Mənəvi-intellektual yüksəlişə

xidmət edən missiya

 

Heydər Əliyev Fondu  2004-2014

 

Cəmiyyətdə mühüm siyasi prosesləri istiqamətləndirən, hadisələrin fövqündə dayanmaqla tarixi inkişafın gedişini əvvəlcədən müəyyənləşdirən fenomen siyasi liderlər ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Müəyyən zaman kəsiyində tarixi inkişafın diktə etdiyi ictimai-siyasi şərait belə şəxsiyyətlərin nəyə qadir olduğunu qabarıq şəkildə üzə çıxarır. Belə taleyüklü məqamlarda bir daha təsdiqlənir ki, əsl siyasi lider daim öz cəsarəti, çevik və prinsipial qərarları, ən çətin situasiyalarda optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir.

 

Ali və nəcib məram

 

Bu günlərdə anadan olmasının 91-ci ildönümü respublika səviyyəsində geniş qeyd olunan ümummilli lider Heydər Əliyev dövrünün xilaskar və qurucu  şəxsiyyətlərindən olaraq bizlərə Azərbaycan adlı qüdrətli bir əsər bəxş etmişdir. Bu əvəzolunmaz liderin fəaliyyətinin mahiyyəti üzrə dərki son 40 ildə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Bu səhifələri vərəqlədikcə bir daha məlum olur ki, Heydər Əliyev milli ideallara bağlı lider kimi siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur.

Ümummilli lider bütün zəngin və mənalı həyatı boyu xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Ulu öndər Heydər Əliyev milli tarix üçün böyük əhəmiyyət daşıyan strateji qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi tutmuş, özünün siyasi bacarığı sayəsində Azərbaycanda müstəqil dövlətçilik təfəkkürünün inkişafını və praktik dövlət modelində məntiqi sonluğa yetişməsini təmin etmişdir.

Məhz bu reallıqlar fonunda ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusilə aktuallıq kəsb edir. Yarandığı gündən bu ali missiyanı qarşıya məqsəd qoyan, dahi öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu 10 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanın ümid yerinə çevrilmişdir. Fond ictimai təşkilat kimi fəaliyyət göstərsə də, əslində, qarşıya qoyduğu məqsədlərin miqyasına və sanbalına görə respublikamızda bənzəri olmayan nüfuzlu qurumdur.

2004-cü ilin mayında yaradılan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, milli genefondun qorunmasına, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında mənəvi körpünün salınmasına, sülh və tərəqqiyə xidmət edən mütərəqqi, sağlam ideyaların təbliğinə yönəlmişdir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf idealların ictimai şüurda möhkəmlənməsinə çalışan fond son 10 ildə nəinki respublikada, eləcə də beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qarşıya qoyduğu xeyirxah missiya yıxılanı ayağa qaldırmaq, köməksizə əl tutmaq, çarəsizdə ümid yaratmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır. Azərbaycan cəmiyyəti Heydər Əliyev Fondunun prezidentinin vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətinə nəzərən xeyirxah əməllərin nə qədər müstəcəb, vacib olduğunu dərindən dərk edir.

2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva üzərinə götürdüyü şərəfli missiyanı belə dəyərləndirir: "Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur".

Dünyanın ən nüfuzlu mədəniyyət qurumlarının Mehriban xanım Əliyevanın şəxsiyyətinə göstərdiyi bu yüksək etimad ümumilikdə dünyanın onun timsalında Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dilimizə, incəsənətimizə göstərdiyi diqqətin ifadəsidir. Bu seçimlər, eyni zamanda Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının öz fədakarlığını və bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə daha bir əyani sübut sayıla bilər.

 

Milli-mənəvi dəyərlərə yüksək sadiqlik

 

Heydər Əliyev Fondu Azərbaycanda mədəniyyət diplomatiyasını mütəşəkkil, sistemli, təşkilatlanmış, müasir dövrün çağırışlarına uyğun, ən əsası, təkcə lokal çərçivədə deyil, qlobal miqyasda həyata keçirən ilk və ən böyük təşkilatdır. Bu mənada Heydər Əliyev Fondunun sırf bu sahədəki fəaliyyətini bir çoxları Almaniyanın Höte İnstitutu və ya Böyük Britaniyanın Britaniya Şurası kimi təşkilatlarla müqayisə edirlər. Adı çəkilən qurumlar kimi, bu fond da təkcə Azərbaycanın deyil, Şərq dünyasının mühüm simvollarından birinə - milli dəyərlərin əsas təbliğatçısına çevrilmişdir. Qurum digər sahələrdəki nailiyyətləri ilə yanaşı, dünyada mədəniyyət diplomatiyasının da mükəmməl örnəyini yaradır.

Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondunun başlıca məramlarından biri ulu öndərin mənəvi irsinin, ideyalarının öyrənilməsi və təbliğidir. Bir çox tədqiqatçılar bu məqsədin fondun mədəniyyət diplomatiyası sahəsindəki novatorluğu kimi qiymətləndirirlər: Fond xalqın mədəni və mənəvi dəyərlərini özündə təcəssüm etdirən böyük bir şəxsiyyəti təbliğ etməklə, əslində, bütünlükdə Azərbaycan xalqının dəyərlərini təbliğ edir. Çünki Heydər Əliyev elə bir şəxsiyyətdir ki, Azərbaycan xalqının bütün mədəni dəyərlərini öz fəaliyyətində əks etdirir. Buna görə də Heydər Əliyev şəxsiyyətini, ideallarını təbliğ etmək eyni dərəcədə Azərbaycan mədəniyyətini yaymaq, onu dünyada tanıtdırmaq və beləliklə, xalqın öz liderinə olan beynəlxalq rəğbət və ehtiramdan ölkənin dünya birliyinə inteqrasiyasında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bəhrələnmək deməkdir.

Heydər Əliyev Fondunun milli muğamlarımızın öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti də xüsusilə təqdirəlayiqdir. Hələ 2005-ci ilin martında Parisdə - UNESCO-nun qərargahında "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminin keçirilməsi, qurumun qeyri-maddi irsinin şah əsərləri siyahısına muğamın və aşıq sənətinin də daxil edilməsi, eyni zamanda Bakıda Beynəlxalq Muğam Məhkəzinin inşası fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini göstərir.

Azərbaycana məxsus muğam incilərinin toplandığı alboma "Qarabağ xanəndələri" adının seçilməsi isə təsadüfi olmayıb, konkret siyasi məzmun daşımışdır. Bununla Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir.

Bir sözlə, Heydər Əliyev Fondu mədəniyyət diplomatiyasını Azərbaycan mədəniyyətinin geniş təbliği, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına yardım göstərilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrin təhsil müəssisələri, QHT-ləri və digər fond və təşkilatları ilə əməkdaşlığın inkişafı, beynəlxalq konfranslar və seminarların təşkili, elm və təhsil mübadilələrinin reallaşdırılması və digər bu kimi səmərəli yollarla həyata keçirir.

Bütün bunlar sadəcə, formal xarakter daşımayıb indiyə qədər Heydər Əliyev Fondunun bu məqsədlərin hər birinin aid olduğu sahələrlə bağlı çox ciddi və genişmiqyaslı beynəlxalq layihə və proqramları, konfrans və toplantıları ilə yadda qalmışdır. Parisdə Versal Sarayının parkında yerləşən abidələrin bərpası, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulmasına olan yardım, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbinin yenidən inşası, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarının müasirləşdirilməsinə kömək, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına yardım, Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkili, "Eurovision" musiqi yarışmasında Azərbaycanın  iştirakına dəstək və s. buna parlaq nümunədir.

Məhz İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın məqsədyönlü təşəbbüsləri nəticəsində 2009-cu ildə Bakı şəhəri "İslam mədəniyyətinin paytaxtı" elan olunmuşdur. Şərqlə Qərbi birləşdirən "İpək yolu"nun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz dünyanın hər iki qütbünün dəyərlərini əks etdirən incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mədəni-mənəvi məbədə çevrilmişdir. "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə tədbirlər bir daha Azərbaycanı bütün dünyada tanıtmış, İslam ölkələrinin yaxından iştirak etdikləri bu tədbirlər ISESCO tərəfindən də yüksək qiymətləndirilmişdir.

2008-ci il iyunun 10-da Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında isə Mehriban xanım Əliyeva bu sahədə qarşıda duran vəzifələrə toxunarkən demişdir: "Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?"

Əlamətdar haldır ki, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Şərqin və Qərbin sülh və şəfqət elçisi Mehriban xanım sadəcə sual qoymaqla kifayətlənmir, o, özünün beynəlxalq miqyas almış geniş və çoxcəhətli fəaliyyəti ilə bu suala həm də cavab verir, sivilizasiyalar arasında qarşılıqlı anlaşma yaradılması istiqamətində ciddi əməli addımlar atır. Mehriban Əliyeva dünyanın 10-a yaxın ölkəsinin birinci xanımlarının və planetin 60-dan çox ölkəsindən gəlmiş lider qadınların iştirakı ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" adlı beynəlxalq konfransın həm təşəbbüsçüsü, həm də təşkilatçısı olmuşdur. Dünyanın iki önəmli təşkilatı, UNESCO və ISESCO-nu da bu böyük tədbirə cəlb edərək dünyamızın gələcəyi üçün ən önəmli məsələ olan mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsinin vacibliyini və əldə edilə biləcək nailiyyətləri bir platforma kimi ortaya qoymuşdur.

Fondun təşəbbüsü ilə 2010-cu il iyunun 29-30-da Bakıda keçirilmiş və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" Forumu da dünyada sivilizasiyalar arasında dialoqa öz dəyərli töhfələri ilə yadda qalmışdır.

2012-ci ilin aprelində Parisdə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisinin açılması da Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyətinin dünyada tanıdılması istiqamətində uğurlu layihələrindən biri olmuşdur. Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə təşkil olunan sərgi Azərbaycan mədəniyyətinin və milli bənzərsizliyimizin nümayişi üçün daha bir imkan yaratmışdır. Bu genişmiqyaslı və müxtəlif istiqamətli sərgiyə göstərilən maraq deməyə əsas verir ki, tədbirin uğuru Parisin mədəni həyatında geniş əks-səda doğurmuş və əsl hadisəyə çevrilmişdir.

 

Multikulturalizm ünvanı

 

Sivilizasiyalar arasında dialoqun ən mühüm problemlərindən biri də multikulturalizmdir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyildir.

2011, 2012 və 2013-cü illərdə payız aylarında paytaxtımızda keçirilən Bakı Beynəlxalq Humanitar forumları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, müstəqillik, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur. Bütün bu nailiyyətlərin əldə olunmasında, bəşəriyyət üçün xüsusi əhəmiyyət kəsb edən bu cür təşəbbüslərin irəli sürülməsi və uğurla reallaşmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var və bu məqama xarici mətbuat da xüsusi diqqət yetirir. Amerika Birləşmiş Ştatlarının nüfuzlu "Washington Times" qəzetinin onun haqqında dərc etdirdiyi məqalədə oxuyuruq: "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müsəlman dünyası qadınları üçün ən yaxşı nümunədir!"

Ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılmış, eyni zamanda "Or-Avner" Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilmişdir. 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa işləri aparılmış dini abidələrdən biri də Binə qəsəbəsindəki Möhsün Səlim məscididir. Bu məscidin qəza vəziyyətində olması barədə qəsəbə ağsaqqallarının müraciətindən sonra bina memarlıq üslubu qorunub saxlanılmaqla əsaslı təmir edilmişdir. 2006-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə şəhərindəki Həzrəti Zeynəb məscidi yenidən qurulmuş, Buzovna qəsəbəsindəki Cümə məscidində də yenidənqurma işləri uğurla başa çatdırılmışdır.

2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında anlaşma memorandumu imzalanmışdır. Sənəddə müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. İlkin əməkdaşlıq çərçivəsində fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilmişdir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi də həyata keçirdiyi çoxşaxəli fəaliyyətində mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm məsələlərinə xüsusi diqqət yetirir. Buna nümunə olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın dəstəyi ilə Moskvada "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu" kitabının çapdan çıxması məhz Azərbaycan reallıqlarını özündə ehtiva edən fakt kimi böyük diqqət və maraqla qarşılanmışdır. Fəaliyyət coğrafiyasını daim genişləndirən qurumun təmsilçiləri, eyni zamanda, Leyla xanımın rəhbəri olduğu Rusiya Azərbaycanlıları Gənclər Təşkilatında təmsil olunan azərbaycanlı gənclər klubları eyni missiyanı təkcə Moskvada deyil, Sankt-Peterburqda, Arxangelsk, Tver, İvanovo, Yekaterinburq və digər regionlarda da uğurla yerinə yetirməkdədirlər.

2012-ci il noyabrın 8-də Londonda, Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda konfrans isə Azərbaycanın dünyada sülhün, firavanlığın təmsil olunması yönündə həyata keçirdiyi siyasətə daha bir töfhə olmuşdur. Şübhəsiz ki, Heydər Əliyev Fondu gələcək fəaliyyəti ilə bu sahədə indiyə qədər əldə edilmiş bəşəri nailiyyətlərin sırasını daha da zənginləşdirir.

 

"Təhsilə dəstək"

 

Şübhəsiz, müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın müxtəlif bölgələrində rekord sayda - 132, 2006-cı ildə isə daha 100 yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir. Ötən illərdə fondun dəstəyi ilə inşa, təmir və bərpa edilmiş, yüzlərlə müasir tipli məktəb istilik sistemi, zəngin kitabxana və kompyuter avadanlığı ilə təchiz olunmuşdur.

Fondun "Təhsilə dəstək" layihəsi də özünün humanist məqsədləri ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris vəsaitləri göndərilir.

"Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası mühüm yer tutur. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi tam yararsız vəziyyətə düşmüşdü. Fondun xəttilə qısa müddətdə inşa edilən 650 şagird yerlik təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kompyuter otağı, idman meydançası var.

"Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda, Rusiyanın Ulyanovsk şəhərində, habelə Misir Ərəb Respublikasında yeni məktəblər tikilərək istifadəyə verilmişdir. Bundan əlavə, bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə paylanılmışdır.

Layihə çərçivəsində fond 2013-2014-cü dərs ili ərəfəsində respublikanın müxtəlif məktəblərinə 15 minə yaxın çantanın və dərs ləvazimatının paylanılmasını təmin etmişdir. Aksiya respublikanın müxtəlif bölgələrində ilk dəfə məktəbə gedəcək qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini əhatə etmişdir.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də bu gün Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" bilavasitə fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evlərində, internat məktəblərində mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmışdır. Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondu yaşı 18-dən yuxarı olan, uşaq evlərini tərk edən yeniyetmələrin mənzillə təmin olunmasını da diqqət mərkəzində saxlayır.

2014-cü il fevralın 27-də isə Heydər Əliyev Fondunun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olmuşdur. Fondun prezidenti Mehriban Əliyeva bildirmişdir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib: "O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artıb. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir... Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Yeni bağçalar mövcud bağçaların ərazilərində tikilməlidir. Məndə olan məlumata görə, bağçaların bir çoxu böyük ərazidə yerləşir və geniş tikinti üçün imkanlar var. Eyni zamanda yeni torpaq sahələri ayrılmalıdır ki, təzə bağçalar tikilsin. Təmirlə bağlı, dediyim kimi, bu bağçaların əksəriyyəti keçən əsrin təxminən 30-40-50-ci illərində inşa olunub. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir. Heydər Əliyev Fondu bir neçə ildir bağça problemi ilə məşğul olur. Bu illər ərzində Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə 20 yeni uşaq bağçası inşa edilib".

Təhsil sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilir. UNESCO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması nəticəsində təşkilatlarla münasibətlər daha da dərinləşmiş, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələri əhatə etmişdir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. İndiyə qədər UNESCO baş direktorunun rəhbərliyi ilə bu qurumun çoxsaylı məsul işçiləri və ekspertləri Azərbaycanda məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr işləyib hazırlamışlar. UNESCO kimi geniş imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın bəzi pilot layihələrinin sınaqdan keçirilmə məkanı kimi məhz Azərbaycanı seçməsi  ölkədə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələr verəcəyinə yüksək inamın təzahürüdür.

Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi "Kor və zəif görən uşaqlar üçün İKT-yə çıxışın təmin edilməsi" layihəsi barədə geniş  məlumat verilmişdir. Qurum BMT-nin Əhali Fondu (UNFPA) ilə də əməkdaşlıq əlaqələrini getdikcə inkişaf etdirir. 2008-ci ilin yanvarından başlayaraq bu əməkdaşlıq çərçivəsində "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" layihə həyata keçirilir. Layihənin məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaqların məişət zorakılığından müdafiə olunması, erkən nikahların qarşısının alınması və ailədə baş verən zorakılığın uşaqlara təsirinə yol verilməməsidir.

Heydər Əliyev Fondu UNİCEF-lə əməkdaşlıq sahəsində də bir sıra ciddi uğurlara imza atmışdır. UNİCEF-lə birgə reallaşdırılan çoxsaylı layihələr sırasında deinstitutlaşma proqramının əhəmiyyətini xüsusi vurğulamaq istərdik. Fondun təşəbbüsünü yüksək dəyərləndirən hökumət uşaqların ailələrə verilməsi ilə bağlı dövlət proqramı hazırlamışdır. Cənab İlham Əliyevin 2006-cı il martın 29-da təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın məqsədi uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etməkdən və onların həmin müəssisələrə verilməsinə şərait yaradan amilləri aradan qaldırmaqdan ibarətdir. Proqram, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam cəmiyyətə qovuşmasını, isti ailə mühiti ilə əhatə olunmasını nəzərdə tutur. Hazırda 2006-2015-ci illəri əhatə edən bu proqram çərçivəsində böyük işlər həyata keçirilir. Yaxın 3-5 ildə ölkədə 45 uşaq müəssisəsinin transformasiyası planlaşdırılır.

 

Şərəfli missiya layiqli qiymətini alır

 

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın nəcib əməllərinə görə layiq görüldüyü çoxsaylı beynəlxalq mükafatlar, fəxri adlar, təltiflər ümumən Azərbaycan qadınına verilən yüksək qiymətdir. Nəcib işə beynəlxalq rəğbətin ifadəsi olan bu təltif və mükafatların sırası isə kifayət qədər genişdir. Hələ 2005-ci ilin iyun ayında xeyriyyəçilik fəaliyyətinə, eləcə də Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi sahəsində xidmətlərinə görə Mehriban xanım Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif olunmuşdur.

Azərbaycanın birinci xanımı Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq, ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə mükafata, həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə 2007-ci ilin mayında Rusiyada "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülmüşdür. Həmin il mayın 17-də Cenevrədə isə Dünya Səhiyyə Təşkilatının ali orqanı olan Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında, onların müasir avadanlıqla təchiz edilməsində Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi vurğulanmış və ona İhsan Doğramacı Ali Sağlamlıq Fondunun mükafatı təqdim edilmişdir.

Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, Azərbaycanın qadın ictimaiyyətinin "Qadın və inkişaf" mükafatı və digər ödüllər də onun layiq görüldüyü mükafatlar cərgəsindədir.

Heydər Əliyev Fondunun prezidenti 2010-cu ildə iki mötəbər mükafata - Fransa dövlətinin "Şərəf Legionu" ordeninə və UNESCO-nun "Qızıl Motsart" medalına layiq görülmüşdür. Bununla yanaşı, Mehriban xanım Əliyeva "Türk Dünyasına xidmət" mükafatını, Krans Montana Forumunun Qızıl medalını almışdır. İNTERPOL-un 2011-ci ildə təsis etdiyi - "Daha təhlükəsiz dünyanın yaradılmasında xidmətə görə" yadigar medalının bütün dünyada ilk dəfə olaraq Mehriban xanım Əliyevaya təqdim olunması da onun gördüyü işlərə verilən diqqətin parlaq nümunəsi kimi böyük tarixi əhəmiyyətə malikdir.

Heydər Əliyev Fondunun prezidentinə humanitar fəaliyyət sahəsindəki xidmətlərinə görə MDB-nin "Birliyin ulduzları" mükafatı da təqdim edilmişdir. Bu yüksək mükafat MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilmişdir. "Birlik ulduzları" dövlətlərarası mükafatı hər il elm, təhsil, mədəniyyət və incəsənət sahələrində böyük uğur və töhfələrə, dünya nailiyyətləri səviyyəsinə uyğun olan və MDB ölkələrinin humanitar əməkdaşlığına şərait yaradan humanitar fəaliyyətə görə verilir.

Mehriban xanım Əliyevaya 2012-ci ildə məzunu olduğu İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adı da verilmişdir. O, eyni zamanda Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən "İlin birinci xanımı" (First lady) seçilmişdir. Jurnalda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tərcümeyi-halı, ictimai-siyasi fəaliyyəti, indiyədək layiq görüldüyü mükafatlar, ölkəmizlə bağlı həqiqətlərin təbliği sahəsindəki xidmətləri barədə yazı da verilmişdir.

Ümumiyyətlə, dünyanın əksər nüfuzlu mətbu orqanlarında fondun reallaşdırdığı layihələrlə bağlı tez-tez dərc olunan və böyük əks-səda doğuran materiallar Mehriban xanım Əliyevanın fəaliyyətinin beynəlxalq aləmdə nə qədər diqqətlə izləndiyini və böyük rəğbətlə qarşılandığını göstərir.

Antik yunan filosofu Heraklit yazırdı ki, "Hər bir insanın xasiyyəti onun taleyidir". Başqa sözlə, hər bir insanın xarakteri onun taleyini müəyyənləşdirir. Xarakter insanın mənəvi keyfiyyətini, fərqli cəhətlərini, obyektiv həqiqətə münasibətini də ifadə edir. Bu mənada Mehriban xanım Əliyeva üzərinə götürdüyü missiya ilə həyat kredosunu yüksək mənəvi keyfiyyətlər əsasında qurduğunu, bəşəriyyətin nicatına çalışan böyük şəxsiyyətlərlə bir sırada addımladığını nümayiş etdirir.

 

Elxan HÜSEYNOV,

Sumqayıt Dövlət Universitetinin rektoru

 

Azərbaycan.- 2014.- 9 may.- S.12.