Mehriban Əliyeva: Əsas amalımız –
Azərbaycan xalqına
xidmət etmək amalı
dəyişməz olaraq qalır və qalacaqdır
Heydər Əliyev Fondunun
yaradılmasının 10-cu ildönümü ilə əlaqədar
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva “Milli Məclis” jurnalına
müsahibə vermişdir. Jurnalın
cari ilin aprel-may nömrəsində dərc olunmuş müsahibəni AzərTAc təqdim edir.
- Azərbaycanın sürətli inkişafında, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutmasında Heydər Əliyev Fondunun da xüsusi əməyi var. Ötən 10 ilə nəzər saldıqda, necə düşünürsünüz, Fond qarşıda qoyulan məqsədlərə nə dərəcədə nail olub?
- Ölkəmizin hər
bir vətəndaşı son
illər ərzində Azərbaycanda baş
verən böyük dəyişikliklərin
şahidi olub. Müstəqillik
baxımından Azərbaycanın gənc ölkə
olmasına baxmayaraq, biz
qısa tarixi müddətdə böyük nailiyyətlər əldə etmişik. Prezident İlham Əliyevin rəhbərliyi ilə
aparılan islahatlar, müxtəlif sahələri
əhatə edən dövlət proqramları və
genişmiqyaslı infrastruktur layihələri
Azərbaycanı dinamik inkişaf
edən güclü və demokratik
bir dövlətə çevirmişdir.
Xalqımızın rifah
halının yüksəldilməsi, sosial
tələbatlarının ödənilməsi, elm və mədəniyyətimizin tərəqqisi,
vətəndaşlarımızın hüquq
və azadlıqlarının davamlı təmin olunması üçün ölkədə hər bir şərait yaradılmışdır.
Müstəqil Azərbaycan
dünya birliyinə inteqrasiya
edir, ölkəmiz bir
çox nüfuzlu
beynəlxalq təşkilatlarda uğurla təmsil
olunur.
2004-cü ildə Heydər
Əliyev Fondu fəaliyyətə başlayanda biz
qarşımıza bir məqsəd qoymuşduq - doğma
xalqımıza, vətənimizə xidmət etmək. Elə
ilk günlərdən biz
ölkəmizin ictimai-siyasi həyatının
bütün sahələrinə dərindən
nüfuz edərək genişmiqyaslı
layihələr həyata keçirməyə başladıq.
Fəaliyyətimizin çoxşaxəli olmasına baxmayaraq, prioritet istiqamətləri
müəyyən etdik və daha çox diqqət tələb
edən problemlərin həllində yaxından iştirak etməyə
çalışdıq. Sözsüz ki, ilk
növbədə cəmiyyətimizin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara,
qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən
əziyyət çəkən uşaqlara
yönəlmiş layihə və proqramların
icrasına başladıq.
Heydər Əliyev Fondunun həyata keçirdiyi
layihələrin real nəticələri göz qabağındadır. Bu, yüz
mindən çox şagirdin
təhsil şəraitinin yaxşılaşmasına xidmət
edən yüzlərlə yeni məktəb
binasının istifadəyə verilməsi, valideyn
himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının
göstərilməsi, müasir
avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc
istedadların dəstəklənməsi, tarixi
abidələrin bərpası, qədim mədəniyyət və
incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın
əsrlər boyu formalaşmış
tolerantlıq ənənələrinin qorunub
saxlanıldığı dünyəvi bir
ölkə kimi dünyaya
tanıdılmasıdır.
Humanizm ideallarına arxalanaraq fəaliyyət
göstərən Heydər Əliyev Fondu
istər Azərbaycanda, istərsə də xarici
ölkələrdə hər zaman köməyə
ehtiyacı olanların yanındadır. İnsanlara
xidmətə yönəlmiş əməli işlərimizin
ən böyük nəticəsi isə
onların etimad və hörmətinin
qazanılmasıdır. İllər ötdükcə,
qarşımıza yeni ideya
və planlar çıxdıqca məqsədlərimiz
xaraktercə dəyişir, amma əsas
amalımız - Azərbaycan xalqına xidmət etmək
amalı dəyişməz olaraq qalır
və qalacaqdır.
- Siz öz humanistliyiniz və əməli fəaliyyətinizlə bütün stereotipləri sındıraraq müasir Azərbaycan qadınının obrazını yaratdınız. Azərbaycan qadınının cəmiyyətdəki rolunu necə dəyərləndirərdiniz?
- Qədim və zəngin
tariximizin hər bir səhifəsində
Azərbaycan qadınının müdrikliyi
və qəhrəmanlığının parlaq
nümunələri var. Xalqımızın
maariflənməsində, iqtisadiyyatımızın
qurulmasında, mədəniyyətimizin yüksəlişində
və milli mənəvi dəyərlərimizin
qorunub saxlanılmasında qadınlar daim yüksək peşəkarlıq və fədakarlıq
nümayiş etdirmişlər. Dünyanın bir çox ölkələrinin
qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, mədəniyyətin,
incəsənətin, elmin müxtəlif
sahələrində ilklərə imza
atması Azərbaycan qadınının
işgüzarlığının və intellektual
potensialının aydın təzahürüdür.
Müasir dövrdə demokratik
cəmiyyətin inkişafının və insan
hüquqlarının qorunmasının əsas prioritetlərindən
birini gender bərabərliyi
təşkil edir. Azərbaycanın gender məsələləri ilə
bağlı dövlət siyasəti də qadınların bərabər
imkanlarının gerçəkləşdirilməsinə
yönəlmişdir. Cəmiyyətimizdə qadınlara
göstərilən yüksək ehtiram,
ölkəmizdəki sabitlik və demokratik mühit onlara müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını reallaşdırmaq
üçün bütün
lazımi şəraiti təmin edir.
Bu gün Azərbaycanda
elə bir sahə yoxdur
ki, orada qadınlar iştirak etməsin. Azərbaycan qadını
öz sözünü
deyir və öz mövqeyini sərbəst nümayiş
etdirir. Fərəhləndirici
haldır ki, tariximizin
hər bir mərhələsində olduğu kimi, müasir dövrdə də qadınlar milli-əxlaqi
dəyərlərimizin və mədəni irsimizin
qorunub saxlanılmasına, ictimai-siyasi,
sosial-iqtisadi, elmi-mədəni proseslərin
fəal iştirakçısı olaraq vətəndaş
cəmiyyəti quruculuğuna, mədəniyyətlərarası dialoqun formalaşmasına, Azərbaycanın
yüksəlişinin təmin edilməsinə öz
töhfələrini əsirgəmirlər.
- Bu gün Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir. Heydər Əliyev Fondu tolerantlıq ənənələrinin qorunub saxlanılmasına hansı töhfələri vermişdir?
- Xalqlar
arasında ənənəvi dostluq və
qardaşlıq münasibətlərinin,
tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir
və bu amil ictimai-siyasi həyatımızın
aparıcı normasına çevrilmişdir.
Ölkəmizdə yaşayan müxtəlif
xalqlara öz milli mənəvi dəyərlərini, dini
etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün
demokratik şərait təmin edilmişdir. Azərbaycanın bütün
vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər.
Qürurverici faktdır ki,
Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər
bizim təcrübəmizdən yararlanmağa çalışırlar.
Heydər Əliyev Fondu hər bir layihəsi
ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük
kimi bəşəri dəyərlərin
bərqərar olmasına öz töhfəsini
verməyə çalışır. Uğurla
həyata keçirilən “Tolerantlığın
ünvanı - Azərbaycan” layihəsi çərçivəsində
ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri
aparılır. Bakıda yəhudi uşaqları
üçün təhsil kompleksinin
istifadəyə verilməsi, Fransa
regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında
iştirakımız, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və
konfessiyaların qarşılıqlı hörmət və
dostluq münasibətlərinin genişləndirilməsinə
xidmət edir.
- Əhalinin mədəni
inkişafının yüksəldilməsi Azərbaycanın
dövlət başçısı cənab İlham
Əliyevin daim diqqət mərkəzindədir.
Heydər Əliyev Fondunun bu
istiqamətdəki fəaliyyəti barədə nə deyə
bilərsiniz?
- Mədəniyyətimizin
istənilən sahəsinə nəzər saldıqda, biz zəngin mədəni irsin
varisi olmağımızın şahidiyik. Azərbaycan xalqı öz mədəni və tarixi
irsinə çox bağlıdır. Müasir Azərbaycan dövləti ədəbiyyatımız,
musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma
Azərbaycan dilimiz kimi
möhkəm mənəvi əsaslar üzərində qurulmuşdur.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər,
Qız qalası, Şirvanşahlar
Sarayı Kompleksi UNESCO-nun
Dünya Mədəni İrs
Siyahısına; Azərbaycan muğamı, aşıq sənəti,
xalçaçılıq sənəti, tar
ifaçılığı və hazırlanması sənəti,
eləcə də Novruz bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs
üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Biz bunu mədəniyyətimizə
verilən ən yüksək qiymət kimi
dəyərləndiririk.
Azərbaycanda mədəniyyət
sahəsində çox böyük
işlər görülür. Bütün mədəniyyət ocaqları təmir
olunur, bərpa edilir. Yeni muzeylər, teatrlar tikilir, əvvəllər tikilmiş
mədəniyyət infrastrukturu yeniləşir,
müasirləşir.
Mədəni irsimizin qorunması işində Heydər
Əliyev Fondu fəal iştirak
edir. Bakıda Beynəlxalq Muğam
Mərkəzinin inşası və dünyada
ilk dəfə olaraq
Azərbaycanda Beynəlxalq Muğam
Festivalının keçirilməsi Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuşdur. Qəbələ
Beynəlxalq Musiqi Festivalı, Mstislav Rostropoviç
adına Beynəlxalq Musiqi Festivalı, dünya şöhrətli musiqiçilər Üzeyir Hacıbəyli, Bülbül,
Dmitri Şostakoviç
və Şopenin yubileylərinə həsr
olunmuş beynəlxalq festivallar
müxtəlif ölkələri təmsil edən
musiqiçilərə ünsiyyət və əməkdaşlıq
üçün əlverişli şərait
yaradaraq mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsinə
öz töhfəsini verir.
Müasir İncəsənət Muzeyinin
yaradılması və Azərbaycan müasir
incəsənətinin dünyaya
tanıdılması istiqamətində görülən
işləri xüsusi vurğulamaq
istərdim. Dünyanın bir çox ölkələrində təşkil
olunmuş “Bakıya uçuş.
Müasir Azərbaycan incəsənəti”
sərgisi çərçivəsində müxtəlif janrlarda yüzdən çox
əsər nümayiş etdirilmişdir.
Fond dünya mədəniyyəti
nümunələrinin Azərbaycan tamaşaçısına
təqdim edilməsinə xüsusi önəm
verir. Bu illər ərzində
Bakıda bir çox
tanınmış rəssamların sərgiləri təşkil
edilmişdir. Heydər Əliyev Fondunun artıq ölkə hüdudlarından
kənara çıxmış “Qız qalası” Beynəlxalq
İncəsənət Festivalı ictimaiyyətin böyük marağına səbəb olur.
Tarixi-mədəni irs müntəzəm qayğı tələb
edir. Mən dəfələrlə bunu söyləmişəm ki,
itmiş hər hansı maddi
dəyər əvəzedilməzdir və bu,
gələcək nəsillərə qarşı cinayətdir.
Ona görə də həm ölkəmizdə,
həm də xaricdə mədəni irsin
qorunması üçün əlimizdən
gələni edirik. Heydər
Əliyev Fondu Versal
Sarayının parkındakı tarixi abidələrin,
Luvr Muzeyinin, İkinci Dünya
müharibəsində dağılmış Berlin
qəsrinin, Vatikan arxivlərində
saxlanılan Azərbaycan orta əsrlər
əlyazmalarının, Kapitolini Muzeyinin Filosoflar
zalının bərpa olunmasına kömək etmişdir.
- Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda böyük və uğurlu layihələr həyata keçirir. Xüsusən də Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan xalqının faciəsi barədə dünyaya səslənərək “Xocalıya ədalət!” kampaniyasına başladıqdan sonra bu gün bir sıra dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar artıq Xocalı soyqırımını tanıyır. Bu kampaniyanın böyük uğurlar əldə etməsinin əsasında hansı amillər dayanır?
- Azərbaycanın
tarixi həqiqətlərinin, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin,
XX əsrin ən dəhşətli soyqırımı hadisəsi
və beynəlxalq cinayət kimi təsdiq
olunmuş Xocalı faciəsinin,
münaqişə nəticəsində ölkəmizə vurulan zərərin, işğal
olunmuş
ərazilərdə törədilən vandalizmin
əsl mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılması Heydər Əliyev Fondunun
əsas hədəflərindən biridir.
Torpaqlarımızın
20 faizinin işğalı, ölkədə
bir milyondan çox qaçqın və məcburi köçkünün olması faktlara əsaslanan acı həqiqətdir. Heydər Əliyev Fondu bu münaqişə, azərbaycanlılara
qarşı həyata keçirilmiş
soyqırımı siyasəti haqqında həqiqətlərin
və faktların dünya parlamentlərinə,
beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və
davamlı fəaliyyət göstərir. Bu
məqsədlə xarici ölkələrdə
tədbirlər keçirilir, sərgilər
təşkil olunur, müxtəlif dillərdə
buklet və kitablar nəşr
edilir.
Təəssüf ki, xalqımız tarix boyu bu kimi
ədalətsizliklərlə üzləşmişdir. Erməni millətçilərinin Azərbaycana
qarşı ərazi iddialarını və təcavüz
siyasətini, qanlı cinayətlərini dünya
ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin
milli yaddaşını qorumaq
və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək
məqsədi ilə Heydər Əliyev Fondu
tərəfindən Quba şəhərində
Soyqırımı Memorial Kompleksi
yaradılmışdır.
Bizim məqsədimiz Azərbaycan həqiqətlərini
bütün dünyaya
çatdırmaq və məkrli erməni təbliğatını
ifşa etməkdir. “Xocalıya ədalət!”
kampaniyasının bir çox
ölkələrdə uğurla həyata
keçməsinin başlıca bir səbəbi
vardır. Bu, tarixi həqiqətlərin
dünya ictimaiyyəti tərəfindən
qəbul olunmasıdır.
- 2015-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunlarına hazırlıqla bağlı nə deyə bilərsiniz?
- Birinci Avropa
Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün
tarixi hadisədir. Azərbaycanın
sürətli inkişafı, dünya
birliyində tutduğu mövqe,
mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik
yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə bilər. Bu qərarın qəbul
edilməsi respublikamızda çoxsaylı idman
yarışlarının, Avropa və dünya çempionatlarının yüksək
səviyyədə keçirilməsinə,
idmançılarımızın beynəlxalq
yarışlarda əldə etdikləri nailiyyətlərə,
ümumilikdə, Azərbaycanda idman sahəsində
görülmüş işlərə
Beynəlxalq və Avropa Olimpiya komitələri tərəfindən
verilən yüksək qiymətdir.
Ölkəmizdə bu mötəbər yarışlara
hazırlıqla bağlı çoxsaylı tədbirlər
yüksək səviyyədə həyata keçirilir.
Avropa Olimpiya Komitəsinin nümayəndə heyəti
Azərbaycana ardıcıl səfərlər edir
və görülən işlərlə tanış olur, Birinci Avropa
Oyunları Əlaqələndirmə Komitəsinin mütəmadi
olaraq iclasları keçirilir
və görülən işlər müzakirə edilir.
Su
İdmanı Növləri Sarayının, Bakı
Atıcılıq Mərkəzinin, Bakı Olimpiya
Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni
zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma
işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq
işlərinin vaxtında bitəcəyindən xəbər verir.
Milli Gimnastika
Arenası artıq istifadəyə verilmişdir.
Biz idman tarixində
hazırlanmış ən yaxşı qəbul və
hazırlıq qurğularından biri olacaq Atletlər kəndinin yaradılmasına
çalışırıq. Təhlükəsizliyin
təmin edilməsi, qonaqların və idmançıların
yerləşdirilməsi, kütləvi informasiya
vasitələri nümayəndələrinin fəaliyyəti üçün lazımi şəraitin
yaradılması, yayımın təşkili, logistikanın
qurulması və digər məsələlər Təşkilat
Komitəsinin daim nəzarətindədir.
Azərbaycan I Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək
əzmindədir. Ölkəmiz dəfələrlə bir çox idman növləri üzrə dünya
və Avropa çempionatlarına ev sahibliyi edib.
Həm bizim
qonaqlarımız, həm də mütəxəssislər təşkil
olunmuş tədbirlərin yüksək səviyyədə
keçirildiyini daim təsdiqləyiblər.
İnanıram ki, Olimpiya
hərəkatı tarixinə ilk və ən
yaxşı oyunlardan biri
kimi yazılacaq I Avropa
Oyunları çərçivəsində ölkəmizə
gələcək hər bir kəs zəngin
tarixi izlərin yaşadığı
Bakının gözəlliyinin və şəhər sakinlərinin
qonaqpərvərliyinin şahidi olacaq.
Ülviyyə Abdullayeva
“Milli Məclis” jurnalının baş redaktoru
Azərbaycan.-
2014.- 9 may.- S.11.