Şamaxı rayonunda
“Şamaxı Palace Platinum By Rixos” otel
kompleksinin açılışı olmuşdur
Azərbaycan Prezidenti
İlham Əliyev açılış mərasimində
iştirak etmişdir
Mayın
14-də Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” otel kompleksinin
açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev açılış mərasimində iştirak
etmişdir.
Avropa və
Asiya arasında körpü rolu oynayan Azərbaycanda iqtisadiyyat,
turizm, idman, mədəniyyət, incəsənət və digər
sahələrdə əldə olunan yüksək nailiyyətlər
xarici iş adamları ilə yanaşı, turistlərin də
ölkəmizə marağını
artırmışdır. Prezident İlham
Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində
ölkəmizdə turizmin inkişafı istiqamətində
mühüm layihələrin icrası da buna əlverişli zəmin
yaradır. Bu baxımdan Azərbaycanda otel
biznesinin daha da inkişafı üçün kompleks tədbirlər
həyata keçirilir. Bu otellərdə
müştərilərə yüksək səviyyəli xidmətlər
göstərilir.
Azərbaycan
artıq ən mötəbər beynəlxalq tədbirlərə
ev sahibliyi edən ölkədir. Bundan başqa, Azərbaycanda qeyri-neft sektorunun
aparıcı sahəsi kimi turizmin inkişafı da
başlıca prioritetlərdəndir. Hazırda
ölkəmizdə otel biznesinin dünya standartları səviyyəsində
qurulması, qonaqların və turistlərin qəbulu
üçün silsilə tədbirlər
reallaşdırılır.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü
siyasət nəticəsində bu gün ölkəmizin
bütün bölgələri kimi, Şamaxı da öz qədim
və tarixi görkəmini saxlamaqla müasirləşir. Rayonda tikintisinə 2011-ci
ildə başlanmış “Şamaxı Palace Platinum By Rixos” oteli də həmin istiqamətdə
atılan addımlardan biridir. Ölkəmizdə
bu cür komplekslərin sayının çoxalması Azərbaycanın
iqtisadi potensialını nümayiş etdirməklə
yanaşı, həm də respublikamıza gələn turistlərin
sayının artmasına zəmin yaradır.
“Şamaxı Palace Platinum By Rixos” oteli təkcə
Şamaxı rayonu üçün deyil, bölgə
üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki
şərait böyük turizm potensialına malik olan
Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu
üçün geniş imkanlar açacaqdır.
Dövlətimizin başçısı otelin rəmzi
açılışını bildirən lenti kəsdi.
“Rixos”
otellər şəbəkəsinin idarə heyətinin sədri
Fəttah Tamincə Prezident İlham Əliyevə otel kompleksi
barədə məlumat verdi. Bildirildi ki, 43 min 370 kvadratmetr ərazidə inşa
olunan oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər
göstəriləcəkdir. Otel kompleksi
maraqlı memarlıq üslubunda inşa edilmişdir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında
inşa edilən binanın interyerinin tərtibatında orijinal
mebel və aksessuarlardan istifadə olunmuşdur.
Prezidentin diqqətinə çatdırıldı ki,
oteldə xidmət göstərəcək heyət yüksək
hazırlıq kursu keçmişdir və onların əksəriyyətini
yerli kadrlar təşkil edir. Bu əməkdaşlar
otelin istənilən xidmət sahəsində qonaqlara yüksək
səviyyəli qulluğun göstərilməsi ilə
bağlı xüsusi təlim kurslarına cəlb
olunmuşlar.
Otel kompleksində müxtəlif toplantı və
konfransların keçirilməsi üçün geniş
imkanları olan 200 nəfərlik konfrans zalı, müasir
restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə
Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim
olunacaqdır.
Dövlətimizin
başçısı otel nömrələri ilə tanış oldu. Məlumat verildi
ki, oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən
müasir tələblər səviyyəsindədir və
yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxt Bakı ilə
yanaşı, regionlarda da müasir turizm və istirahət
obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə
verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən
diqqətin nəticəsidir. Bu çərçivədə
“Şamaxı Palace Platinum By Rixos” otelində
yaradılan gözəl şərait Azərbaycanda mehmanxana
biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin
xüsusi çəkisinin getdikcə artdığını bir
daha təsdiqləyir.
Oteldə uşaqların da istirahətinin təşkili
üçün lazımi şərait
yaradılmışdır. Burada uşaqlar
üçün müxtəlif əyləncə və idman
sahələri qurulmuşdur. Oteldə qonaqların
vaxtlarını səmərəli keçirmələri üçün
bilyard və boulinq zalları da vardır.
Bu oteldə qonaqlara təqdim olunan xidmətlər
çoxçeşidliliyi ilə fərqlənir. Təklif
olunan bəzi xidmət sahələri pulsuzdur. Burada
quraşdırılan müxtəlif trenajorlar, müasir idman
avadanlığı və hovuzlar qonaqların istirahət
imkanlarını daha da artırır.
Otel kompleksi ilə tanışlıqdan sonra dövlətimizin
başçısı kollektivlə görüşdü.
Kollektiv
üzvlərini təbrik edən Prezident İlham ƏLİYEV
dedi:
-
Sabahınız xeyir olsun.
Mən sizi salamlayıram. Bu gün Şamaxı
rayonunda çox əlamətdar bir gündür. Şamaxıda belə gözəl, möhtəşəm
otel açılır, “Şamaxı Palace” oteli. Bu gözəl hadisə münasibətilə sizi
ürəkdən təbrik edirəm.
Bu, doğrudan da “Palace” oteldir, yəni saradır, saraya
oxşayır.
Həm xarici görünüşü, daxili
dizaynı, rahatlığı, əlbəttə ki, ən
yüksək səviyyədədir. Ən yüksək
standartlar tətbiq edilib, otaqlar genişdir, rahatdır, istirahət
üçün gözəl imkan vardır. “Rixos” kimi dünya miqyaslı şirkət bu oteldə
xidmət göstərəcəkdir. Bu, Azərbaycanda
artıq üçüncü oteldir ki, “Rixos” şirkəti
onu idarə edir. Bundan əvvəl Qubada
gözəl otelin açılışında iştirak
etmişəm, Naftalan şəhərində “Rixos” fəaliyyət
göstərir və indi Şamaxıda.
Bu, özlüyündə bir göstəricidir. Çünki
bu, Azərbaycanın inkişafına inamın əlamətidir.
Azərbaycan inkişaf edir. Hər
sahə inkişafdadır, o cümlədən turizm sahəsi.
Son illərdə Azərbaycana gələn
turistlərin sayının artması və yeni otellərin
açılışı ölkəmizin dinamik
inkişafını göstərir. Çünki
bundan sonra biz qeyri-neft sektorunun inkişafı ilə daha da
ciddi məşğul olacağıq və ölkəmizi hərtərəfli
– həm iqtisadi cəhətdən, həm regional baxımdan
inkişaf etdirəcəyik.
Bildiyiniz
kimi, Bakıda son 2-3 il ərzində bir
neçə beşulduzlu otel açılmışdır. Bu otellər dünyanın ən yüksək otel
şəbəkələrinin otelləridir. “Four Seasons”,
“Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt”,
yəni, dünyanın səkkiz aparıcı otel brendi bir
şəhərdədir, özü də Bakı şəhərində.
Yəni, biz bunu ancaq dünyanın ən
inkişaf etmiş şəhərlərində görə
bilərik. Yenə də otellər tikilir.
Hazırda Bakıda “İnturist” oteli tikilir.
Bu da çox əlamətdar hadisədir. Çünki Bakının vaxtilə -
1950-1960-cı illərdə ən məşhur oteli
“İnturist” idi. Sonra “Yeni İnturist”
tikildi, bunun adı oldu “Köhnə İnturist”. Sonra isə əfsuslar olsun ki, o,
sökülmüşdür, yerində başqa bina
tikilmişdir. Ancaq bakılıların
xatirəsində həmişə “İnturist” oteli
yaşayır.
Mən çox şadam ki, hazırda biz bu tarixi ədaləti
bərpa edirik.
“İnturist” oteli tikilir. Adı
da “İnturist” olacaqdır. Təxminən əvvəlki
“İnturist”in yerinə çox yaxın bir yerdə tikilir.
Dənizə mənzərəsi
açılır və Yeni Bulvarın arxasında yerləşir.
Eyni zamanda, Ağ şəhər bulvarında -
bulvarın əks istiqamətində yeni böyük otel
tikilir. Beləliklə, Bakıda
beşulduzlu otellərin sayı ən azı ona
çatacaqdır. Yəni, bir neçə il ərzində beşulduzlu on otelin fəaliyyətə
başlaması özlüyündə ölkəmizin nə qədər
sürətlə inkişaf etdiyini göstərir.
Turistlərin sayı, qonaqların sayı artır və
hər qonaq, hər halda mənimlə görüşən
xarici qonaqlar Bakı haqqında, Azərbaycan haqqında
çox yüksək fikirdədirlər. Azərbaycanın
inkişafı, Bakının gözəlliyi onları heyran
edir. Keçən ay Heydər Əliyev
Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə
verilmişdir. Bu da dünya miqyasında ən
gözəl aerovağzal komplekslərindən biridir. Həm xarici görünüşü, dizayn,
interyer, həm də zövq baxımından ən yüksək
səviyyədədir. Ona görə
hazırda bax bu turizm və nəqliyyat infrastrukturu bizə
imkan verir ki, bu sektoru sürətlə inkişaf etdirək.
Məni daha çox sevindirən odur ki, hazırda
bölgələrdə ən müasir səviyyədə
otellər tikilir. Şimal-qərb zonasında, bax,
Şamaxıda artıq ikinci oteldir. Biri də
tikilir. Qəbələ şəhəri
artıq Azərbaycanın turizm mərkəzinə
çevrilmişdir. Beynəlxalq Aeroport və dörd, ya
da ki, beş beşulduzlu otel artıq fəaliyyət
göstərir. Şəki bizim qədim şəhərimizdir.
Orada da otellər tikilib. Şimal
istiqamətində “Rixos” artıq Qubada fəaliyyət göstərir.
Böyük qolf meydançası da vardır,
burada dünya çempionatları keçirmək
mümkündür. “Şahdağ”
qış-yay turizm mərkəzi. Orada
artıq üç otel açılıbdır -
“Şahdağ”, “Pik Palas”, “Zirvə”, dördüncüsü də
tikilir. Qusar və Qəbələ
rayonlarında dağ xizəyi kompleksləri
açılmışdır. Bu, Azərbaycanda
heç vaxt olmamışdır. Yəni,
turizm Azərbaycanda hazırda ən sürətlə
inkişaf edən sahələrdən biridir. Bunu beynəlxalq qurumlar da qeyd edirlər. Dünya Turizm Təşkilatının rəhbərliyi
Azərbaycanda görülən işlərə çox
yüksək qiymət verir.
Ölkəmiz çox gözəldir, zəngindir. Təbiətimiz,
havamız, iqlimimiz böyük sərvətimizdir. Eyni zamanda, Azərbaycanda tarixən müalicə
üçün də yerlər olmuşdur. Onların içində mən Naftalanı qeyd etmək
istəyirəm. Orada da “Rixos” fəaliyyət
göstərir və biz Naftalanın keçmiş
şöhrətini bərpa edirik. Sovet vaxtında hər
il 50-60 min insan Naftalana müalicə
üçün gəlirdi.
Müstəqilliyin ilk illərində Azərbaycan erməni
işğalına məruz qalmışdır. Məcburi köçkün
soydaşlarımız o otellərdə, sanatoriyalarda məskunlaşmışdı.
Biz onlar üçün yeni evlər tikdik, qəsəbələr
yaratdıq. Onlar çox gözəl yerlərə
köçürüldü. İndi
Naftalanda Azərbaycanın müalicə mərkəzi tikilir.
“Çinar”, “Rixos” otelləri və tikilməkdə
olan “Qarabağ” oteli də artıq Naftalanı bir turizm, istirahət,
müalicə mərkəzi kimi dünyaya təqdim edəcəkdir.
Yəni, ərazisi o qədər də böyük
olmayan ölkədə görün, artıq nə qədər
turizm mərkəzləri vardır. Bakı dəniz
sahilində istirahət üçün imkanlar yaradır.
Qusar, Qəbələ dağ xizəyi,
Şamaxı, Naftalan. Biz Qalaaltını
da buraya əlavə etməliyik. Çünki
sovet vaxtında Qalaaltı da ümumittifaq kurortu idi. Burada müalicəvi su da çox keyfiyyətlidir.
İndi Qalaaltıda çox gözəl, yeni
otel tikilir.
Əlbəttə ki, bu, uzunmüddətli
strategiyamıza uyğundur. Çünki bu sahəyə
qoyulan sərmayə uzun müddətə, Azərbaycanın gələcəyinə
qoyulan sərmayədir. Əgər
investorların inamı olmasaydı, Azərbaycana bir manat da
qoymazdılar. Həm yerli, həm xarici
investorlar turizm, otel sektorlarına, böyük maraq göstərirlər,
investisiyalar qoyurlar və beləliklə, ölkəmiz bu
gün dünyada turizm mərkəzi kimi tanınır.
Bizim məqsədimiz məhz bundan ibarət idi. Çünki
Azərbaycanı daha çox neftə, qaza görə
tanıyırdılar. Amma mən istəyirəm
ki, Azərbaycanı gözəlliyə, rahatlığa
görə tanısınlar, turizm mərkəzi kimi
tanısınlar. Bütün imkanlar
vardır - belə təbiət, gözəl hava, istedadlı
insanlar, ölkəmizdə hökm sürən sabitlik, təhlükəsizlik.
Azərbaycan dünyanın ən təhlükəsiz
ölkələrindən biridir. Bakı da
ən təhlükəsiz şəhərdir. Əlbəttə ki, nə qədər çox
inkişaf getsə, insanlar nə qədər çox zənginləşsələr,
varlı olsalar, ölkəmiz də bir o qədər çox
inkişaf edəcək və Azərbaycan daim inkişaf yolu ilə
gedəcəkdir. Sabitlik, gələcəyə
inam və düzgün siyasət bu gün Azərbaycanın
inkişafını şərtləndirir.
Təsadüfi
deyildir ki, son on il ərzində dünya
miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə
inkişaf edən ölkə Azərbaycandır. Belə gözəl, möhtəşəm otelin
Şamaxıda yaradılması əlbəttə ki, çox əlamətdar
hadisədir. Şamaxı inkişaf edir.
Mən keçən il Şamaxıda
olmuşam. Keçən il tariximiz, milli dəyərlərimizin
qorunması üçün çox əlamətdar hadisə
baş vermişdir. 743-cü ildə tikilmiş,
Azərbaycanda və müsəlman aləmində ən qədim
məscidlərdən biri olan Şamaxı Cümə məscidi
əsaslı bərpadan sonra açılmışdır.
Bu, bizim tariximizə, dinimizə, adət-ənənələrimizə
verdiyimiz töhfədir, mənəvi borcumuzdur.
Ölkədə milli dəyərlər və müasirlik vəhdət təşkil edir. Bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir. Dərin mənəvi köklər üzərində müasir dövlət qururuq və belə gözəl otellər görülən işlərin kiçik bir parçasıdır.
Siz burada fəaliyyət göstərəcəksiniz. Mənə verilən məlumata görə, indi buraya gəlmək istəyən qonaqların sayı çoxdur. Müraciətlər edilir. Siz əlbəttə ki, “Rixos” markasını yüksək tutacaqsınız, gözəl xidmət göstərəcəksiniz və ölkəmiz üçün gözəl işlər görəcəksiniz.
Sizi təbrik edirəm, sizə uğurlar arzulayıram.
X X X
Sonra xatirə şəkli çəkdirildi.
X X X
Otelin ərazisində geniş tikinti-quruculuq işləri də həyata keçirilmişdir. Tamaşaların və müxtəlif əyləncə proqramlarının təşkil olunması üçün 200 tamaşaçı yerlik amfiteatr yaradılmışdır. Bundan əlavə, ərazidəki tennis, futbol, basketbol, voleybol, mini qolf meydançalarında hər cür şərait vardır.
“Şamaxı Palace Platinum By Rixos” otelinin təqdim etdiyi xidmətlərə təbiət qoynuna gəzintilərin təşkil olunması, idmanın dağ velosipedi növü üzrə xidmətlərin göstərilməsi də daxildir. Beləliklə, qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bölgələrdə bununla bağlı genişmiqyaslı tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyildir ki, son bir neçə ildə beşulduzlu otellərin açılması ilə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlmişdir və bu proses ardıcıl olaraq davam etdirilir.
Azərbaycan.-
2014.- 15 may.- S.1-2.