış və yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası istifadəyə verilib.

 Məsum uşaqlara, bəzən ağrılarını ifadə etməyi bacarmayan, necə deyərlər, dilsiz-ağızsız körpələrə yardım etməkdən böyük hansı xeyirxahlıq ola bilər?! Biz Heydər Əliyev Fondunun prezidentini tez-tez müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların yanında, onlara qayğı göstərən görürük. Bu işlər fondun "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və digər layihələr çərçivəsində həyata keçirilir.

"Diabetli uşaqlara ən yüksək qayğı" fondun ilk layihələrindən biridir və indiyədək davam edir. Hələ 2004-cü ilin sonunda fondun Azərbaycan Diabet Cəmiyyətinin və Danimarkanın "Novo Nordisk" şirkətinin təşkil etdikləri layihə bu sahədə mühüm addım oldu. Həmin vaxtdan indiyədək Azərbaycanda diabet xəstəliyinə tutulmuş uşaqlar müntəzəm surətdə insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.

Bu layihə çərçivəsində görülən ən önəmli işlər sırasında fondun dəstəyi ilə 2009-cu ildə sosial qayğıya xüsusi ehtiyacı olan, şəkərli diabet xəstəliyinə tutulmuş uşaqların sosial-psixoloji reabilitasiyası üçün Lənkəran şəhərində, 2010-cu ildə isə Gəncədə istirahət düşərgələrinin təşkil olunmasıdır.

Paytaxtın qoynunda Heydər Əliyev Fondunun çox "imza"sı var. Bunlardan biri də Psixo-nevroloji Uşaq Mərkəzinin binasıdır. Burada quraşdırılmış ən müasir tibbi avadanlıqlar xəstə uşaqların tezliklə sağalmasına imkan verir.

Heydər Əliyev Fondunun fəaliyyəti getdikcə şaxələnir, onun beynəlxalq əhəmiyyətli quruma çevrilməsi üçün əməli addımlar atılır. Rusiyada, Türkiyədə, Rumıniyada, Böyük Britaniyada, ABŞ-da artıq fondun filialları fəaliyyət göstərir. Mən xüsusilə fondun Moskva filialının işini izləyir və qürur duyuram ki, ona Heydər Əliyev ailəsinin yeni nəslinin nümayəndəsi - Leyla İlham qızı Əliyeva rəhbərlik edir.

Leyla xanım Əliyeva gənc olmasına baxmayaraq, Azərbaycanın dünya miqyasında tanınması, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün böyük işlər görür. O, xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərə rəhbərlik edir.

Leyla Əliyevanın xüsusilə Xocalı faciəsi barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər xüsusi qeyd edilməlidir. İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumu ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası məhz Heydər Əliyev Fondunun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Belə ki, kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə ISESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət" Beynəlxalq məlumat-təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Leyla xanım vurğulamışdır ki, bu aksiyanın əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqqında ədalətli məlumatlandırmaqdır.

2010-cu il dekabrın 15-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu və "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təşviqat kampaniyasının onlayn fəaliyyətinin təqdimatına həsr olunmuş tanıtma tədbiri keçirmişlər. İnsan hüquqları günü həftəsinə həsr olunmuş tədbir çərçivəsində "Xocalıya ədalət" kampaniyasının yeni internet saytı ictimaiyyətə təqdim edilmişdir.

Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi üçün də maraqlı tədbirlər həyata keçirir. Bu məqsədlə Leyla xanım Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirir, Azərbaycanın zəngin mədəniyyəti təbliğ olunur.

Fondun təhsil sahəsində həyata keçirdiyi missiya Moskva filialı tərəfindən də davam etdirilir. Mən xüsusilə Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan dilində bazar günü məktəblərinin açılmasını qeyd etmək istəyirəm. Bu da məhz Leyla xanımın təşəbbüsüdür. Fond bu məktəbləri hərtərəfli dəstəkləyərək onların tədris ədəbiyyatı və kompyuterlərlə təchiz olunmasına kömək göstərir. İvanovo, Tula, Tver, Surqut şəhərlərindəki bazar günü məktəblərini misal göstərmək olar.

Heydər Əliyev Fondunun əməkdaşlıq dairəsi çox genişdir. Fond BMT-nin İnkişaf Proqramı, UNESCO, ISESCO, BMT-nin Əhali Fondu, UNICEF və bir çox digər təşkilatlarla əməkdaşlıq edir. Bu siyahıya bir sıra ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri də daxildir.

Heydər Əliyev Fondunun 10 yaşı tamam olur. 10 il istənilən qurum üçün o qədər də böyük bir fəaliyyət müddəti, uzun bir tarix, salnamə deyil. Lakin Heydər Əliyev Fondu onilliklər boyu həyata keçirilə biləcək qədər geniş, çoxşaxəli işləri bu qısa zaman kəsiyində gerçəkləşdirib.

Heydər Əliyev Fondunun xeyirxahlıq və quruculuq işləri, fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı missiyası davam edir.

 

Zərifə SALAHOVA,

Azərbaycan Miniatür Kitab Muzeyinin təsisçisi, əməkdar mədəniyyət işçisi

Azərbaycan.- 2014.- 14 may.- S.4.