Sumqayıtda kitab bayramı keçirilmişdir

 

Dünən Sumqayıtın Bayraq meydanında ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi önündə ənənəvi kitab bayramı keçirildi.

«Heydər Əliyev 91- kitab bayramı» devizi ilə keçirilən mərasimdə   respublikanın aparıcı nəşriyyatlarında son bir ildə işıq üzü görən müxtəlif kitablar sərgilənmişdi. Abidənin ətrafında masalar üzərinə düzülən kitablar tədbir iştirakçılarına sonsuz sevinc bəxş etdi. Ümummilli liderin həyat və yaradıcılığına həsr olunan nəşrlər, tariximizi özündə əks etdirən monoqrafiyalar, gənc və uşaq ədəbiyyatının nəfis  nümunələri hamının böyük marağına səbəb oldu.

Kitab bayramında sərgilənən nəşrlər geniş oxucu auditoriyası üçün nəzərdə tutulub və demək olar ki, müxtəlif yaş, düçüncə tərzi və maraq dairələri olan insanları özündə birləşdirməyə cəhd edir. Azərbaycanın yüksələn iqtisadiyyatı, cümhuriyyət tarixi, şair və yazıçıların dəyərli əsərləri bu bayramda oxuculara fəxarətlə təqdim edildi.

Bayraq meydanında şəhərin teatr kollektivlərinin ifasında Azərbaycanın millitarixi qəhrəmanlarının səhnələşdirilmiş surətləri kitab bayramına xoş bir ovqat qatdı. Sumqayıtın aktyorları zamanı geri döndərib səhnədən Makedoniyalı İsgəndər, Zərdüşt, Nizami Gəncəvinin obrazında keçib getdilər, bir  çox tarixi şəxsiyyətlərin  kitab haqqında kəlamlarını söylədilər.   Şəhər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin gənc rəssamlarının əl işləri kitabsevərlərə bir daha Sumqayıtın gənc istedadları ilə öyünməyə imkan verdi. Hətta rəssamların ayrıca sərgisinin keçirilməsi qərara alındı.

Nəşriyyat rəhbərləri, kitab evlərinin nümayəndələri ilə görüşdə çıxış edən şəhər icra hakimiyyətiniin başçısı Eldar Əzizov sumqayıtlıları bayram münasibətilə təbrik etdi. Bu gün nümayiş etdirilən kitabların çoxunun Heydər Əliyev Fondunun yardımı və dəstəyi  ilə nəşrə hazırlandığını bildirdi.

 Sumqayıtlı oxucuların xüsusi zövqə malik olduğunu nəzərə alan tədbir təşkilatçıları  mərasimdə sərgilənən kitabların böyük hissəsini sakinlərə hədiyyə kimi payladılar. Tədbir bayram  konserti ilə davam etdirildi.

 

Akif ƏLİYEV

Azərbaycan.- 2014.- 14 may.- S.7.