Qələbə! Ancaq nəyin bahasına?

 

Böyük müharibənin canlı tarixi ilə üz-üzə

 

Həmsöhbətim 90-nı haqlasa da olduqca sağlam   gümrahdır. Hafizəsinə isə  söz ola bilməz. Ensiklopedik məlumata malik yaddaş boğçasını "detallarınadək" xatırlamağı və keçdiyi ömür yolunu  maraqlı hekayət kimi vərəqləməyi bacarır. Özü demiş, "Qələbənin yaşı qədər, yəni 69 illik əmək stajı" var. Ömür yolu çoxçalarlı olsa da onun ən əzablı parçası müharibə ilə bağlı olub. 17 yaşındaykən cəbhəyə gedib, bir də səkkiz ildən sonra vətənə qayıdıb. Qələbə uğrunda döyüşlərdə göstərdiyi igidliyə və əmək fəaliyyətindəki uğurlarına  görə 5 orden, 17 medal qazanıb. Müharibədən sonrakı həyatı daim ucalan  xətt üzrə keçib. Partiya-sovet orqanlarında, qəzet redaksiyasında, Ali Sovetin Rəyasət Heyətində, Mərkəzi Seçki Komissiyasında yüksək vəzifələrdə çalışıb. Əlbəttə, bunlar barədə öz dilindən eşitmək daha xoş olar.

Beləliklə, faşizm üzərində qələbəni təmin edən milyonlardan biri, o dəhşətli illərin canlı şahidi, qocaman jurnalist və ictimai xadim Çingiz Ələkbərovla söhbətimin mətnini oxuculara təqdim edirəm:

 

- Sovet dövründə "Böyük Vətən müharibəsi" adlandırdığımız 1941-1945-ci illər müharibəsinin ölüm saçan alovları bizdən də yan keçməyib. Azərbaycan bu müharibəyə 600 min vətəndaşını göndərib. Onlardan yalnız yarısı sağ qalıb. Qayıdanların da böyük əksəriyyəti bədənində güllə-qəlpə yarası, beynində mühaibənin dəhşətli xatirələrini gətirib. Siz də onlardan biri olmusunuz. Lap yeniyetmə çağında, gənclik ömrünün ləzzətini dadmamış birbaşa cəbhəyə göndərilmisiniz. Bu, necə olub? Ümumiyyətlə, əsgər paltarı geyinənədək olan həyatınızı qısaca danışmanızı xahiş edirəm.

- Bakının o vaxtkı Oktyabr rayonunda doğulub böyümüşəm. 172 saylı orta məktəbdə təhsil almışam. 9-cu sinifdə oxuyarkən qrupumuza qarayanız bir oğlan qoşuldu. Olduqca sakit və düşüncəli görünən bu oğlan gələcəyin böyük şairi Bəxtiyar Vahabzadə idi. Ailəlikcə Şəkidən köçüb gəlmişdilər, bizim qonşuluğumuzda yaşayırdılar. Bəxtiyarla çox tez dostlaşdıq. Şəhəri yaxşı tanımadığından hər yerə birgə gedərdik. Yazıçılar İttifaqının təşkil etdiyi poeziya dərnəyinə də birlikdə gedirdik. 1942-ci ilin yazında onuncu sinfi təzəcə bitirmişdik ki, hər ikimizə hərbi çağırış vərəqəsi gəldi. 17 yaşımız vardı. Tibbi müayinə zamanı Bəxtiyarın ürəyində qüsur aşkarlandığından onu hərbi xidmətdən azad etdilər. Bu "hokmü" verən o zamanın tanınmış həkimi Bəylər Ağalarov (indiki məşhur iş adamı Araz Ağalarovun əmisi) idi. Məni isə yaşımın az olmasına və döyüş təcrübəmin yoxluğuna baxmayaraq birbaşa cəbhəyə göndərdilər. Bu, o dövr üçün o qədər də təəccüblü görünmürdü. Çünki 42-ci ilin yaz-yay aylarınadək alman hərbi birləşmələri SSRİ məkanında sürətlə irəliləmiş,  sovet qoşunları çoxlu itgi vermişdi. Orduda canlı qüvvəyə ehtiyac yaranmışdı. Odur ki, bir sıra şimal bölgələrindən hətta 16 yaşlıları da cəbhəyə göndərirdilər...

- Məktəb partasından təzəcə ayrılmış, həyatın bərkindən-boşundan çıxmamış bir yeniyetmə birdən-birə müharibənin od-alovu ilə qarşılaşır... Cəbhə həyatının ilk xofunu necə dəf edə bildiniz?

- Görünür, gəncliyin bir üstünlüyü də cəsarətli olmasında, həyatda daim "macəra axtarmasında"dır. Mən də uşaqlıqdan çevik həyat tərzi sürməyi, "ekstremal vəziyyətlərlə" üzləşməyi çox xoşlayırdım. Bəlkə də ona görə ilk dəfə döyüş meydanında rastlaşdığım topların atəşi, tankların qulaqbatırıcı xırçıltısı məni qorxuzmadı... Bir də bəxtim onda gətirmişdi ki, özümüzünkülərin arasına düşmüşdüm. 416-cı Azərbaycan milli atıcı divizyası  o vaxt yenicə döyüşə qatılmışdı. Mən doğma diviziyanın tərkibində cəbhə həyatına çox tez alışdım. Döyüş təcrübəsini mənimsəyərək, minamyot atıcı bölməsinin komandiri oldum. Və bu diviziyanın tərkibində Rostovdan Berlinədək, başqa sözlə, Böyük Qələbəyə aparan əzablı, ölümlü -itimli yolu başa vurdum...

- Faşizm üzəində qələbə uğrunda  416-cı milli atıcı diviziyasının keçdiyi döyüş yolu müəyyən mənada sizin döyüş bioqrafiyanızla üst-üstə düşür. Odur ki, "doğma diviziya" adlandırdığınız bu hərbi birləşmənin uğurlarından bir qədər təfsilatı ilə danışmanızı xahiş edirəm.

- 1942-ci ilin 22 fevralında Azərbaycanın Ucar rayonunda yaradılan 416-cı milli diviziyada şəxsi heyətin 92 faizi Azərbaycan türkləri idi. Diviziya 1942-ci ilin sentyabrında 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Almaniyanın "Çənub" ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi. Bu dövrdə diviziyanın komandirlərindən biri polkovnik (az sonra general-mayor) Tərlan Əliyarbəyov idi. 1942-ci ilin noyabrında Şimali Qafqazdan başlanan əks hücumlar nəticəsində üç ay ərzində Şimali Qafqaz düşməndən azad edildi və Rostov istiqamətində döyüşlərə başlamaq üçün zəmin yarandı. 1943-cü ilin  fevralında 416-cı diviziya əməliyyatların II dövrünə hazırlığa başladı. Bunun üçün diviziyaya Azərbaycandan 1500 nəfər yeni döyüşçü göndərilmişdi. 416-cı diviziya 1943-cü ilin  avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda iştirak edirdi və avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi. Bu qələbəyə görə ona "Taqanroq diviziyası" fəxri adı verildi. Milli diviziya 1943-cü ilin sentyabrında Azərbaycandan daha 2500 nəfər yeni döyüşçü aldı, müvafiq hazırlıqdan sonra növbəti döyüşlərə başladı və Nikolayevsk şəhərinin düşməndən azad edilməsində fəal iştirak etdi.

416-cı diviziya 1944-cü ilin yanvarında 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu tərkibində hücuma keçərək Dnestr çayını keçdi və Dnepr çayı sahillərinə çıxdı. Dneprin keçilməsində qəhrəmanlıq göstərdiklərinə görə Mikayıl Ələkbərov, Bahəddin Mirzəyev, Mirzə Vəliyev, Fariz Səfərov və Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər.

Həmin ilin  aprelində diviziya Odessa şəhərinin düşməndən azad edilməsində fəal iştirakına görə II dərəcəli Suvorov ordeni ilə təltif edildi. 1944-cü ilin yayından başlayaraq 416-cı diviziya 3-cü Ukrayna cəbhəsi tərkibində məşhur Yassa-Kişinyov döyüş əməliyyatında və Moldaviyanın azad edilməsində fəal iştirak etdi. 1945-ci ilin martında diviziyanın 1054-cü alayı "Qırmızı bayraq" ordeni, 1368- ci alayı "Boqdan Xmelnitski" ordeni, 44-cü divizionu isə "Aleksandr Nevski" ordeni ilə təltif edildi.

1945-ci ilin yanvarında sovet ordusu bütün cəbhə boyu hücuma keçdi. Əsas istiqamət Varşava-Berlin istiqaməti idi. 416-cı diviziya I Belorusiya cəbhəsinə daxil olan 5-ci zərbə ordusu tərkibində Visla çayı istiqamətində hücumu davam etdirərək, Varşavanın azad edilməsində iştirak etdi və Oder çayının qərb sahilinə çıxaraq düşmənin Kyustrin şəhərini aldı. Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziya da var idi. Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqləndi. Kayzer sarayı üstündə Qələbə bayrağını ilk dəfə 1945-ci il mayın 1-də sancanlardan biri leytenant Vahab Osmanov düşmən gülləsindən həlak oldu. Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan biri isə leytenant A.Məcidov və onun döyüşçüləri oldular. Marşal G.K.Jukov özünün cəbhə xatirələrində Berlinə daxil olan ilk dörd diviziyanın cərgəsində 416-cı diviziyanın döyüş xidmətlərini xüsusi qeyd etmişdir. 

Qafqazdan Berlinədək döyüş yolu keçmiş 416-cı Azərbaycan milli diviziyası və onun alaylarına mətanətlə komandirlik etmiş generallardan Tərlan Əliyarbəyovu, Heybət Heybətovu, Hacıbaba Zeynalovu (diviziyanın qərargah rəisi) xatırlamamaq günah olardı...

- Doğrusu, "doğma diviziyanızın" döyüş tarixini bu qədər incəliyinədək bildiyinizi güman etməzdim. Amma onu da xatırlatmaq yerinə düşər ki, faşizm üzərində qələbə uğrunda döyüşlərdə Azərbaycanın digər diviziyaları da iştirak ediblər...

- Əlbəttə, elədir. İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq, baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı atıcı diviziyaları yaradıldı. Onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər. Bu diviziyaların hamısı müharibə meydanında tarixə həkk olunan qəhrəmanlıqlar göstərdilər. Bütün cəbhə boyu almanların geri oturdulmasında, faşistlər tərəfindən zəbt olunmuş şəhər və kəndlərin azad edilməsində bizim milli diviziyaların rolu böyük idi. 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmişdi. Bu döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tankçı general Həzi Aslanovun döyüş şücaəti isə ayrıca bir söhbətin mövzusu ola bilər...

- Siz İkinci Dünya müharibəsinin mahiyətini və tarixini yaxşı bilirsiniz. Bu müharibədə Azərbaycanın yerini və rolunu necə şərh edərdiniz?

- Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yerlərdən birini tuturdu.

Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveys planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.

Qaldı Azərbaycanın böyük  müharbədəki roluna, bu barədə çox yazılıb. Qısa şərhi ondan ibarətdir ki, Azərbaycan alman faşistləri ilə müharibədə təkcə canlı qüvvəsi ilə iştirak etməyib. Cəbhəyə göndərilən 600 min azərbaycanlıdan tən yarısı döyüş meydanlarında həlak olub, yaxud əsir düşərgələrində məhv ediliblər. Bundan başqa, almanlar tərəfindən döyüşə göndərilən minlərlə azərbaycanlı legioner də qanlı döyüşlərin qurbanı olub. Qələbə naminə Azərbaycanın ən böyük töhfəsi neft və neft məhsulları idi. İkinci Dünya müharibəsi tarixini araşdıran mütəxəssislərin yekdil fikrinə görə Bakı nefti olmasaydı, çətin ki, faşizmin axırına çıxmaq mümkün olardı. Əlbəttə, böyük qələbəni təmin edən amillər sırasında Qərb ölkələrinin (müttəfiqlərin) hərbi-iqtisadi dəstəyini də unutmaq olmaz...

- Sizcə, Azərbaycan böyük qələbə naminə itirdiklərinin müqabilində layiqli mükafatını ala bilibmi?

- Yox. sovet rəhbərliyi bu məsələdə Azərbaycan xalqına, o cümlədən digər türkdilli millətlərə qarşı çox böyük ədalətsizlik nümayiş etdirdilər...

- Siz legionerlər haqqında danışdınız. Bir vaxtlar bu mövzuda açıq danışmağa cürət etməzdik. Lakin zaman dəyişib, tarixi hadisələrə də münasibət başqalaşıb. Faşist Almaniyası tərəfində Sovet İttifaqına qarşı vuruşan Azərbaycan legionları (könüllülər dəstəsi) və onların aqibəti haqqında nə deyə bilərsiniz?

- Əvvəla SSRİ-yə qarşı döyüşlərdə iştirak edən legioner qruplaşmaları təkcə azərbaycanlılardan ibarət deyildi. Vaxtilə bolşevik işğalına və təqibinə məruz qalmış əksər millətlərin mühacirətdə olan nümayəndələri və onların övladları "keçmiş vətənlərini xilas etmək üçün" könüllü silahlı dəstələr halında birləşərək, almanlara kömək edirdilər. Hətta sovet məkanında hər cəhətdən imtyazı çox olan gürcülərin və ermənilərin legioner dəstələri fəallıqda fərqlənirdilər. 

Müharibə illərində Avropa ölkələrindəki siyasi mühacirlərin əksəriyyəti Almaniyaya toplaşaraq, Azərbaycan Milli Komitəsini yaratmışdılar. Komitə azərbaycanlı könüllülərdən ibarət "milli azadlıq ordusu" yaratmaq və Qafqazın, o cümlədən Azərbaycanın kommunistlərdən azad edilməsini tezləşdirmək istəyirdi. Hitlerin vədinə görə Milli Komitə "azad edilmiş Azərbaycana rəhbərlik edəcəkdi". Lakin Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı: "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar". Ümumiyyətlə, hər bir hadisəyə, o cümlədən müharibə tarixinə zamanın ədalət gözü ilə baxmaq lazımdır. Legionerlərə sovet dövründə olduğu kimi, başdantutma "vətən xaini" damğası vurmaq düzgün yanaşma deyil. Əslində onların böyük əksəriyyəti "doğma vətənlərini azad və xoşbəxt görmək " arzusu ilə çarpışırdı.

Qaldı sualınızın ikinci hissəsinə, yəni legionerlərin aqibəti məsələsinə, aydın məsələdir ki, onların bir qismi döyüş meydanlarında həlak oldu, sağ qalanlar isə daha dəhşətli təqiblərə məruz qalaraq, məhv edildilər...

- Ətraflı və "balanslı" şərhinizə görə təşəkkür edirəm. Ancaq  sizə başqa sualım da var. Faşist Almaniyası üzərində Qələbə aktı imzalanandan sonra, yəni 1945-ci il mayın 9-dan etibarən əsgər və zabitlərin əksəriyyəti ordudan tərxis olunaraq doğma yurdlarına qayıtdılar. Siz isə yalnız 1951-ci ildə əsgər paltarını mülki geyimlə əvəz edə bilmisiniz. Vətənə belə gec dönməyinizin səbəbi nə idi?

- Əvvəlcə onu deyim ki, Berlinin alınmasında dörd milyona yaxın əsgər və zabit iştirak etmiş, onlardan 800 min nəfəri döyüşlərdə həlak olmuşdu. Əlbəttə, sağ qalan canlı qüvvənin hamısını Berlində saxlamaq mümkün deyildi. Heç buna lüzum da yox idi. Odur ki, işğal zonasında mühüm məsələlərin (sülh danışıqları, irticaçı dövlətin ərazisini müttəfiqlər arasında bölmək, müharibə canilərinin məhkəməsini təşkil etmək və s.) həllini təmin etmək üçün seçmə diviziyalardan ibarət hərbi birləşmə Almaniyada saxlanmışdı. Bu diviziyalar arasında Qırmızı Bayraqlı, Suvorov ordenli 416-cı Taqanroq diviziyası da var idi. Təbii ki, mən də doğma diviziyamızın tərkibində öz döyüşçü missiyamı 1951-ci ilədək davam etirməli oldum. Lakin bu dövrdə iki dəfə Bakıya gəldim, doğmalarımla görüşdüm...

- Hər qarışı ölüm saçan uzun cəbhə yolunu başa vurub, sağ-salamat qalmaq və sonra da sağlam həyat sürüb, 90-nı haqlamaq hər insana qismət olmur. Siz özünüz bunu necə izah edərdiniz?

- Doğru deyirsiniz, gələn il 90 yaşım tamam olacaq. Hələlik səhhətimdə elə bir problem hiss etmirəm. Ancaq səkkiz illik  cəbhə həyatım o qədər də hamar keçməyib. Dəfələrlə ölümlə üzbəüz qalmışam. Mərmi qəlpəsinə, snayper gülləsinə tuş gələrək dəfələrlə hospitalda yatmışam. Hətta müharibədən sonrakı dinc dövrdə Berlin məhəllələrinin birində yüksək gərginlikli elektrik "tələsinə" düşərək, koma vəziyyəti keçirmişəm...

Görünür, cəbhə həyatının ağır sınağından çıxmağım sonrakı həyatıma müsbət təsirini göstərib. Yəqin ki, ömrüm  boyu fəal həyat tərzini özüm üçün kredo seçməyim də uzunömürlü və sağlam olmağımda az rol oynamayıb...

- Böyük Vətən mühaibəsi haqqında xatirələrinizi, düşüncələrinizi kitab halında nəşr etdirmək fikriniz yoxdurmu?

- Təqaüdə çıxandan sonra belə bir kitab üzərində işləyirəm. Qismət olsa, gələn il, yəni Qələbənin 70 illiyi ərəfəsində onu çap etdirmək fikrim var. Ancaq onu da deyim ki, nəzərdə tutduğum kitab çətin yazılır. Çünki o dövrün hadisələrini yalnız sovet ideologiyası baxımından analiz etmək düzgün olmaz. Obyektiv və ədalətli olmaq üçünsə uzun müddət "arxiv əsirliyində" qalmış  materiallardan istifadə etmək lazım gəlir...

 

Yusif KƏRİMOV,

əməkdar jurnalist

 

Azərbaycan.- 2014.- 9 may.- S.13.