Məhkəmə-hüquq sisteminin inkişafina yönəlmiş islahatlar uğurla davam etdirilir

 

Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş respublikamızın ictimai həyatında baş verən köklü dəyişikliklər yeni ideolojihüquqi əsaslara söykənən məhkəmə-hüquq institutlarının formalaşdırılmasını labüd etdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində ən böyük xidmətlərindən biri olduqca ağır bir dövrdə dövlət müstəqilliyini qoruyub saxlamaq, demokratik inkişafa əsaslanan güclüsabit dövlətçilik ənələrini formalaşdırmaq oldu. O, prezidentliyinin ilk illərindən etibarən gerçəkləşdirdiyi irimiqyaslı quruculuq işləri, həyata keçirdiyi mütərəqqi islahatlar məhkəmə-hüquq sistemində köklü dəyişikliklərə yol açdı. Bununla da Azərbaycanın müstəqilliyi tarixində azərbaycançılıq, dünyəvilik, demokratiklik, hüququn və qanunun aliliyi, milli tərəqqi prinsiplərinə əsaslanan real dövlət quruculuğu səhifəsi açıldı.

Heydər Əliyevin rəhbərliyilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ölkədə dövlətçiliyin hüquqi təbiəti, dövlət və hüquq institutlarının cəmiyyətin bütün digər fəaliyyət sahələrindən üstünlüyü, ölkənin gələcək inkişaf istiqamətləri müəyyən olundu. Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olduğu, dövlət hakimiyyətinin təşkilinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında həyata keçirildiyiinsan hüquq və azadlıqlarının təmininin dövlətin ali məqsədi olduğu bəyan edildi.

Ümummilli lider müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyanın qəbul olunması ilə əlaqədar çıxışında bu mühüm sənədin əsas hədəflərini belə xarakterizə etmişdir: "Yeni Konstitusiyada Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradılıb, bütün təminatlar verilibdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".

Milli Konstitusiyamızda insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğu, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələrin həllinin isə yalnız məhkəmələr tərəfindən həll edildiyi təsbit olundu. Bütün mərhələlərdə məhkəmələr insan hüquq və azadlıqlarının qorunması sahəsində önəmli rol oynamışdır. Cəmiyyətin inkişaf səviyyəsi artdıqca məhkəmə-hüquq institutlarının islahatlarının həyata keçirilməsi zəruriliyi də meydana çıxır.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində demokratik islahatların aparılmasının və qanunun aliliyi prinsipinin bərqərar olmasının, hüquqi islahatların aparılması sahəsində qanunvericlik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsinin zəruriliyini nəzərə alan ümummilli lider Heydər Əliyev özünün 1996-cı il 21 fevral tarixli sərəncamı ilə Hüquqi İslahat Komissiyasını yaratdı.

Hüquqi İslahat Komissiyasının uğurlu və səmərəli fəaliyyəti nəticəsində Cinayət, Cinayət Prosessual, Mülki-Prosessual məcəllələrin, Məhkəmələr və hakimlər, Konstitusiya Məhkəməsi, Prokurorluq, Polis, Vəkillik haqqında qanunların layihələri hazırlanaraq Milli Məclis tərəfindən qəbul olundu. Bütün bu islahatlar nəticəsində əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən, insan hüquqlarının müdafiəsinə daha etibarlı təminat verən yeni üçpilləli məhkəmə sistemi formalaşdı.

Həbs qətimkan tədbirinin və insan hüquq və azadlıqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətlərinə aid edildi. Bütün bunlar müstəqil məhkəmə hakimiyyətinin formalaşması üçün əlverişli zəmin yaratdı, sovet hüquq sistemindən miras qalmış hüquq düşüncəsini dəyişdirdi. Əhali arasında hüquqi maarifləndirmə işinə vüsət verildi. Bütövlükdə, məhkəmə-hüquq institutları yeni dövrün tələblərinə uyğunlaşdı, məhkəmə sisteminin təşkilati əsasları, məhkəmələrin və hakimlərin statusu müəyyən edildi. Məhkəmə sisteminin müstəqilliyinin və ədalət mühakiməsinin effektiv təmin olunmasının yeni məhkəmə korpusunun yaradılmasından keçdiyini nəzərə alan ümummilli lider ölkədə hakimlərin şəffaf prosedurlar əsasında obyektiv və ədalətli seçilməsi qaydasının əsasını da qoydu. Bu seçim nəticəsində əvvəl mövcud olmuş hakim korpusu 60 faiz yeniləndi.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi. Bununla da dövlətimiz insanpərvərlik ideyalarına söykənən ümumbəşəri dəyərlərə sadiqliyini dünyaya bəyan etdi. Azərbaycan Respublikası 2001-ci ilin yanvarından Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul olundu, 2002-ci il aprelin 15-dən isə ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı yaradıldı. Azərbaycan Respublikasının Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericliyin təkmilləşdirilməsinə, onun Avropa standartlarına uyğunlaşdırılmasına və bununla da insan hüquq və azadlıqlarının daha etibarlı təminatı mexanizminin təkmilləşdirilməsinə təkan verdi.

Məhkəmə-hüquq islahatları ölkə Prezidenti İlham Əliyevin insan hüquq və azadlıqlarının daha etibarlı qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə hakimiyyətinin fəaliyyətinin müasirləşdirilməsi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi kimi yeni institutlar təsis edildi, İnzibati İcraatİnzibati Prosessual Məcəllələr qəbul olundu, hakimlərin müddətsiz təyinatı gerçəkləşdi, vətəndaşların və məhkəmələrin pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmək hüquqlarının həyata keçirilməsi mexanizmləri müəyyən olundu.

2005-ci ildən etibarən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində hakimlərin yeni prosedurlarla seçilməsi qaydası tətbiq olunmağa başlandı. Dövlət başçısının müvafiq sərəncamları ilə hakimlərin sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırıldı, hər bir hakimə köməkçi ştatı ayrıldı. Avropa İttifaqı və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ölkəmizdə həyata keçirilən hakimlərin yeni prosedurlarla seçilməsi qaydasını nümunə kimi qiymətləndirərək digər tərəfdaş dövlətlərə müsbət örnək kimi göstərir.

Məhkəmə-hüquq islahatlarının səmərəliliyinin artırılması istiqamətində mühüm addımlardan biri yeni regional məhkəmələrin, o cümlədən regional apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi və hərbi məhkəmələrin yaradılması oldu. Bəhs edilən yeniliklər respublikanın bölgələrinin əhalisinin məhkəmə-hüquq institutlarına müraciət etmək imkanlarının asanlaşdırılmasına, vətəndaşların məhkəmə hakimiyyətinə inamının və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərməkdədir.

Hazırda ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm istiqamətlərindən biri də məhkəmə infrastrukturunun və məhkəmə fəaliyyətində informasiya kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmasıdır. Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində ən müasir informasiya kommunikasiya texnologiyları ilə təchiz olunmuş yeni məhkəmə binaları inşa olunmuşdur.

Ötən müddətdə məhkəmə və ədliyyə sisteminin inkişafına təkan verən mühüm sənədlərdən biri də ölkə Prezidentinin 2009-cu il 6 fevral tarixli sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın təsdiq olunmasıdır. Dövlət Proqramı ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin informasiya resurslarının işlənməsində müasir texnologiyaların tətbiqi məsələləri, ədliyyə orqanlarının maddi-texniki təchizatının yaxşılaşdırılması və ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ədliyyə sistemində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması, Penitensiar xidmətin fəaliyyətinin müasirləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması məsələlərini əhatə edir. Qeyd olunan Dövlət Proqramı məhkəmə fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyaların tətbiq edilməsini nəzərdə tutur.

Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planları Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının qəbulunun məntiqi davamı olaraq məhkəmələrdə beynəlxalq standartlara cavab verən proseslərinin təşkilinə, müasir informasiya və texnologiyalarının tətbiqinə, vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılmasına, əhaliyə göstərilən hüquqi xidmətlərin daha da yaxşılaşdırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsinə təkan verdi.

Məhkəmə-hüquq islahatlarının dövrün tələblərinə uyğun həyata keçirilməsinə yönələn tədbirlərin məntiqi davamı olaraq ölkə başçısının 2014-cü il 13 fevral tarixli sərəncamı ilə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, məhkəmə fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə "Elekron məhkəmə" informasiya sistemi yaradılmışdır.

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov elektron məhkəmə sisteminin təşəkkül tapması ilə bağlı məsələyə münasibət bildirərəkən göstərmişdir ki, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi obyektiv zərurətə çevrilmişdir. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında sərəncam isə bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoymuşdur. Belə sistemin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcəkdir.

"Elektron məhkəmə" informasiya sistemi məhkəmələrdə cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dairinzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını, sənədlərin elektron formada qəbulunu, dövriyyəsini, işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını, işdə iştirak edən şəxslərə məlumatların elektron qaydada çatdırılmasını, müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını, qərarların icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini, "Elektron məhkəmə" informasiya sisteminin Azərbaycan Respublikası Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyasını, proses iştirakçılarının "şəxsi kabineti"nin yaradılmasını, məhkəmə statistikasının elektron qayadada aparılmasını, məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını nəzərdə tutur.

Beləliklə, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla aparılan məhkəmə-hüquq islahatları ölkənin hərtərəfli inkişaf konsepsiyasına uyğun olaraq məhkəmə hüquq sisteminin davamlı müasirləşdirilməsinə və inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının effektiv qorunmasına və gözlənilməsinə yönəldilmişdir.

 

Azər TAĞIYEV,

Səbail Rayon Məhkəməsinin hakimi

Azərbaycan.- 2014.- 14 may.- S.5.