Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “The Business
Year” nəşrinə müsahibəsi
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev “The Business Year”
nəşrinə müsahibə vermişdir. AzərTAc müsahibəni təqdim
edir.
- Zati-aliləri,
Siz ötən ilin oktyabr ayında keçirilmiş prezident
seçkilərində inamlı qələbə
qazandınız. Qələbənizi şərtləndirən
başlıca amillər barədə nə deyə bilərsiniz
və növbəti prezidentlik dövrünün prioritetləri
nədən ibarət olacaq?
-
2013-cü il prezident seçkiləri Azərbaycanın
ictimai-siyasi həyatında mühüm hadisə olmuş və
son 10 ildə həyata keçirilən siyasi kursa cəmiyyətimizin
münasibətini nümayiş etdirmişdir. Keçən
illər ərzində biz ümummilli lider Heydər Əliyevin
siyasətini davam etdirməklə dövlətimizin və cəmiyyətimizin
qarşısında duran mühüm məsələlərin
həllinə nail olduq. Azərbaycan iqtisadi
inkişaf göstəricilərinə görə
dünyanın lider ölkələrindən birinə
çevrildi və daha da gücləndi.
Düşünülmüş proqramlar əsasında həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın
qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə
artdı, strateji valyuta ehtiyatlarının həcmi isə 50
milyard dolları keçdi. Ölkə
iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170
milyard dolları ötmüşdür.
Sürətli inkişaf həm də vətəndaşların
sosial rifahının yüksəlməsinə səbəb
olmuşdur.
Son 10 ildə əhalinin gəlirləri 6,5
dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə
artmışdır. Hesab edirəm ki, yoxsulluğun səviyyəsinin
49 faizdən 5,3 faizə düşməsi, habelə
işsizliyin iki dəfə azalaraq cəmi 5 faiz təşkil
etməsi bizim ölkənin mühüm uğuru hesab oluna bilər.
10 ildə respublikada genişmiqyaslı quruculuq
işləri həyata keçirilmiş, şəhər, qəsəbə
və kəndlərimiz müasirləşmiş, bütün
sahələrdə ən müasir standartlar və qabaqcıl
texnologiyalar tətbiq olunmuşdur.
Azərbaycanın uğurları aparıcı beynəlxalq
təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən
də yüksək qiymətləndirilir. Dünya İqtisadi
Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014”
hesabatına əsasən, dünya ölkələrinin rəqabət
qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri
tutmuşdur.
Bu illər ərzində dünyada mövqelərimiz
möhkəmlənmiş, Azərbaycan beynəlxalq münasibətlər
sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə
yanaşılan ölkə kimi böyük nüfuz
qazanmışdır. Bizdə keçirilən çoxsaylı
beynəlxalq tədbirlər əyani şəkildə təsdiq
edir ki, ölkəmiz artıq regionun siyasi, iqtisadi və mədəni
mərkəzi kimi qəbul edilir.
Hazırda
dünyada sosial gərginliyin, işsizliyin və yoxsulluğun
artması fonunda Azərbaycanda tam əks proseslərin
müşahidə olunması - sürətli inkişaf, tərəqqi,
əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi
sabitlik, milli həmrəyliyin möhkəmlənməsi və
s. düşünürəm ki, 2013-cü il
prezident seçkilərinin taleyini həll edən
başlıca amillər olmuşdur. Seçkiləri
müşahidə edən AŞPA, Avropa Parlamenti, ATƏT PA,
İslam Əməkdaşlıq Təşkilatı, MDB və
digər mötəbər təşkilatlar seçki prosesini
birmənalı olaraq yüksək qiymətləndirmiş,
onun azad, ədalətli və şəffaf keçdiyini bəyan
etmişlər. Bu da onu göstərir ki,
seçki və onun nəticəsi ilə bağlı Azərbaycan
xalqının və beynəlxalq birliyin rəyləri
üst-üstə düşmüşdür. Azərbaycan xalqı öz seçimi ilə həm
bu günədək həyata keçirilən siyasətə,
həm də gələcək fəaliyyətimizə öz dəstəyini
ifadə etmişdir.
Gələcək planlarımız böyükdür,
qarşıda həlli vacib olan mühüm məsələlər
vardır. Azərbaycanın
mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı
iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət
quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi,
xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq
aləmdə mövqelərimizin möhkəmlənməsi,
ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və
digər mənfi hallara qarşı sistemli mübarizənin
gücləndirilməsi, vətəndaş cəmiyyətinin
inkişafı və digər sahələr üzrə tədbirlər
bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.
-
2013-cü il Azərbaycanda
“informasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş və
ölkəniz İKT sektorunun inkişafında böyük
nailiyyətlərə imza atmışdır. İrəliyə
baxarkən, Azərbaycanın inkişafında müasir
texnologiyalar hansı rol oynayacaq?
- Azərbaycanda
həyata keçirilən iqtisadi siyasətin üstün cəhəti
ondan ibarətdir ki, bütün tədbirlər ölkənin
real potensialı, dünya iqtisadiyyatının inkişaf meylləri
nəzərə alınmaqla və konkret proqramlar əsasında
reallaşdırılır. Təcrübə
göstərir ki, rəqabətədavamlı iqtisadiyyatın
formalaşdırılması üçün müasir
texnologiyaların tətbiqi başlıca şərtlərdən
biridir. Buna görə də ölkəmizdə
təkcə iqtisadi deyil, bütün digər sahələrdə
də innovasiyalardan geniş istifadə olunur.
İnformasiya-kommunikasiya texnologiyaları sürətlə
inkişaf edən və böyük perspektivi olan sahədir. 2003-cü ildə İKT
üzrə Milli Strategiyanın, sonrakı illərdə isə
“Elektron Azərbaycan Dövlət Proqramı”nın
qəbul edilməsi və icrası bu sahənin
inkişafına güclü təkan vermişdir. Müstəqillik illərində Azərbaycanda
İKT-nin inkişafına bütövlükdə 3 milyard
dollardan artıq sərmayə yatırılmışdır.
Bunun nəticəsidir ki, son 10 ildə informasiya və rabitə
sahəsinin inkişafı 8,2 dəfə
artmışdır. 2013-cü ildə Azərbaycanın
ilk telekommunikasiya peykinin orbitə çıxarılması,
kosmik sənayenin əsasının qoyulması ölkəmiz
üçün tarixi əhəmiyyət kəsb edən hadisə
olmuşdur. Növbəti illərdə
daha iki peykin orbitə çıxarılması
üçün müvafiq tədbirlər görülür.
Bununla yanaşı, Azərbaycanda son illərdə
internet sürətlə inkişaf edir. Ümumdünya
Telekommunikasiya Təşkilatının hesabatına əsasən,
bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir.
Artıq respublikanın hər bir şəhərinə
genişzolaqlı internetin çəkilişi
başlanmışdır.
Bir faktı da qeyd etməliyəm ki, biz təkcə
dünyadakı mövcud innovasiyaları tətbiq etməklə
kifayətlənmirik, həm də bir sıra yeniliklərin təşəbbüskarı
kimi çıxış edirik. Bu mənada Azərbaycanın “brendi”
hesab oluna biləcək Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və
onun tabeliyində yaradılan “ASAN xidmət” mərkəzlərini
xüsusi qeyd etmək istəyirəm. “ASAN xidmət”in
fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının
fəaliyyətinin əlaqələndirilməsi, nəzarət
və qiymətləndirmənin aparılması, dövlət
qurumlarının informasiya bazalarının qarşılıqlı
inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin
sürətləndirilməsi və bu sahədə idarəetmə
sisteminin təkmilləşdirilməsi daxildir. Bu xidmət dövlət-vətəndaş
münasibətlərinə yeni yanaşmanın mütərəqqi
modelidir və hazırda 25 növ hüquqi xidmət həyata
keçirir. Təsadüfi deyil ki, cəmi bir il ərzində xidmətə bir milyondan
çox müraciət olmuşdur. Ona görə
də biz qarşıdakı dövrdə “ASAN xidmət”in
funksiyalarını daha da genişləndirməyi nəzərdə
tuturuq.
Azərbaycanın
gələcək inkişafında yüksək
texnologiyaların roluna gəldikdə, qeyd etmək istərdim
ki, hazırda iqtisadiyyatın dinamik inkişafının təmin
edilməsi və rəqabət qabiliyyətinin
artırılması üçün müasir elmi və
texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin
genişləndirilməsi, tətbiqi elmi tədqiqatların aparılması,
bu sektora yerli və xarici investisiyaların cəlb edilməsi,
müvafiq kadr bazasının yaradılması və digər
istiqamətlər üzrə tədbirlər həyata
keçirilir. Qarşıda duran vəzifələri
səmərəli şəkildə həll etmək məqsədi
ilə Yüksək Texnologiyalar Parkı və İnformasiya
Texnologiyalarının İnkişafı Fondu təsis
edilmişdir. İnnovasiyalara, yüksək
texnologiyalara əsaslanan güclü iqtisadiyyatın
formalaşdırılması bizim əsas hədəflərimizdən
biridir və bu məqsədə doğru ardıcıl şəkildə
irəliləyirik.
-
2014-cü il Azərbaycanda “Sənaye ili”
elan edilmişdir. Qarşıdan gələn
dövrdə bu istiqamətdə hansı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur?
- Əvvəllər əsasən aqrar respublika hesab olunan
Azərbaycanda ötən əsrin 70-80-ci illərində sənayenin
inkişaf etdirilməsi məqsədi ilə mühüm
addımlar atılmış, ümumittifaq səviyyəli
yüzlərlə yeni sənaye müəssisəsi işə
salınmış və müttəfiq respublikalar
üçün müxtəlif çeşidli məhsullar
istehsal edilmişdir. Lakin SSRİ-nin süqutu ilə
keçmiş respublikalar arasındakı iqtisadi əlaqələr
pozulmuş və ümumilikdə planlı iqtisadiyyat tənəzzülə
uğramışdır. Eyni zamanda, Ermənistanın Azərbaycana
qarşı təcavüzü, ölkədə hökm
sürən hərc-mərclik şəraiti, mövcud müəssisələrin
fiziki və mənəvi cəhətdən köhnəlməsi
və s. nəticəsində iqtisadiyyat getdikcə aşağı
düşmüş, istehsal prosesi pozulmuşdur. Odur ki, yalnız ümummilli lider Heydər Əliyevin
səyləri nəticəsində 2000-ci ilin əvvəllərində
istehsalın həcmini 1990-cı ilin səviyyəsinə
çatdırmaq mümkün olmuşdur.
Son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə
olunmuş gəlirlərin bir qismi məqsədyönlü
şəkildə və xüsusi proqramlar çərçivəsində
qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı
yerli sənaye müəssisələrinin yaradılmasına və
milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilmişdir. Məhz bunun nəticəsidir
ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10
faiz illik artım müşahidə olunmuşdur. Bundan
başqa, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi,
nəhəng investisiya proqramlarının icrası,
sosial-iqtisadi infrastrukturların bərpası və yenidən
qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət
qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi
Azərbaycanda sənaye istehsalının həcmini 2,7 dəfə artırmışdır.
Hazırda qarşımızda duran əsas vəzifələrdən
biri mövcud potensiala əsaslanaraq Azərbaycanı
güclü sənaye dövlətinə çevirməkdir. Artıq sənayenin
şaxələndirilməsi və modernləşdirilməsi
istiqamətində müəyyən işlər
görülmüşdür. Biz mövcud
təbii və iqtisadi resursları istehsalat dövriyyəsinə
cəlb edirik, yeni istehsal sahələri və sənaye
parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk.
Buna görə də 2014-cü il “Sənaye
ili” elan olunmuş, cari ildə həyata keçiriləcək
tədbirlərin ümumi planı hazırlanmış və
təsdiq edilmişdir. Eyni zamanda, “Sənayenin inkişafına
dair 2015-2020-ci illər üçün Dövlət
Proqramı”nın hazırlanması və
təsdiq olunması nəzərdə tutulur.
Hesab edirik ki, toplanmış təcrübə və
ölkəmizin ümumi iqtisadi potensialı qarşıda duran
vəzifələrin uğurla həll edilməsinə imkan verəcəkdir.
-
Keçən ay regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafına dair üçüncü
Dövlət Proqramı təsdiq olundu. Əvvəlki iki
proqramın icrası nəticəsində nəyə nail
olunmuşdur və üçüncü proqramın
icrasından nə gözlənilir?
-
2004-cü ildə birinci Dövlət Proqramını qəbul
edərkən əsas məqsədimiz regionların hərtərəfli
inkişafını təmin etmək, bölgələrlə
paytaxtın inkişaf səviyyəsi arasındakı kəskin
fərqi aradan qaldırmaq olmuşdur. Mən hələ
2003-cü ildə prezident seçkiləri ərəfəsində
bəyan etmişdim ki, əgər etimad göstərilərsə,
ilk növbədə Azərbaycanın regionlarının
inkişafı ilə məşğul olacağam, bu məqsədlə
xüsusi proqram qəbul ediləcəkdir. Belə
də oldu.
2003-2008 və 2009-2013-cü illəri əhatə edən
iki Dövlət Proqramının qəbul edilməsi, həmin
proqramlara əlavə olaraq 250-yə yaxın sərəncamın
imzalanması və icrası bölgələrdə
böyük dönüş yaratmış, regionların
sosial-iqtisadi mənzərəsini tamamilə dəyişmişdir. Nəticədə bölgələrdə
kommunal xidmətlərin və sosial infrastrukturların keyfiyyəti
yüksəlmiş, sahibkarlıq mühiti
yaxşılaşmış, investisiya qoyuluşu
artmış, minlərlə yeni müəssisə fəaliyyətə
başlamış, 900 mini daimi olmaqla 1,2
milyondan çox iş yeri yaradılmışdır. Son 10 il ərzində
regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye istehsalı 3,1 dəfə
artmışdır. Azərbaycanın bölgələri,
bütün yaşayış məntəqələri
abadlaşmış və müasirləşmişdir. Deyə bilərəm ki, regionların
inkişafında, ümumiyyətlə, Azərbaycanın
iqtisadi potensialının gücləndirilməsində bu
proqramların çox böyük rolu olmuşdur.
Bizim qarşımızda duran strateji vəzifə Azərbaycanın
müstəqilliyini daha da möhkəmləndirmək və
bütün sahələr üzrə onu dünyanın
inkişaf etmiş, rəqabətədavamlı ölkələri
sırasına çıxarmaqdır. Buna görə,
müasir dövrün çağırışları da nəzərə
alınmaqla, regionlarımızın dinamik inkişafı
istiqamətində həyata keçirilən tədbirlər
davam etdiriləcəkdir. Hesab edirəm ki, yeni təsdiq
olunmuş “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrası qeyri-neft
sektorunun davamlı inkişafını, infrastrukturların və
sosial xidmətlərin daha da yaxşılaşmasını,
dünyada mövcud olan ən yüksək standartlar səviyyəsinə
çatdırılmasını təmin edəcəkdir.
- Son illər
Azərbaycan xarici siyasət sahəsində də mühüm
uğurlar əldə etmişdir. Ölkənizin BMT Təhlükəsizlik
Şurasında fəaliyyəti, xarici siyasətin yeni prioritetlərinin
müəyyənləşdirilməsi və həyata
keçirilməsi və s. məsələləri bu
sıraya daxil etmək olar. Qarşıdan gələn
dövrdə Azərbaycanın xarici siyasətinin əsas
istiqamətləri hansılar olacaq?
- Azərbaycanın
hərtərəfli inkişafı, iqtisadi potensialının
güclənməsi, həyata keçirilən fəal xarici
siyasət ölkəmizin nüfuzunun yüksəlməsini,
beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli
və çoxtərəfli əlaqələrin möhkəmlənməsini
təmin etmişdir. Bu gün Azərbaycan
müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə
və beynəlxalq münasibətlər sisteminə öz
baxışı olan, mövqeyi nəzərə alınan bir
dövlət hesab olunur. 2011-ci ildə sərt
rəqabət şəraitində BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməyimiz
xalqımızın tarixi nailiyyəti, xarici siyasətimizin
böyük uğuru olmaqla yanaşı, həm də ölkəmizin
beynəlxalq aləmdə yüksək nüfuz
qazandığını göstərmişdir. Göründüyü kimi, beynəlxalq aləm
dövlətimizin mövqeyini dəstəkləyir,
addımlarımızı təqdir edir. Çünki
Azərbaycan bütün beynəlxalq təşkilatlarda
özünü ləyaqətlə aparır, prinsipial
mövqeyini və öz milli maraqlarını hər şeydən
üstün tutur. BMT Təhlükəsizlik
Şurasında iki illik fəaliyyəti dövründə,
xüsusilə quruma sədrliyi müddətində Azərbaycan
qlobal təhlükəsizliyə, dünyada sülhün bərqərar
olmasına, sivilizasiyalar və mədəniyyətlərarası
dialoqun inkişafına öz layiqli töhfəsini verərək,
xüsusi fəallığı ilə seçilmişdir.
Azərbaycan həm də qlobal transmilli və
çoxsaylı regional layihələrin əsas təşəbbüskarı
kimi çıxış etmişdir. Ölkəmizin həyata
keçirdiyi enerji siyasəti təkcə bizim
üçün deyil, həm də regionumuz və dünya
üçün mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də
Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin
qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına
çıxarılması üzrə “Şahdəniz-2” beynəlxalq
yekun investisiya layihəsi imzalanmışdır. Hesab edirəm ki, “Şahdəniz-2” dünyanın
enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb
olacaq və tarixə “XXI əsrin kontraktı” kimi düşəcəkdir.
Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi,
iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin
mühüm beynəlxalq tədbirlərə ev
sahibliyi etməsi artıq ənənə halını
almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində Fələstinə
yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq
Humanitar Forumun, İkinci Mədəniyyətlərarası
Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər
yüksək səviyyəli qlobal tədbirlərin
keçirilməsi buna sübut ola bilər.
Bizim aparıcı beynəlxalq təşkilatlarla və
başqa ölkələrlə çoxtərəfli və
ikitərəfli münasibətlərimiz də inkişaf
etmişdir.
Azərbaycan ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq
Təşkilatı və digər nüfuzlu beynəlxalq
qurumların çərçivəsində səmərəli
fəaliyyətini davam etdirmişdir. Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi
istiqamətində önəmli saziş
imzalanmışdır. Bu, bizim Avropa
İttifaqı ilə olan münasibətlərimizin göstəricisidir.
Əminəm ki, əməkdaşlığın
daha da inkişaf etdirilməsi üçün Avropa
İttifaqı ilə Azərbaycan arasında
qarşılıqlı strateji tərəfdaşlığın
ən səmərəli formatını yaratmağa nail
olacağıq.
Biz region ölkələri, dünyanın aparıcı
dövlətləri ilə qarşılıqlı etimada əsaslanan
münasibətlərimizi inkişaf etdirməklə
yanaşı, xarici siyasətimizin yeni vektorlarına uyğun
olaraq, həm də qeyri-ənənəvi istiqamətlər
üzrə fəal diplomatiya nümayiş etdirdik. Bu mənada Avropa və Asiya
ölkələri ilə ənənəvi tərəfdaşlıq
münasibətlərimizi davam etdirməklə yanaşı, həm
də üzv olduğumuz Qoşulmama Hərəkatı ölkələri,
Latın Amerikası və Afrika dövlətləri ilə
siyasi, iqtisadi və humanitar əməkdaşlığın
gücləndirilməsini xarici siyasətimizin prioritetləri
sırasına daxil etmişik. Təsadüfi
deyil ki, son dövrlərdə Latın Amerikasının bir
sıra ölkələri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
Azərbaycanın haqlı mövqeyinə dəstək
vermişlər. Artıq dünyanın 10
ölkəsi 1992-ci ildə erməni silahlı birləşmələri
tərəfindən Xocalıda törədilmiş qətliamı
soyqırımı aktı kimi tanımış, həmin
dövlətlərin parlamentləri müvafiq qərarlar qəbul
etmişlər.
Qarşıdan gələn illərdə ölkəmizin
siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi,
beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla,
ayrı-ayrı ölkələrlə tərəfdaşlıq
əlaqələrinin genişləndirilməsi istiqamətində
səylər davam etdiriləcəkdir. Xarici siyasətimizin təməlində
Azərbaycanın milli maraqlarının qorunması dayanır
ki, bu istiqamətdə bütün lazımi addımlar
atılacaqdır.
Təəssüflə qeyd etməliyəm ki, xarici siyasətimizin
əsas məsələsi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində bu günə kimi ciddi bir irəliləyiş
olmamışdır. Ermənistan tərəfi
danışıqlar prosesini müxtəlif bəhanələrlə
uzatmaqda davam edir və mövcud status-kvonun saxlanmasına
çalışır. Düzdür,
ötən ilin sonunda danışıqlar prosesində nisbi
canlanma müşahidə edilmişdir. Buna görə də,
güman etmək olar ki, 2014-cü ildə bu proses davam etdiriləcəkdir.
Ermənistan rəhbərliyi anlamalıdır
ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci
erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir.
Münaqişə Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməlidir və ediləcəkdir. Münaqişə
davam etdikcə Ermənistan dövləti bölgənin
bütün transmilli və regional inkişaf layihələrindən
kənarda qalacaq, erməni xalqının vəziyyəti pisləşməkdə
davam edəcək və ölkənin olub-qalan sosial-iqtisadi
potensialı tükənəcəkdir.
- Səbirsizliklə
gözlənilən l Avropa Oyunlarına hazırlıq işləri
necə gedir?
- Bu il l Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyduq. Məlumdur ki, bu səviyyəli tədbirlərə hazırlıq adətən 7-8 il davam edir. Biz isə cəmi iki il yarım ərzində Avropa Yay Oyunları kimi möhtəşəm tədbir keçirmək niyyətindəyik. Əminəm ki, qarşıda duran bütün məsələlərin həllinə vaxtında nail olunacaq. Artıq Təşkilat Komitəsi formalaşmış və olduqca məhsuldar fəaliyyət göstərir. Tədbirin keçirilməsi nəzərdə tutulan idman obyektlərinin böyük əksəriyyətinin tikintisi bu il başa çatmalıdır. Olimpiya stadionunun, su idman sarayının, stend atıcılığı mərkəzinin tikintisi davam etdirilir. Artıq gimnastika mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev İdman-Konsert Kompleksi, Bakı İdman Sarayı əsaslı təmir olunur, digər idman obyektləri yaradılır. Ancaq bu Oyunlara hazırlıq təkcə müvafiq idman obyektlərinin tikintisi ilə məhdudlaşmır. Eyni zamanda, təhlükəsizlik, nəqliyyat, Olimpiya şəhərciyinin yaranması, qonaqların, idmançıların qarşılanması, yerləşməsi, məşqlərin keçirilməsi və digər məsələlər çox ciddi diqqət tələb edir. Nəzərə alsaq ki, Azərbaycanın artıq güclü potensialı, oturuşmuş idman infrastrukturu mövcuddur və bizim böyük beynəlxalq tədbirləri təşkil etməkdə yaxşı təcrübəmiz vardır, əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirə biləcəyik. Hesab edirəm ki, Azərbaycanda tətbiq olunan standartlar bundan sonrakı Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcəkdir.
Azərbaycan.-
2014.- 15 may.- S.3.