Qafqaz Müsəlmanları İdarəsində
Din xadimləri üçün
təkmilləşdirmə kursları
açılmışdır
Mayın 13-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün təkmilləşdirmə kurslarının açılışı münasibətilə tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə kurs iştirakçıları üçün yaradılmış şəraitlə tanışlıq olmuşdur. Məlumat verilmişdir ki, kursların müddəti bir ay olacaqdır. Müxtəlif bölgələrdən olan din xadimlərinin qatılacağı kurslarda iştirakçıların qalmaq, yemək və yol xərcləri QMİ tərəfindən ödəniləcəkdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın sürətlə inkişaf etdiyini demişdir. Bildirilmişdir ki, bu inkişafın təməlini xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Şeyxülislam vurğulamışdır ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev din və tolerantlığı həmişə diqqət mərkəzində saxlamışdır. Ölkəmizdə din və dövlət münasibətlərinin təməli də məhz Ümummilli Lider tərəfindən qoyulmuşdur. Bu gün həmin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Din xadimləri üçün təşkil olunan təkmilləşdirmə kurslarının məqsədindən danışan QMİ sədri bildirmişdir ki, kurslar dini maarifləndirmə işinin təşkili baxımından çox önəmlidir. Allahşükür Paşazadə demişdir: “Din xadimləri öyrənməli, bu ölkənin inkişafında yaxından iştirak etməlidirlər. Biz ölkəmizin inkişafına təkan verən qüvvələrə kömək etməliyik. Dövlətin inkişafına maneə olan istənilən qüvvəyə qarşı birlikdə mübarizə aparmalıyıq”.
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini
məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev bildirmişdir ki, bu gün
Azərbaycanda din-dövlət münasibətləri yüksək
səviyyədədir. Azərbaycan artıq dünyada tolerant,
multikultural bir mədəniyyətə malik
ölkə kimi tanınır.
Ölkəmizin sürətlə inkişaf
etdiyini vurğulayan Kamal Abdullayev bildirmişdir ki, dövlətimiz azərbaycançılıq
məfkurəsi ətrafında
hər cür fəaliyyəti dəstəkləyir. Azərbaycan dövləti
ölkəmiz əleyhinə
hər cür fəaliyyətə qarşı
öz sözünü
deyəcəkdir.
Din xadimləri üçün
təkmilləşdirmə kurslarının çox əhəmiyyətli olduğunu
deyən dövlət
müşaviri bildirmişdir
ki, burada iştirakçıların savadlarını
artırması üçün
hər cür şərait yaradılmışdır.
K.Abdullayev demişdir:
“Bizim istəyimiz Prezident İlham Əliyevin ətrafında
sıx birləşməkdir.
Prezident İlham Əliyevin ən böyük istəyi Azərbaycanı
dövlətli, varlı,
güclü görməkdir.
Azərbaycanı güclü, varlı,
dövlətli görmək
din xadimlərini, məscidləri
güclü, varlı,
dövlətli görmək
deməkdir. Bu, insanların qəlbində
Allah eşqinin güclü
olması deməkdir”.
Milli Məclisin deputatları Madər Musayev, Eldar İbrahimov, Hadı Rəcəbli, Hüseynbala Mirələmov,
Cavanşir Paşazadə,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Aran), QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir, ilahiyyatçı alim, akademik Vasif Məmmədəliyev çıxış
edərək Azərbaycanda
dövlət-din münasibətlərinin
hazırkı yüksək
səviyyəsindən danışmış,
bu sahədə maarifləndirmə işlərinin
mütəmadi keçirilməsinin
zəruriliyini diqqətə
çatdırmış, bir
sıra təkliflər
vermişlər.
Azərbaycan.-
2014.- 14 may.- S.5.