Müasir dövrdə fundamental elmi nəticələrin önəmi və dəyərləndirilməsi

 

 

Bir millət özünün elm, incəsənət və siyasi xadimləri ilə tanınar.

Heydər ƏLİYEV

Mən uzun həyatım boyunca bir şey öyrəndim: bütün elm reallıqla müqayisədə çox sadə və sadəlövhdür, buna baxmayaraq, elm bəşəriyyətin əldə etdiklərindən ən qiymətlisidir.

 

Albert EYNŞTEYN

 

Bəşəriyyət bugünkü zənginliyinə görə hər şeydən əvvəl texniki elmlərin, xüsusilə də fundamental elmlərin inkişafına minnətdar olmalıdır. Dünyanın böyük dövlətləri iqtisadi və müdafiə güclərini fundamental elmlərdə əldə edilən yeni nəticələri tətbiq etməklə artırmaqdadır. Buna görə indiki dövrdə də fundamental elmlərin inkişafı bütün inkişaf etmiş dünya dövlətləri tərəfindən çox ciddi bir şəkildə diqqət mərkəzində tutulur. Qeyd etmək lazımdır ki, fundamental elmlər beynəlxalq mahiyyətə malikdir. Yəni hər hansı bir ölkə alimi tərəfindən əldə edilən bir fundamental elmi nəticə başqa ölkələrdə yaşayanlar tərəfindən də istifadə edilə bilər. Bu nöqteyi-nəzərdən hər bir ölkənin və millətin alimlərinin fundamental elmlərin inkişafına verdiyi töhfələr nə qədər çox və əhəmiyyətlidirsə, həmin millətin və o ölkənin də beynəlxalq miqyasda inkişaf etmiş bir millət və dövlət kimi tanınması və sayılması da o qədər əhəmiyyətlidir. Dünya elm xəzinəsinə belə töhfələri verən alimlər məxsus olduqları millətin və dövlətin qüruru və fəxridirlər. "Bizim də imzamız var bu imzalar içində" deyimini mövzuya uyğunlaşdırsaq, sevinclə və qürurla qeyd edə bilərik ki, Azərbaycan alimlərinin də müasir dünya elm xəzinəsinə verdikləri çox ciddilayiqli töhfələr var. Deyilənlərə  bariz bir nümunə olaraq 2014-cü il Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə (elm sahəsində) Dövlət mükafatına təqdim edilmiş  "Kompozit materiallargeoloji mühit mexanikasının müasir elmi əsaslarının yaradılması, elm və texnikanın müxtəlif sahələrində tətbiqi" probleminin fundamental tədqiqatlarını (1974-2014-cü illərin elmi nəşrlər silsiləsi, müəlliflər: AMEA-nın müxbir üzvü H.H.Quliyev, AMEA-nın müxbir üzvü S.C.Əkbərov, AMEA-nın müxbir üzvü R.C.Cavanşir) göstərmək olar.

Dövlət mükafatına təqdim edilən bu elmi tədqiqatlar silsiləsində əldə edilən fundamental elmi nəticələr dünyanın mövzu ilə əlaqədar ən önəmli beynəxalq jurnallarında dərc edilib. Əldə edilən nəzəri elmi nəticələr bir çox mexanikageoloji hadisələrin izah edilməsinə imkan verib.

Təqdim edilən elmi əsərlərin deformasiyaya uğrayan bərk cisimlər və kompozit materiallar mexanikasındakı yerini və əhəmiyyətini göstərmək üçün bu əsərlərdə əldə edilən bir çox əhəmiyyətli nəticələrdən birinin üzərində daha ətraflı dayanmaq istərdik.

Bu nəticələr üçölçülü xəttiləşdirilmiş dayanıqlıq nəzəriyyəsinə aiddir. Qeyd edək ki, bu nəzəriyyə  XX əsrin birinci yarısında deformasiyaya uğrayan bərk cisim mexanikasının korifeyləri tərəfindən yaradılmış, XX əsrin ikinci yarısında daha da inkişaf etdirilmiş  bir çox konkret problemin həllinə tətbiq edilmişdir. Ancaq üçölçülü xəttiləşdirilmiş dayanıqlıq nəzəriyyəsi tədqiqatçı alimlərin işlərində mexaniki xassələri zamandan asılı olmayan materiallar üçün inkişaf etdirilmişdir. Eyni zamanda, mexaniki xassələri zamandan asılı olmayan materiallardan hazırlanmış konstruksiya elementlərinin dayanıqlığının öyrənilməsinə tətbiq edilmişdir. Üçölçülü xəttiləşdirilmiş dayanıqlıq nəzəriyyəsinin mexaniki xassələri zamandan asılı olan materiallar üçün inkişaf etdirilməsi və mexaniki xassələri zamandan asıolan materialdan (məsələn, özlü-elastik materialdan) hazırlanmış konstruksiya elementlərinin dayanıqlığının öyrənilməsinə tətbiqi ilk dəfə yuxarıda adı göstərilən və dövlət mukafatına təqdim edilən silsilə işlərin müəllifləri tərəfindən edilmişdir. Azərbaycan alimləri tərəfindən yaradılan bu nəzəriyyə təkcə kompozit materiallar mexanikasında deyil, həm də geomexanikadabir çox geoloji hadisələrin riyazi modernləşdirilməsində də çox əhəmiyyətli olmuşdur. Bu sahədə alimlərimizin əldə etdiyi elmi nəticələr onların "Şpringer" beynəlxalq nəşriyyatında dərc edilmiş hər biri 460 səhifəlik həcmində olan iki monoqrafiyasında sistematik bir şəkildə verilmişdir.

Bundan başqa, alimlərimizin başlanğıc deformasiyaya məruz qalmış ikimateriallı (elastik-elastik; özlüelastik-elastik, pyezoelektrik-elastiks. kimi) çoxtəbəqəli silindrlərin və lövhələrin dinamikasına aid olan və dünyanın bu sahədəki ən məşhur elmi jurnallarında dərc edilən yüzlərcə elmi işi, bu işlərə başqa alimlər tərəfindən edilən minlərcə istinadlar dövlət mükafatına təqdim edilən işlərin bu mükafata layiq olduğunu göstərən dəlillərdən daha biridir.

AMEA-nın müxbir üzvləri H.H.Quliyevin, S.C.Əkbərovun və R.C.Cavanşirin əldə etdikləri bu elmi nəticələr sayəsində kompozit materialların qırılmasında və geoloji kəsilişlərin davranışında əvvəllər izah edilə bilinməyən bir çox hadisənin izah edilməsi mümkün olmuşdur. Bundan başqa, bu elmi nəticələrin iqtisadi göstəriciləri olan bir sıra tətbiqləri də varbu tətbiqlərdən müəlliflik haqqı alınmışdır.

Yuxarıda deyilənlərdən görundüyü kimi, Azərbaycan elmini dünya miqyasında layiqli bir şəkildə təmsil edən, kompozit materiallar mexanikasında və geomexanikada özlərinə məxsus bir cığır açmış və dünya alimləri tərəfindən tanınmış və qəbul edilmiş alimlərimizin (AMEA-nın müxbir üzvləri H.H.Quliyevin, S.C.Əkbərovun və R.C.Cavanşirin) 2014-cü il Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə (elm sahəsində) Dövlət mükafatına layiq görülməsi Azərbaycan elmi ictimaiyyəti tərəfindən razılıqla qarşılanar.

 

Q.CALALOV,

texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA Geologiya

Geofizika İnstitutunun Layın hidroqazdinamikası şöbəsinin rəhbəri

Azərbaycan.- 2014.- 14 may.- S.6.