Heydər Əliyev Fondu – uğurların təməli
Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın
“The Business Year”
jurnalına müsahibəsi
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva Fondun yaradılmasının
10 illiyi ilə bağlı “The Business Year” jurnalına
müsahibə vermişdir.
AzərTAc müsahibəni təqdim edir.
X X X
Müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu, ümummilli lider Heydər Əliyev 2003-cü ilin
dekabrında vəfat etdikdən sonra onun zəngin irsinin qorunub
saxlanması, gələcək nəsillərə
çatdırılması və nurlu əməllərinin
davam etdirilməsi məqsədilə xüsusi bir ictimai qurumun
yaradılmasına dair müxtəlif təşəbbüslər
irəli sürüldü. Cəmiyyətin sosial
sifarişi nəzərə alınaraq 2004-cü ilin
mayında qeyri-hökumət təşkilatı olan Heydər
Əliyev Fondu yaradıldı.
Fondun əsas missiyası Heydər Əliyevin həyat və
fəaliyyətinin, ideyalarının öyrənilməsi və
təbliği ilə yanaşı, ölkə daxilində və
xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir.
Yarandığı dövrdən indiyədək Fond
öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə,
mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və
digər sahələrdə müxtəlif layihələr həyata
keçirmişdir. Fond öz proqramları, layihələri,
xeyriyyə fəaliyyəti ilə Azərbaycanda və ölkəmizin
hüdudlarından kənarda yüksək nailiyyətlər
qazanmışdır. Fondun təşəbbüsü
ilə respublikanın müxtəlif şəhər və
rayonlarında ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyətindən, Azərbaycanın müasir tarixi və
zəngin mədəni irsindən bəhs edən, yeni
avadanlıq və zəruri ədəbiyyatla təchiz
edilmiş mərkəzlər yaradılmışdır.
Bu mərkəzlər təkcə muzey
funksiyası daşımır, eyni zamanda, yeniyetmə və gənclərin
müxtəlif bilik və bacarıqlara yiyələnmələrinə
xidmət edir. Mərkəzlərin nəzdində
kompyuter kursları, şahmat, xalçaçılıq, təsviri
və tətbiqi incəsənət, heykəltəraşlıq
və s. dərnəklər fəaliyyət göstərir.
Azərbaycan vətəndaşları üçün bərabər
təhsil imkanlarının yaradılmasını, gənc nəslin
biliklərə yiyələnməsini və ölkəmizin
dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən
hesab edən Heydər Əliyev Fondu fəaliyyətə
başladığı gündən bu istiqamətdə bir
sıra proqram və layihələr həyata keçirir. Bunlar “Uşaq
evləri və internat məktəblərinin inkişafı”,
“Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə
dəstək” layihələridir. Vətəndaş
cəmiyyəti və özəl sektor tərəfindən dəstəklənən
layihə və proqramlar çərçivəsində
onlarla uşaq müəssisəsi, 400-dən çox məktəb
binası inşa olunmuş və ya yenidən qurulmuşdur.
Fondun təşəbbüslərinə dövlət tərəfindən
yaxından dəstək verilmiş, ümumilikdə son 10 ildə
respublikada 2 min 700 yeni məktəb binası tikilmiş və
ya təmir olunmuşdur. Fondun bu qəbildən
olan yeni təşəbbüsü “Məktəbəqədər
təhsil müəssisələrinin inkişafı” layihəsidir.
Cəmiyyətə bu il təqdim
edilmiş layihədə Bakı şəhərində
uşaq bağçalarına olan tələbatın tam
ödənilməsi məqsədi ilə kompleks tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Heydər
Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti
əsasən üç istiqaməti əhatə edir: milli mənəvi
dəyərlərin və mədəni irsin qorunub
saxlanması, ölkə və dünya əhəmiyyətli
tarixi abidələrin bərpası və yeni mədəniyyət
obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin
dünya ictimaiyyətinə tanıdılması. Bu sırada
UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi
irsinin şah əsərləri siyahısında yer
almış Azərbaycan muğamının inkişafına və
tanıdılmasına xidmət edən Beynəlxalq Muğam Mərkəzinin
açılmasını, Müasir İncəsənət
Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Muzeyinin, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin
yaradılmasını xatırlamaq olar.
Hər il təşkil edilən beynəlxalq musiqi
yarışmaları nəinki Azərbaycanın, hətta
dünyanın mədəni həyatında əlamətdar
hadisə kimi qiymətləndirilir. Mstislav Rostropoviç
adına Beynəlxalq Musiqi Festivalı, “Muğam aləmi” Beynəlxalq
Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi
Festivalı, Beynəlxalq Aşıq Festivalı kimi
irimiqyaslı tədbirlər ifaçılıq sənətinin
inkişafına əlverişli şərait yaratmaqla bərabər,
xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə
də xidmət edir.
Müxtəlif mədəniyyətlər və
sivilizasiyaların qarşılıqlı zənginləşməsinə,
xalqlararası dialoqun dərinləşməsinə,
tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət
verən Heydər Əliyev Fondu “Tolerantlığın
ünvanı – Azərbaycan” layihəsini həyata keçirir. Layihə
çərçivəsində dini abidə və ziyarətgahlarda
təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər
təşkil olunur.
Heydər Əliyev Fondu gerçəkləşdirdiyi
layihələrlə əhalinin sağlamlığının
qorunmasında yaxından iştirak edir. Fondun müəyyən
etdiyi başlıca vəzifələrdən biri uşaq evləri
və internatlardakı azyaşlı və yeniyetmələrə,
şəhid, qaçqın, məcburi köçkün və
aztəminatlı ailələrdən olan, habelə müxtəlif
xəstəliklərdən əziyyət çəkən
uşaqlara yardım etməkdir. Fond beynəlxalq təşkilatlar
və dünyanın bir sıra aparıcı səhiyyə
şirkətləri ilə əməkdaşlıq şəraitində
“Diabetli uşaqlara ən yüksək qayğı”,
“Talassemiyasız həyat naminə” və digər layihələr
həyata keçirmiş, tibb müəssisələrinin əsaslı
təmiri, yenidən qurulması və inşasına nail
olmuşdur. Fondun yarandığı gündən
ölkədə bir sıra xəstəxana, poliklinika,
diaqnostika mərkəzi və digər tibb ocaqları
tikilmiş, təmir olunmuş və yenidən qurulmuşdur.
Fondun fəaliyyətinin mühüm istiqamətlərindən
biri də xeyriyyəçilikdir. Valideyn himayəsindən,
ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə
inteqrasiyasını asanlaşdırmaq, asudə
vaxtlarını səmərəli təşkil etmək məqsədi
ilə Fond mütəmadi olaraq xeyriyyə aksiyaları
keçirir. Bu aksiyalar çərçivəsində
Fond geniş tərkibli yardımlar göstərir. Belə ki, qurum uşaq evlərinə və internat məktəblərinə
hədiyyələr göndərməklə yanaşı,
konsert və əyləncə proqramları təşkil edir.
Fond hər
il təhsildə xüsusilə fərqlənən,
uşaq evlərində və internat məktəblərində
tərbiyə alan uşaqlar üçün Yeni il və
Novruz şənlikləri keçirir. Fond, həmçinin
qaçqın və məcburi köçkün ailələrindən,
eləcə də valideyn himayəsindən, ailə
qayğısından məhrum olan uşaqlara yardım edir.
Azərbaycanda və xaricdə fəaliyyət
göstərən qurumlara bayram hədiyyələri göndərir.
Heydər
Əliyev Fondu bu uşaqların dünyanın müxtəlif
ölkələrinə səfərlərini təşkil
edir, həmçinin digər ölkələrdən olan
uşaqların Azərbaycana gəlmələrinə və
ölkəmizin tarixi, zəngin mədəniyyəti ilə tanış olmalarına imkan yaradır. Fondun təşəbbüsü
və dəstəyi ilə azərbaycanlı məktəblilərin
Almaniya, Belçika, Fransa, Gürcüstan, Niderland və
Rumıniyaya, həmçinin ABŞ, Gürcüstan,
Rumıniya və Rusiyadan olan məktəblilərin isə Azərbaycana
səfərləri təşkil olunmuşdur.
Heydər Əliyev Fondu beynəlxalq səviyyəli
qurumdur. Fondun ABŞ, Rumıniya, Rusiya və Türkiyədə
nümayəndəlikləri fəaliyyət göstərir.
Qurum BMT-nin İnkişaf Proqramı, UNESCO,
İSESCO və digər beynəlxalq təşkilatlar ilə
sıx əməkdaşlıq edir.
Fond Azərbaycandan kənarda da çox mühüm
proqram və layihələr reallaşdırır. Xarici ölkələrdə
həyata keçirilən proqram və layihələr əsasən
üç istiqaməti əhatə edir: Azərbaycanın
tanıdılması, o cümlədən xalqımızın
tarixi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması; Azərbaycan
və azərbaycanlılarla bağlı tarixi, mədəni
irsin bərpası və qorunması; Fondun məramına
uyğun olaraq humanitar və sosial inkişafa kömək
göstərilməsi.
Fond xarici ölkələrdə Azərbaycanın təqdimatını
mədəniyyət günləri, sərgilər, habelə əlamətdar
tarixi hadisələrə, tanınmış elm və mədəniyyət
xadimlərinə həsr olunmuş mərasimlər təşkil
etməklə yerinə yetirir. Bunlara misal olaraq, “Azərbaycan
xalçaları ilə nağıllar aləminə” adlı
sərgini, Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpa edilməsinin 20-ci
ildönümünə həsr olunmuş mərasimləri,
dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi
ilə bağlı London, Paris, Berlin, Moskva, Strasburq və
Romada keçirilən tədbirləri göstərmək
olar.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə
çatdırılmasına xüsusi önəm verən Fond
2007-ci ildən başlayaraq hər il
dünyanın bir sıra böyük şəhərlərində
Xocalı soyqırımının ildönümü ilə
bağlı aksiyalar keçirir. Aksiyalarda
“Xocalı soyqırımı” filmi, ermənilərin
Xocalıda törətdikləri vəhşilikləri əks
etdirən fotoşəkillər, müxtəlif illərdə
xarici ölkələrin nüfuzlu nəşrlərində
Xocalı faciəsi haqqında dərc edilmiş materiallar,
“Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana
qarşı müharibə: mədəni irsin hədəfə
alınması” kitabı təqdim olunur. 2012-ci
ilin fevralında Fondun təşəbbüsü ilə Bosniya
və Herseqovinanın paytaxtı Sarayevoda Srebrenitsa və
Dağlıq Qarabağın Xocalı şəhərində
törədilmiş soyqırımı qurbanlarının
xatirəsinə abidə ucaldılmışdır.
Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət
və digər sahələrdə Azərbaycanda
reallaşdırdığı layihələri xaricdə də
uğurla tətbiq edir. Məsələn, “Təhsilə dəstək” layihəsi
çərçivəsində Gürcüstan, Misir,
Rumıniya, Rusiya, Pakistan və Niderlandda bir sıra məktəblər
yenidən qurulmuş və əsaslı təmir olunmuşdur.
Pakistanda qızlar üçün yeni orta məktəb
binasının inşası ən uğurlu işlərdən
biridir. 2005-ci ildə Pakistanda böyük
dağıntılara səbəb olmuş zəlzələdən
sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki
qızlar üçün məktəb tam yararsız vəziyyətə
düşmüşdü. Fond tərəfindən
qısa müddətdə 650 şagird yerlik yeni təhsil
ocağı inşa edilmişdir. Fondun ictimai səhiyyə
sahəsində yer tutan layihələrinə Pakistanda aztəminatlı
ailələrdən olan on minlərlə insanın “Hepatit B”
virusuna qarşı vaksinasiya edilməsi, talassemiya, hemofiliya və
qan xəstəliklərindən əziyyət çəkən
xəstələrin təcili tibbi yardım
avtomaşını və qan paketləri ilə təmin
olunması, eləcə də göz əməliyyatlarının
həyata keçirilməsi də daxildir.
2013-cü ildə Heydər Əliyev Fondu ABŞ-ın
Merilənd ştatındakı məktəblərə
interaktiv lövhələrin və əlil uşaqlar
üçün müvafiq avadanlığın
alınması üçün maliyyə yardımı
göstərmişdir.
Fond tərəfindən xaricdə həyata keçirilən
mədəniyyət layihələri bu qurumun mədəni
müxtəlifliyə və ümumbəşəri dəyərlərə
hörmətini mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə
töhfələrini verməklə əyani şəkildə
nümayiş etdirir. Bu sahədə görülən işlərdən
Parisdə Versal Sarayının parkındakı abidələrin,
Luvr Muzeyinin, İkinci Dünya müharibəsi zamanı
yanmış və dağıdılmış Berlin qəsrinin,
Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının,
Vatikanda Roma katakombalarının bərpasını və
Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirini
misal göstərmək olar.
Heydər Əliyev Fondu Azərbaycandan kənarda səhiyyə
sahəsində də layihə və aksiyalar həyata
keçirir.
2008-ci ilin aprelində Rumıniyanın İon Pop de Popa Fondu ilə
əməkdaşlıq çərçivəsində
ürək xəstəliklərindən əziyyət çəkən
insanlara yardım göstərilmiş, 2010-cu ilin dekabrında
Yekaterinburqdakı 1 nömrəli Vilayət Kliniki Xəstəxanasının
Uşaq Onkohematoloji Mərkəzinə xüsusi tibbi
avadanlıqla təchiz edilmiş “Sobol” markalı təcili
yardım maşını hədiyyə olunmuşdur. 2012-ci ilin dekabrında Polşa Respublikasının
Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq
çərçivəsində Polşada fəaliyyət
göstərən Anna Dımnanın “Mimo Wszystko” (Heç nəyə
baxmayaraq) Fondunun terapevtlərinin Azərbaycana səfəri təşkil
olunmuşdur. Səfər çərçivəsində
həkimlər Daun Sindromlu Şəxslərin Assosiasiyasında
bir sıra məşğələlər və kurslar
keçmişlər. 2013-cü ilin
martında Azərbaycandan olan daun sindromlu uşaqların və
onların valideynlərinin Polşanın Krakov şəhərinə
səfəri təşkil olunmuşdur.
Heydər Əliyev Fondu xarici ölkələrdə digər
sosial layihələr də həyata keçirir. Fond Haitidə
zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin
aradan qaldırılmasına maliyyə dəstəyi
vermişdir. 2011-ci ilin sentyabr ayında Heydər
Əliyev Fondu Parisdə terrorizm qurbanlarına həsr olunan
7-ci Beynəlxalq Konqresin keçirilməsi üçün
Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə
yardımı göstərmişdir.
Heydər Əliyev Fondu tərəfindən Fransa, Rusiya,
Macarıstan, İtaliya və Almaniyada sosial sahədə həyata
keçirilmiş layihələr mədəniyyətlərin
uğurlu inteqrasiyasına xidmət edir və xalqları bir
araya toplamağa töhfələrini verir. Parkların təmirinə,
tarixi abidələrin bərpasına yönəldilmiş
layihələr Fondun mənəvi əhəmiyyətini
göstərir. Bu, həm də
bütün dünyada dostluğa və sülhə
çağırışın rəmzidir.
Bu il mayın 10-da Heydər Əliyev Fondunun
yaradılmasının 10 ili tamam olur. Yarandığı
vaxtdan indiyə qədər yüksək təşkilatçılıq
keyfiyyətləri və yorulmaz fəaliyyəti sayəsində
Fond şərəfli yol keçmiş, Azərbaycanda və
xaricdə ümumbəşəri dəyərlərin
daşıyıcısı, inkişaf və tərəqqi,
ümid və mərhəmət ünvanı kimi
tanınmışdır. Heydər Əliyev Fondu Azərbaycanın
yaradıcı ruhun təbliği işinə sadiqliyini təcəssüm
etdirir.
Azərbaycan.-
2014.- 15 may.- S.4.