Milli aqrar kadr hazırlayan elm məbədi

 

XIX əsrdə və XX əsrin əvvəllərində rus çarizminin uzun müddət yeritdiyi müstəmləkəçilik siyasəti xalqımızın mütərəqqi fikirli övladlarının arzu və istəklərinin həqiqətə çevrilməsinə imkan verməmiş, ayrı-ayrı sahələr, o cümlədən kənd təsərrüfatı acınacaqlı vəziyyətə düşmüşdü. Buna görə də o dövrdə Azərbaycanda kənd təsərrüfatının zəif inkişafı müxtəlif ixtisaslar üzrə ali təhsilli mütəxəssislərin hazırlanması zəruriliyini qarşıya qoyurdu. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə təhsil almaq məqsədilə xaricə göndərilən 100 gəncin arasında kənd təsərrüfatı ixtisaslarına yiyələnənlər də var idi.

1920-ci ilin noyabrında Azərbaycan Politexnik İnstitutunun nəzdində kənd təsərrüfatı fakültəsinin açılması Azərbaycanda bu sahə üzrə ali təhsilli mütəxəssis hazırlığının başlanğıcı oldu. Beləliklə, kənd təsərrüfatı təhsilinin və elminin təşəkkül tapmasının, inkişaf etdirilməsinin əsası qoyuldu. Lakin yüksəkixtisaslı kadrlara tələbatın sürətlə artdığı bir zamanda kənd təsərrüfatı fakültəsi günün tələblərinə cavab verə bilmirdi. Odur ki, Xalq Komissarları Şurasının 1929-cu il 15 may tarixli qərarı ilə fakültənin əsasında müstəqil Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) yaradıldı və Xalq Torpaq Komissarlığının tabeliyinə verildi.

Dövrün tələblərinə cavab vermək üçün Kənd Təsərrüfatı İnstitutu dəfələrlə yenidən təşkil edilib. 1930-cu ildə Zaqafqaziya Pambıqçılıq İnstitutunda kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsi açılır, 1931-ci ildə Bakıda yerləşən kənd təsərrüfatı ali məktəbləri və Tbilisidəki Hidromeliorasiya İnstitutu Gəncə şəhərinə köçürülür, 1932-ci ildə Gəncədə zootexniklik fakültəsinin əsasında Azərbaycan Zoobaytarlıq İnstitutu təsis edilir və tərkibində aqronomluq, meyvə-tərəvəzçilik, zootexniklik, baytarlıq, kənd təsərrüfatının mexanikləşdirilməsi, hidromeliorasiya fakültələri olan Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılır.

AKTİ Gəncə şəhərinə köçürüldükdən sonra onun fəaliyyəti və inkişafı üçün yeni perspektivlər açıldı və bununla da qədim Gəncə respublikada kənd təsərrüfatı elminin mərkəzinə çevrildi. Sonrakı illərdə institutun tərkibində yeni kafedralar, şöbələr, fakültələr açıldı. 1944-cü ildən meşə təsərrüfatı, 1948-ci ildən bitki mühafizəsi, 1959-cu ildən iqtisadiyyat, 1961-ci ildən ipəkçilik, 1963-cü ildən aqrokimya və torpaqşünaslıq, 1964-cü ildən mühasibat uçotu, 1966-cı ildən şərabçılığın texnologiyası, 1967-ci ildən kənd təsərrüfatının elektrikləşdirilməsi, 1976-cı ildən yerquruluşu ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Hazırda Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılan bu elm məbədi fəaliyyət göstərdiyi 85 il ərzində kənd təsərrüfatı sahəsində ölkənin yeganə ali təhsil ocağı kimi 60 mindən çox yüksəkixtisaslı mütəxəssis hazırlayıb. Məzunlar arasında görkəmli alimlər, SSRİ, Azərbaycan SSR parlamentlərinin deputatları, dövlət xadimləri, sosialist əməyi qəhrəmanları olmuşdur. Bu gün də onun məzunları Azərbaycan dövlətinin müxtəlif qurumlarında çalışır, ölkənin tərəqqisinə töhfələrini verirlər.

Aqrar Universitetə görkəmli şəxsiyyətlər, tanınmış alimlər rəhbərlik etmişlər. Universitetin ilk direktoru Azərbaycan xalq torpaq komissarı Dadaş Bünyadzadə olmuşdur. Sonralar müxtəlif dövrlərdə universitetə İslam Datıyev, Hüseyn Musayev, Əzim Dadaşov, Yusif Tahirov, Möhsün Poladov, Soltan Mirzəyev, Bala Ağayev, Məmməd Mehdiyev, Niyaz Səfərov, Bəhmən Xəlilov, Raul Qədimov, Məmmədtağı Cəfərov, Mirdaməd Sadıqov rəhbərlik etmiş və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında böyük əmək sərf etmişlər.

Universitetdə 6 fakültə, 31 kafedra fəaliyyət göstərir ki, burada 532 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 20 nəfəri elmlər doktoru, professor, digərləri fəlsəfə doktoru, dosent, baş müəllim, assistent və müəllimlərdir. Universitetdə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. 2013/2014-cü tədris ilindən bakalavriat səviyyəsinə "dünya iqtisadiyyatı" ixtisası üzrə ingilis dilində aparılan qrup üzrə tələbə qəbulu həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 24 may 2013-cü il tarixli 63 nömrəli sərəncamı ilə 2013/2014-cü tədris ili üçün bakalavriat səviyyəsində 11 - əczaçılıq, aqromühəndislik, aqronomluq, baytarlıq, meliorasiya və su təsərrüfatı mühəndisliyi, ekologiya, meşəçilik, torpaqşünaslıq və aqrokimya, su bioehtiyatları və akvabitkilər, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, zootexniklik ixtisasları üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

Azərbaycan dövləti ali təhsil müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsinə və müasirləşdirilməsinə daim diqqət və qayğı göstərir. Nazirlər Kabinetinin qərarı ilə universitetə üç ədəd "Hyundai" avtobusu, bir ədəd "Peugeot" markalı mikroavtobus verilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq xidməti tərəfindən universitetə bütün avadanlıqları ilə birlikdə baytar-sanitar ekspertizası laboratoriyası, "Aqrolizinq" ASC-nin xətti ilə 16 adda yeni xarici kənd təsərrüfatı texnikası, o cümlədən "New Holland" markalı taxılyığan kombayn, "Belarus MTZ-892" traktoru, kotan, toxumsəpən, çiləyici, kartofbasdıran, bağlıq və üzümlükdə cərgəarası becərən frez, mineral gübrəsəpən, rotorlu və bıçaqlı otbiçən, pnevmatik toxumsəpən, kartofqazan və s. verilmişdir. Hazırda universitetin 1.500 kvadratmetr sahədə zəngin maşın-traktor parkı yaradılmışdır. Parkda avtobus, yük avtomobilləri, traktor və müxtəlif markalı müasir kənd təsərrüfatı maşınlarının olması, təcrübə məşğələlərinin, sürmə təlimlərinin canlı təşkilinə, tələbələrin müasir texnikanın quruluşunu, nizamlanmasını və istismar qaydalarını dərindən öyrənməsinə imkan və şərait yaradır, eyni zamanda elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Tədris prosesinin səmərəli təşkili, sessiya imtahanlarının tam obyektivlik şəraitində keçirilməsi məqsədilə son bir ildə universitet 165 müasir kompyuter və noutbuk, 60 müasir mikroskop, 10 dequstasiya stolu, 5 "ağıllı lövhə" və 80-dən çox müxtəlif adda müasir informasiya texnologiyası avadanlıqları ilə təchiz olunmuşdur. Bundan başqa, aqronomluq və mühəndislik fakültələri üçün müasir laboratoriya avadanlıqları da alınmışdır. İmtahan sessiyaları Təhsil Nazirliyinin normativ hüquqi sənədlərinin tələbləri əsasında tam aşkarlıq şəraitində obyektiv keçirilmiş, birinci və ikinci kurslarda test imtahanlarının qəbulu kompyuterlər vasitəsilə təşkil olunmuş, tələbə-müəllim münasibətlərində tam şəffaflıq təmin edilmişdir.

ADAU-nin fəaliyyəti yalnız kənd təsərrüfatı mütəxəssisləri hazırlamaqla bitmir. Belə ki, respublikada kənd təsərrüfatının ayrı-ayrı sahələrinə aid sanballı elmi-tədqiqat işlərinin aparılması da onun adı ilə bağlıdır. Müasir səviyyəli ciddi elmi-tədqiqat axtarışları onun ölkəmizin məşhur elm ocaqları ilə bir səviyyədə durmasına imkan yaratmışdır.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi mövzu planı, Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi və institutları ilə əməkdaşlıq müqavilələri, Dünya Bankının maliyyəsi ilə həyata keçirilən İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsinin dəstəyi və təsərrüfathesablı sifarişlər əsasında ADAU-nin elmi-tədqiqat işlərinin mövzu planı hazırlanmışdır. Elmi işlərin yerinə yetirilməsində universitetin 30 kafedrası, sahəvi laboratoriyaları, 5 istiqamət, 7 problem və 25, o cümlədən dövlət qeydiyyatından keçmiş 9 mövzu üzrə 534 əməkdaşı iştirak edir. Yerinə yetirilən işlərin nəticəsində tətbiqi və innovasiya xarakterli, istehsalat əhəmiyyətli nailiyyətlər qazanılmışdır.

Yeni "ADAU-80" yüksək keyfiyyətli dən məhsuldarlığına malik qarğıdalı sortu yaradılmış, bir çox qabaqcıl fermer təsərrüfatlarında toxumluq məqsədilə səpin aparılmış və çoxaldılaraq digər fermer təsərrüfatlarına verilmişdir. 2013-cü ildə alimlərimiz tərəfindən "Məhsuldar " və "Gəncə" qarğıdalı, "Qismət" Tritikale və "Qırmızı buğda" yumşaq sortu rayonlaşdırılmaq üçün respublika Sort Sınaq Stansiyasına təhvil verilmişdir.

ADAU-nin Norveç Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirdiyi "Azərbaycan və Norveç arasında davamlı kənd təsərrüfatı üzrə təhsilin tədqiqatında akademik tərəfdaşlıq" adlı qrant layihəsinə əsasən aqronomluq fakültəsinin təcrübə sahəsində bakalavriat, magistrant və doktorantlar tədqiqat məqsədilə quraşdırılan meteoroloji stansiyada meteogöstəriciləri: gündəlik nəmlik (yağıntının miqdarı), günəş radiasiyası, küləyin sürəti, havanın hərarəti və nisbi rütubət təyin edilir.

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrası virus xəstəliklərinin diaqnostikası məqsədilə "Eliza" sistemi və digər laboratoriya avadanlıqları ilə təchiz olunmuşdur. Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisası üzrə qapalı balıq dövrə sisteminin qurulması üçün Türkiyənin İstanbul Universiteti ilə müqavilə imzalanmışdır. Dünyada yüksək ət məhsuldarlığı ilə şöhrət tapmış hissar qoyun cinsinin hesabına Göygöl rayonunda fəaliyyət göstərən respublika süni mayalandırma mərkəzinin mütəxəssisləri ilə həmin rayonun Hacıməlik qoyunçuluq fermer təsərrüfatında elmi-tədqiqat işinə başlanılmışdır.

Elektroenergetika sahəsində elektrik təchizatı və müəssisədaxili şəbəkələrdə elektrik enerjisi itkilərinin aradan qaldırılması layihəsi və kiçik, orta su sərfinə malik dağ çaylarının üzərində su elektrik stansiyalarının tikilməsi üçün texniki layihə işlənib hazırlanmışdır.

Aqromühəndislik fakültəsində kənd təsərrüfatı məhsullarının qurudulması üçün patent səviyyəsində sadə və effektiv günəş kollektorları işlənib hazırlanmış, onların kütləvi istehsalı üçün layihə-konstruktor sənədləri tərtib edilmişdir. Layihə əsasında Rusiya Elmi-Tədqiqat Rezin Sənayesi İnstitutunun zavodunda orijinal günəş kollektoru hazırlanaraq sınaqdan çıxarılmışdır.

Universitet alimlərinin apardığı tətbiqi xarakterli işlər Zaqatala və Şəmkir rayonlarının kəndli-fermer təsərrüfatlarında davam etdirilir. Əksər kafedralar qabaqcıl fermer təsərrüfatları ilə müqavilə bağlayıb sifarişli əsaslarla elmi-tədqiqat işi aparırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq "fəlsəfə doktoru" və "elmlər doktoru" elmi dərəcəsi almaq üçün ADAU-da 8 elm sahəsi üzrə müdafiə şuraları fəaliyyət göstərir. Son bir ildə universitetdə 1 nəfər elmlər, 6 nəfər fəlsəfə doktorluğu üzrə müdafiə etmişdir

Son iki ildə universitetin əməkdaşları tərəfindən 63 adda dərslik və dərs vəsaiti, 15 monoqrafiya, 1.447 elmi əsər, o cümlədən elmi məqalələrin 136-sı xarici ölkə jurnallarında nəşr edilmişdir. Dərslik, dərs vəsaitləri və monoqrafiyalara əməkdaşlıq etdiyimiz xarici ölkələrin tanınmış alimlərinin rəyinin alınması təcrübəsi də genişlənir. Fransanın paytaxtı Paris şəhərində yerləşən ISSN Beynəlxalq Mərkəzinin rəsmi məktubuna əsasən ADAU-nun Elmi Əsərləri Məcmuəsi ISSN 2310-4104 nömrəsi ilə qeydiyyatdan keçmişdir.

Universitetdə 2009-cu ildən beynəlxalq əlaqələr şöbəsi fəaliyyət göstərir. Şöbənin qarşısında təhsil, elmi-tədqiqat, mədəni fəaliyyətləri beynəlxalq aləmdə inkişaf etdirmək və əcnəbi tələbələri cəlb etmək, aqrar sahədə beynəlxalq nümunəvi universitetə çevrilmək, ADAU-nun dünya və Avropa təhsil sisteminə inteqrasiyası, təhsilin Bolonya prosesinə qoşulması ilə əlaqədar qabaqcıl ölkələrin təcrübələrini öyrənərək beynəlxalq standartlara uyğun kadr hazırlığı, tədris-metodiki təminatı və elmi-tədqiqat işləri sahəsində beynəlxalq əməkdaşlıq imkanları yaratmaq kimi strateji məqsəd durur.

2008-ci ildən başlayaraq ADAU-da özünümaliyyələşdirmə əsasında Distant və Əlavə Təhsil Mərkəzi fəaliyyət göstərir. Mərkəzin məqsədi aqrar bölmədə çalışan mütəxəssislərin ixtisasının artırılması, yenidən hazırlanması və distant təhsilin təşkilidir. Distant və Əlavə Təhsil Mərkəzinin fəaliyyəti Azərbaycan Respublikasının Təhsil qanunu, Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 63¹li "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" tələbləri baxımından KTN-in müvafiq göstəriş və sərəncamlarına uyğun qurulur. İndiyə kimi mərkəzin xidmətlərindən 623 nəfər məzun bəhrələnmişdir. Hazırda mərkəzdə 25 ixtisas üzrə ali təhsil, 21 ixtisas üzrə orta ixtisas təhsili bazasında 420 nəfər dinləyici təhsil alır.

Elmi axtarışlarını davam etdirən professor-müəllim kollektivi Azərbaycanda kənd təsərrüfatı elminin inkişafını təmin etmək üçün bu gün daha gərgin işləyir. Möcüzəli təbiətin sirlərinin açılması insana həyat verən, onun yaşam tərzini tənzimləyən torpaqdan daha səmərəli istifadənin elmi araşdırılmasını tələb edir. Bu gün Azərbaycanda bitkiçiliyin və heyvandarlığın inkişafı ondan xəbər verir ki, əsrlərdən bəri insana əbədi qida verən torpaq elmi şəkildə əkilib-becərilirsə, deməli, bu nemət həmişəlik insanların olacaqdır. Təsadüfi deyilməyib ki, torpağın da dili var. Onu öz dilində danışdıranda insan istədiyini əldə edə bilir. Üstəlik, elmi bilikləri, təfəkkür və düşüncəni də buna əlavə etsək, biz torpaqdan istədiyimizi asanlıqla qazana bilərik. Bu gün Azərbaycanda kifayət qədər müasir standartlara cavab verən fermer təsərrüfatlarının, heyvandarlıq komplekslərinin, aqrolizinqlərin, quşçuluğun və sair sahələrin daha sürətli və dünya səviyyəsində inkişafını təmin etmək üçün, təbii ki, kadr potensialı böyük rol oynayır. Məhz bu problemin həlli birbaşa bizim universitetdən keçir. Təhsilin keyfiyyətini yüksəldən şərait varsa, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün kifayət qədər elmli və bilikli kadr hazırlamaq mümkündür. Qətiyyətlə qeyd etmək istəyirik ki, hazırda Prezident İlham Əliyevin dəstəyi və qayğısı sayəsində universitetimizdə tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi üçün tam şərait yaradılmışdır. Bu da, şübhəsiz, üzərimizə düşən vəzifənin həllinə doğru atılan addımları sürətləndirəcək.

Qarşımızda bu gün daha ciddi məsələlər dayanır. Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, təbii ki, aqrar bölmənin də inkişafı vacib sayılan amillərdəndir. Axı Azərbaycan kifayət qədər münbit iqlimə, kənd təsərrüfatının inkişafı üçün zəngin təbii resurslara malikdir. Mövcud imkanları və şəraitə malik olan aqrar sahə mütəxəssisi, şübhəsiz, qiymətləndirməli, bu istiqamətdə müasir standartlara cavab verən dünyəvi biliklərə yiyələnməlidir. Bu, bizim başlıca vəzifəmizdir. Qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərən möhtərəm Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri icra etmək üçün zəngin flora və faunası olan Azərbaycanın kənd təsərrüfatının strateji inkişafı günün vacib tələblərindəndir. Hamımızın bərəkət mənbəyi hesab etdiyimiz torpağın elmi sirlərini öyrənmək inkişafımızın təməl daşı, uğurlarımızın açarıdır. Bütün bunlar Azərbaycanda kənd təsərrüfatının kompleks inkişafı üçün çox mühüm və həlli vacib məsələlərdəndir.

 

İbrahim CƏFƏROV,

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor

 Azərbaycan.- 2014.- 14 may.- S.6.