Ümummilli lider Heydər Əliyevin

anadan olmasının 91-ci ildönümü

Moskvada təntənə ilə qeyd edilmişdir

 

Mayın 7-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş təntənəli qəbul təşkil edilmişdir.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin qarşısına tər çiçək dəstələri düzmüşlər.

Səfir Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından, ulu öndərin yorulmaz fəaliyyəti sayəsində beynəlxalq aləmdə layiqli yer tutan suveren Azərbaycan dövlətinin təşəkkül tapmasında və möhkəmlənməsində Ulu Öndərin rolundan söz açmışdır.

Diplomat demişdir ki, böyük siyasi xadim dağılmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən Azərbaycanı parçalanmaqdan xilas etmişdir. P.Bülbüloğlu ulu öndərin rəhbərliyi altında işlədiyi dövrləri xatırlayaraq demişdir: ”Bu, mənim üçün böyük şərəf və təkrarsız həyat məktəbi idi. Heydər Əliyev hakimiyyətə qayıdanda ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Lakin Heydər Əliyev öz nüfuzu, ağlı və bacarığı ilə tərəfləri barışdıra, xalqı birləşdirə bildi. Bu gün Ulu Öndərdən tərbiyə və tövsiyələr almış Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir və çiçəklənir”.

Səfir əlavə etmişdir ki, Azərbaycan Prezidenti Rusiyadan gələn nümayəndə heyətlərinə xüsusi diqqətlə yanaşır. O demişdir: “Mən fəxr edirəm ki, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edirdövrümüzün ən mürəkkəb məsələlərinin həllində qarşılıqlı anlaşma mövcuddur. Ümid edirəm ki, həmişə də belə olacaqdır”.

Təntənəli gecədə səfir Polad Bülbüloğlu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin üzvü Aleksandr DzasoxovaDostluqordenini təqdim etmiş və Azərbaycan ilə Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə A.DzasoxovunDostluqordeni ilə təltif olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını oxumuşdur.

A.Dzasoxov yüksək mükafata görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək demişdir: “Sizin Heydər Əliyev irsinə qayğı ilə yanaşmağınız məni çox sevindirir. Əminəm ki, illər ötəcək və Azərbaycan xalqının tarixində Heydər Əliyevin adı xalqın rifahı naminə qəhrəmanlıq rəmzi olaraq qalacaqdır”.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Ulu Öndərlə çoxsaylı görüşləri barədə xatirələrini bölüşərək demişdir: “Əgər 1990-cı illərin əvvəllərində Heydər Əliyev Bakıya qayıtmasa idi, Azərbaycan adlı bir dövlət olmayacaqdı”.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev qeyd etmişdir ki, Heydər Əliyev təkcə azərbaycanlıların deyil, həm də keçmiş Sovet İttifaqı respublikalarının bütün xalqlarının qəlbində silinməz iz qoymuşdur. O demişdir: “Azərbaycanın Moskvadakı səfirliyində görüşlərimiz və Heydər Əliyev ilə şəxsi ünsiyyətimiz barədə xatirələrimizi bölüşməyimiz artıq ənənəyə çevrilmişdir. Mən Heydər Əliyev ilə dəfələrlə görüşmüşəm. O qəti əmin idi ki, keçmiş Sovet İttifaqının xalqları ənənəvi dostluq münasibətlərini qoruyub saxlamalıdırlar. Heydər Əliyev böyük təcrübəsindən irəli gələrək bilirdi ki, mürəkkəb məsələləri birlikdə həll etmək lazımdır”.

Dünya şöhrətli şahmatçı, Rusiya Dövlət Dumasının deputatı Anatoli Karpov Azərbaycan xalqının Ümummilli Lideri ilə görüşlərindən, onun dəvəti ilə Bakıya səfərindən danışmış və vurğulamışdır ki, Heydər Əliyev Azərbaycan xalqının böyük lideri, eyni zamanda, dünya miqyaslı siyasi xadimdir.

Təntənəli gecədə çıxış edən Rusiya Federasiya Şurası sədrinin birinci müavini Aleksandr Troşin, Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski, Rusiyanın Əməkdar Rəssamı Nikas Safroniv və başqaları XX əsrin görkəmli siyasi xadimi barədə xoş xatirələrini bölüşərək bildirmişlər ki, Ulu Öndər xalqına və ölkəsinə həmişə qəlbən bağlı olmuş, onun təəssübünü çəkmişdir. Heydər Əliyev onların müdrik müəllimi və gözəl insan olmuşdur. Natiqlər xüsusi vurğulamışlar ki, Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin layiqli siyasi varisidir. Azərbaycanın beynəlxalq aləmdə və ölkə daxilində qazandığı böyük nailiyyətlər, onun dinamik sosial-iqtisadi inkişafı bunu bir daha təsdiqləyir.

Mərasimdə Rusiyanın tanınmış siyasiictimai xadimləri, Moskvada akkreditə olunmuş xarici ölkə səfirliklərinin, Rusiya XİN-in nümayəndələri, müharibə veteranları iştirak etmişlər.

 

Fəridə Abdullayeva

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2014.- 9 may.- S.16.