“Təmiz Şəhər” ASC və “ADA” Universiteti növbəti birgə ekoloji layihəyə başlamışlar

 

“Təmiz Şəhər” ASC və “ADA” Universiteti tərəfindən birgə “İkinci həyat” ekolojisosial layihəsinə başlanılmışdır.

ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, həm tullantıların azaldılması, həm də xeyriyyəçilik cəhətdən vacib olan bu layihənin məqsədi ətraf mühitin mühafizəsi sahəsinə hər zaman diqqət yetirən və “yaşıl siyasəti” ilə fərqlənən tədris müəssisəsində təhsil alan tələbələrdə sosial məsuliyyət aşılamaqdır. Layihə tələbələr tərəfindən istifadə edilməyən geyim və əşyaların toplanmasını və ehtiyacı olan gənclərə ötürülməsini, bununla da bu əşyalara ikinci həyatın bəxş edilməsini də nəzərdə tutur.

Layihə çərçivəsində universitetin ərazisində və tədris binalarında yığım məntəqələri quraşdırılmışdır. Mayın 31-dək davam edəcək layihə çərçivəsində toplanan bütün geyim və əşyalar Gənclərin Güvənc Körpüsü Şəbəkəsi vasitəsilə ehtiyacı olan gənclərə hədiyyə ediləcəkdir.

“Təmiz Şəhər” ASC və “ADA” Universiteti 2013-cü il sentyabrın 25-dən etibarən bərk məişət tullantılarının çeşidlənmiş şəkildə yığılması və daşınması üzrə birgə layihə həyata keçirir. Məqsəd tələbələrə bu işin səmərəliliyini və “yaşıl düşüncə” prinsipinin aşılanmasıdır. Tədris müəssisəsində tullantıların üç növü – sərinləşdirici içki qabları, kağız-karton və qarışıq tullantılar üzrə müxtəlif işarəli konteynerlər quraşdırılmış, təşviqat materialları hazırlanmış və müxtəlif ekoloji layihələr icra olunmuşdur.

 

Azərbaycan.- 2014.- 14 may.- S.7.