Ürəklərə işıq, dağlara yaraşıq verir

 

 

Gədəbəy rayonunun Slavyanka kəndindəki 1 nömrəli tam orta məktəbin bu yaxınlarda 50 yaşı tamam olub. Ətrafda genişmiqyaslı abadlıq və quruculuq işləri aparılsa da, məktəb binasının görkəmi heç də yaxşı deyildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi həyata keçirilməyə başlananda birincilər sırasında bizim məktəbimiz üçün yaşıllıqlar qoynunda yaraşıqlı binanın təməli qoyuldu.

Bizim üçün çox xoş oldu ki, binanın tikintisi gedərkən dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban  xanım Əliyeva bu yerlərə qonaq gəldilər. Rayondakı bir sıra obyektlərə baxdılar  və məktəbimizdə inşaat işlərinin vəziyyəti ilə tanış olub, tövsiyə və tapşırıqlar verdilər.

Dövlətin qayğısı və köməyi ilə tikinti işləri vaxtnda başa çatdırıldı. İşıqlı, yaraşıqlı otaqlar, laboratoriyalar, kitabxana, kompyuter otağı və idman zalı  pedaqoji kollektivin ixtiyarına verildi. İstilik sistemi quruldu, 240 nəfər şagirdin təlim-tərbiyəsi üçün hər cür şərait yaradıldı.

Uzaq dağ kəndinin təhsil ocağına olan bu qayğı və diqqətə cavab olaraq biz  işimizi əsaslı surətdə yenidən qurmağa başladıq. İlk öncə yaraşıqlı binanın təmiz və səliqəli saxlanması üçün növbətçi qrupları yaratdıq. Öz təşəbbüsümüzlə pilləkənlərə və dəhlizlərə xalçalar döşəndi. Məktəbdə səs-küyün qarşısının alınması üçün daxili qayda-qanunlar sistemi yaradıldı.

Ən əsası isə, Prezident fondu hesabına ucaldılan təhsil ocağında bütün  fəaliyyəti ulu öndər Heydər Əliyevin adına layiq təşkil etməyi qərara aldıq. Təhsil sistemində aparılan islahatlarla əlaqədar təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, dərslərin keyfiyyətinin yüksəldilməsi üçün interaktiv  metodlardan ardıcıl və səmərəli istifadə olunur. Ayrı-ayrı fənlər üzrə açıq dərslər aparılır, bilik yarışları keçirilir, disputlar, sual-cavab saatları təşkil edilir.

Məktəbdə istedadlı şagirdlərlə ardıcıl aparırlır. Seçdikləri sahələri yaxşı məmimsəmələri üçün onlara hər cür şərait yaradılır. Bütün bunların nəticəsində sağlammübariz nəsil yetişir. Müxtəlif sınaq meydanlarında və fənn olimpiadalarında şagirdlərimizin uğurları getdikcə artır. 10-cu sinif şagirdi Elvin Şərifov Azərbaycan dili və ədəbiyyatı, Səma Məmmədəliyeva biologiya fənni üzrə  respublika olimpiadasında mükafata layiq yer tutmuşlar. İkinci sinif şagirdi Hüseyn Hüseynov karate üzrə respublika çempionatında ikinci yerə çıxmış,  Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif edilmişdir. Test imtahanlarında yüksək bal toplayanların, ali məktəblərə qəbul olunanların sayı da ilbəil artır.

Təbiidir ki, bütün bu uğurlar Heydər Əliyev Fondunun hesabına tikilən  məktəbdə yaradılmış hər cür şəraitin, müəllim-şagird-valideyn əlbir işinin sayəsində əldə edilmişdir. Beləcə, dağların qoynunda ucaldılan müasir məktəbimiz ürəklərə işıq, dağlara yaraşıq verir.

 

Mətanət HÜSEYNOVA,

Slavyanka kənd 1 nömrəli tam orta məktəbin direktoru, Gədəbəy Rayon Qadınlar Şurasının sədri

Azərbaycan.- 2014.- 14 may.- S.4.