Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində quruculuq işləri davam etdirilir

 

Qədim tarixə, memarlıq abidələrinə malik olan Ordubad şəhəri bu gün həm də müasir görkəmi və inkişafı ilə diqqəti cəlb edir. Aparılan quruculuq işləri şəhərin görkəmini tamamilə dəyişmişdir. Artıq tarixilikmüasirliyin vəhdəti qədim Ordubadın müasir inkişaf göstəricisinə çevrilmişdir. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq cari ildə Ordubad şəhərindən keçən Dübəndi çayında sahilbərkitmə işləri aparılmış, ətraf ərazilər abadlaşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərinə gəlmiş, aparılan abadlıq işləri ilə maraqlanmışdır.

Bildirilmişdir ki, çay yatağında istiqamətləndirici beton bəndlər salınmış, istinad divarları tikilmiş, suyun sürətini azaldan beton konstruksiyalar inşa edilmişdir. Həyata keçirilən tədbirlər sürüşmə təhlükəsinin aradan qaldırılmasına və insanların rahatlığının təmin olunmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri ərazidə yaşıllaşdırma işlərinin aparılması, Ordubad şəhərində tikinti və abadlıq işlərinin bundan sonra da davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

 

Azərbayca.- 2014.- 15 may.- S.6.