Şuşanın Ermənistan
silahlı qüvvələri
tərəfindən işğalının 22-ci
ildönümünə
həsr edilmiş anma mərasimi keçirilmişdir
Azərbaycan
Respublikasının Şuşa şəhərinin
Ermənistan silahlı qüvvələri tərəfindən
işğalının 22-ci ildönümü
ilə əlaqədar mayın 8-də Beynəlxalq Muğam Mərkəzində anma
mərasimi keçirilmişdir.
Əvvəlcə mərasim
iştirakçıları Beynəlxalq Muğam
Mərkəzinin foyesində şuşalı rəssamların
əl işlərindən ibarət rəsm əsərlərinə
baxmışlar.
Sonra “Şərəfimiz vətəndir”
adlı sənədli film nümayiş
etdirilmişdir.
Torpaqlarımızın
bütövlüyü uğrunda
şəhid olmuş Azərbaycan
övladlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilmişdir.
Tədbirdə
çıxış edən “Azərbaycan Respublikası
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin
rəhbəri, Şuşa Rayon
İcra Hakimiyyətinin
başçısı Bayram Səfərov
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə
danışmışdır. Bildirilmişdir ki, Ermənistanın
apardığı təcavüzkar siyasət nəticəsində
Azərbaycanın Dağlıq Qarabağ
bölgəsi və ona bitişik
7 rayonu işğal olunmuşdur. İşğalçı ermənilər
həmin ərazilərdə azərbaycanlılara qarşı
etnik təmizləmə əməliyyatları
aparmış, Meşəli, Qaradağlı, Xocalı faciələrini
törətmişlər.
Qeyd olunmuşdur ki,
BMT Təhlükəsizlik Şurasının erməni
qoşunlarının Azərbaycanın işğal
edilmiş ərazilərindən dərhal
çıxarılması barədə 822, 853, 874 və 884
saylı qətnamələrinin qəbulundan 21 ildən
artıq vaxtın ötməsinə baxmayaraq,
Ermənistan təşkilatın bu tələblərinə məhəl
qoymadan işğalçılıq siyasətini
davam etdirir.
Bayram Səfərov bildirmişdir
ki, ermənilərin bu
işğalçılıq siyasəti Azərbaycan
xalqına ağır maddi və mənəvi
zərbələr vurmuşdur. Müqəddəs
torpaqlarımızda vətəndaşlarımızı
amansızcasına qətlə yetirən ermənilər
insanlığa qarşı ən ağır cinayət
törətmişlər. Bu təcavüzkar
siyasət nəticəsində bir milyondan çox insan qaçqın və məcburi
köçkünə çevrilmişdir.
B.Səfərov qeyd etmişdir ki, torpaqlarımızın bütövlüyü
uğrunda Şuşa
şəhərindən 195 nəfər şəhid, 165 nəfər
əlil olmuş, 58 insan
isə itkin düşmüşdür.
O vurğulamışdır ki,
məscidləri, karvansaraları, mədrəsələri, tarixi abidələri, bulaqları ilə Azərbaycanın
ən qədim mədəniyyət mərkəzlərindən
biri olan Şuşa xalqımıza görkəmli
şəxsiyyətlər, incəsənət xadimləri,
ziyalılar bəxş etmişdir. Milli mənəvi
dəyərlərimizi və musiqi ənənələrimizi
daim yaşadan Şuşa həm də böyük
memarların, xəttatların, rəssamların, xalça ustalarının vətənidir.
B. Səfərov
bildirmişdir ki, Azərbaycanın
mədəniyyət və sənətkarlıq beşiyi olan Şuşa şəhəri XX əsrdə üç dəfə erməni təcavüzünün
qurbanı olmuşdur. 1905-1907-ci illərdə
bu şəhər ermənilər tərəfindən
hücuma məruz qalaraq
yandırılmış, 1920-ci ildə
şəhərin xeyli hissəsi
dağıdılmışdır. 1992-ci il
mayın 8-də isə Ermənistan silahlı qüvvələri
şəhəri tamamilə işğal
etmişlər. İşğal nəticəsində
Şuşanın 8 muzeyi, 17 klubu, 8 mədəniyyət evi,
25 orta məktəbi, 25 tibb
müəssisəsi, 4 texnikumu,
2 institut filialı, 7 uşaq
bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və
istirahət parkı, 2 mehmanxanası, uşaq
sağlamlıq mərkəzi, sanatoriya, Şuşa televiziyası, Şərq musiqisi alətləri fabriki
və bir sıra digər qədim tarixi abidələri ermənilər tərəfindən
talan edilmişdir.
Azərbaycan
Respublikası Baş nazirinin
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki, Azərbaycanın
müqəddəs və tarixi ərazisi olan Şuşa 22 il öncə erməni faşistləri və
onların himayədarları
tərəfindən işğal edilmişdir. Baş nazirin müavini demişdir ki, Şuşa qədim Azərbaycan ərazisidir.
Sadəcə olaraq, bu
şəhərin sakinləri müvəqqəti olaraq yerlərini dəyişiblər. Ermənilər
də müvəqqəti olaraq burada məskunlaşıblar. Onlar
başa düşməlidirlər ki, Şuşada yaşamaq, bu şəhərin
suyunu içmək hələ
şuşalı olmaq demək deyildir. Başqasının yurdunda,
ocağında necə yaşamaq olar?! Ermənilər sonradan
gedib yerləşdikləri əraziləri
öz torpaqları hesab
edirlər. Bu, yolverilməzdir.
Komitə sədri
vurğulamışdır ki, Azərbaycanın
torpaqlarını işğal altında saxlamaqla əslində Ermənistan heç nə qazanmır, əksinə çox şey itirir.
Şuşanın
Azərbaycanın qədim tarixə malik
bölgələrindən biri olduğunu deyən Əli Həsənov qeyd etmişdir ki, bu şəhər təkcə
Azərbaycan deyil, bütün
müsəlman dünyası üçün
müqəddəs bir yerdir.
Əli Həsənov qeyd etmişdir ki, Prezident İlham
Əliyevin uğurlu siyasəti nəticəsində
bu gün Azərbaycan
inkişaf edərək dünya
miqyasında ən qabaqcıl ölkələrdən birinə
çevrilmişdir. Komitə sədri demişdir: “Ulu Öndər
bu siyasətin, bugünkü
inkişafın təməlini qoydu. Prezident İlham Əliyev bu siyasəti davam etdirərək
Azərbaycanı dünyanın qabaqcıl ölkələri
sırasına çıxardı”.
Baş nazirin müavini bildirmişdir ki, qaçqınların və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması hər zaman
Azərbaycan Prezidenti İlham
Əliyevin diqqət mərkəzindədir. Dünyanın heç bir münaqişə
zonasında qaçqın və məcburi köçkünlər
üçün Azərbaycandakı kimi əlverişli şərait
yaradılmamışdır.
Əli Həsənov
vurğulamışdır ki, Azərbaycan
Prezidentinin uğurlu fəaliyyəti
nəticəsində ölkəmizdə neft
kapitalı insan kapitalına çevrilmişdir. Baş
nazirin müavini əmin
olduğunu bildirmişdir
ki, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində Prezident İlham
Əliyevin gördüyü işlər
tezliklə öz nəticəsini verəcəkdir
və torpaqlarımız işğaldan azad ediləcəkdir.
Tədbirdə
çıxış edən “Dədə Qorqud”
Milli Fondunun prezidenti Eldar
İsmayılov Fond və “Azərbaycan
dünyası” beynəlxalq jurnalı tərəfindən təsis
olunmuş “Vətən övladı” ordenini Azərbaycanın Milli
Qəhrəmanı, şəhid Albert Aqarunovun qardaşı Rantik
Aqarunova təqdim etmişdir.
Azərbaycan
Dağ Yəhudiləri İcmasının
sədri Semyon İxiilov
ölkəmizdəki mövcud
tolerantlıq mühitindən danışmış, milli azlıqlara, o cümlədən
yəhudilərə göstərilən diqqət və
qayğıya görə minnətdarlığını bildirmişdir.
Tədbir Şuşa şəhər musiqi
kollektivlərinin ifasında “Sən qalib gələcəksən”
adlı ədəbi-bədii kompozisiya ilə
başa çatmışdır.
AzərTAc
Azərbaycan.-
2014.- 9 may.- S.10.