Azərbaycanda ailə dəyərləri daim uca tutulur

 

 

"Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və deyə bilərəm ki, ailə dəyərləri əslində bizim milli dəyərlərimizdir. Azərbaycan dünyaya inteqrasiya edir, əlbəttə ki, dünyada gedən qloballaşma prosesləri bizdən də yan keçmir. Biz ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir".

 

İlham ƏLİYEV

 

BMT Baş Assambleyası beynəlxalq ictimaiyyətin diqqətini ailə institutuna cəlb etmək, bu müqəddəs birliyin qorunub saxlanılması vacibliyini önə çəkmək məqsədilə 1993-cü ildə 15 may tarixinin Beynəlxalq Ailə Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. 1994-cü ildən bu tarix bütün dünyada geniş şəkildə bayram edilir, hər bir ölkədə ailə institutunun inkişafı və problemlərinin həlli məqsədilə kompleks tədbirlər həyata keçirilir. Axı ailə özü də cəmiyyətin formalaşmasında əsas rol oynayır.

Müasir dövrdə millətindən, dilindən, dinindən, irqindən, cinsindən asılı olmayaraq hər bir insan gənc yaşlarından cəmiyyətdə layiqli yerini tapmaq, özünün saf ideallarına qovuşmaq, həyatını mənalandırmaq üçün isti ocağa - ailəyə ehtiyac duyur. Ailə həm də bəşər övladının tapındığı, dərd-sərini, sevincini, xoş duyğularını bölüşdüyü mənəvi mühitdir. Psixoloqların yekdil rəyinə görə, uğurlu təməl üzərində qurulan ailə daha firavan, xoşbəxt həyat tərzi keçirir, depressiya, stress və digər neqativ psixi hallardan uzaq olur, həyatda məqsədyönlü şəkildə hərəkət edir, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır. Sağlam ailə həm də sağlam cəmiyyətin, sivil dövlətin bünövrəsini təşkil edir.

Hər bir normal insan ailəsinin sosial rifahı, firavanlığı üçün hər cür zəhmətə qatlaşır, çalışır, işləyir. Təbii ki, bundan nəcib duyğu ola bilməz, çünki insanın yaşadığı həyatdan mənəvi zövq alması, qurub-yaratması, mücadilə aparması üçün stimulu olmalıdır. İnsanın bu həvəsi, sarsılmaz həyat eşqi ilk novbədə ailəyə, övlada olan saf məhəbbətdən, sevgidən, istəkdən irəli gəlir.

Ailə mədəniyyəti, ailə dəyərləri bu gün dünyada mövcud olan xalqların sayı qədər müxtəlif və rəngarəngdir. Başqa sözlə, hər bir xalq özünün tarixən formalaşmış mental dəyərləri əsasında ailə modeli yaradır. Bu ortaq dəyərlərlə yanaşı, hər bir ailənin özünün yazılmamış "qanunları", prinsipləri, özəllikləri var. Qədim Şərq və müasir Qərb mədəniyyətinin ən pozitiv cəhətlərini özünün zəngin adət-ənənələri, mental dəyərləri ilə sintez edən Azərbaycanda ailə institutuna böyük qiymət verilir.

Qədim zamanlardan indiyədək xalqımızın milli düşüncəsində ailənin rolu müstəsnalıq təşkil edir. Hər bir gəncin ailə qurmaq, ev-eşik sahibi olmaq istəyi müqəddəs, ülvi, nəcib niyyət kimi qiymətləndirilir, ona hərtərəfli dəstək verilir. Respublikamızda ailə dövlət tərəfindən qorunur, himayə edilir. Konstitusiya və qanunlarımız ailənin cəmiyyətdəki layiqli yerinə və mövqeyinə təminat yaradır. Həmçinin ailənin təhlükəsiz, sağlam, firavan yaşayışına, daxili potensialını səmərəli realizə etməsinə imkan verir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında hər  vətəndaşın nikah hüququ təsbit edilib, dövlətin ailəyə qayğı siyasətinin əsas istiqamətləri müəyyənləşib.

Əsas Qanunun nikah münasibətləri zamanı iradə azadlığını və ərlə arvadın hüquq bərabərliyini tənzimləyən 34-cü maddəsinin müddəaları diqqətəlayiqdir. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququnu müəyyən edən həmin maddənin II hissəsinə əsasən nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə, yaxud ərə verilə bilməz. Burada həmçinin birmənalı olaraq ər ilə arvadın hüquq bərabərliyi təsbit edilir.

1995-ci ildə Konstitusiyanın qəbulundan sonra Azərbaycanda qadına və ailəyə dövlət tərəfindən himayədarlıq artmış, qadın və ailə problemləri institusional səciyyə daşımağa başlamışdır. 1995-ci ildə Azərbaycan dövləti BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyaya qoşulmuşdur.

Ümummilli lider Heydər Əliyev ailəyə, qadına həmişə yüksək dəyər vermiş və 1998-ci ildə Ailə və Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamışdır. Bu siyasəti inamla davam etdirən cənab İlham Əliyev də ailə institutunun cəmiyyətdəki yerinirolunu ali dəyərlərdən biri kimi qiymətləndirir. Hazırda respublikada sosial-iqtisadi inkişafın nəticəsi kimi ailələrin gəlirləri artır, yaşayış səviyyələri yüksəlir. Aztəminatlı ailələrə dövlət büdcəsindən ünvanlı sosial yardımlar edilir. Şübhəsiz, ailələrin sosial rifah halının yüksəlməsi, yeni yerlərinin açılması gənclərin də vaxtında nikaha girməsinə imkan yaradır.

Bu gün demək olar ki, bütün dünyada ailə institutu ilə bağlı çox ciddi, çeşidli problemlərə rast gəlinir. Hətta yaxın qonşu dövlət olan Rusiyanın özündə bu problemin nəticəsi kimi dünyaya uşaqgətirmənin azalması demoqrafik problemlərin kəskinləşməsi ilə müşahidə olunur. Bir neçə il əvvələ qədər hətta Rusiya əhalisinin sayca azalması prosesi müşahidə edilirdi. Qərbdə isə gənc oğlan və qızlar arasında kiçik yaşlarından nikahdankənar münasibətlərin başlanması, habelə geniş vüsət alan "vətəndaş nikahı" ailə institutuna ciddi zərbə vurur. Tədqiqatlar göstərir ki, Avropada müşahidə olunan boşanma proseslərinin böyük əksəriyyəti eyni zamanda gender problemləri, habelə qloballaşmanın doğurduğu digər mənfi fəsadlarla bağlı olur.

Şərqlə Qərbin qovuşuğunda yerləşən və fərqli mədəniyyətlərin təsirinə məruz qalan Azərbaycanda qloballaşma prosesinin təsiri o qədər də ciddi duyulmur. Prezident İlham Əliyev hələ 2009-cu ildə Nazirlər Kabinetinin iclasında demişdir: "Azərbaycan dünya birliyinə inteqrasiya edir. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan, əgər tarixə də nəzər salsaq görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçünmilli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır".

Respublikamızda ailə dövlət tərəfindən ciddi şəkildə himayə edilir. Dövlətin bu sahədəki siyasətini özündə ehtiva edən Ailə Məcəlləsi isə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquqlarını, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Məcəllə nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini göstərir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını açıqlayır. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Məcəlləyə görə ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.

Dövlət səviyyəsində görülən tədbirlərə baxmayaraq, bu gün Azərbaycanda müəyyən sosial-psixoloji problemlərin ailə institutunun monolitliyinə xələl gətirdiyini də etiraf etməliyik. Boşanmaların və ailə münaqişələrinin əsas səbəbi kimi çıxış edən həmin problemlərin psixoloqlar tərəfindən obyektiv araşdırılması, gənclər arasında maarifləndirmə, təbliğat işinin gücləndirilməsi qarşıda duran son dərəcə aktual, vacib məsələlərdən biridir. Müşahidələr göstərir ki, boşanmaların müəyyən qismi gənclərin ailə həyatına hazır olmaması, valideynlərin təsiri və təzyiqi altında nikaha girməsi ilə bağlıdır. Şübhəsiz, sevgi, inam, etimad kimi dəyərlər üzərində qurulan ailələr daha uzunömürlü olur. Bu halda nikaha girən gənclər qarşılıqlı mənəvi məsuliyyət hiss edir, güzəştlərə meyilli olur, meydana çıxan istənilən sosial-psixoloji problemi əzmlə dəf edirlər. 

Səmimi sevgi və istək, qarşılıqlı hörmət üzərində qurulmayan ailələrdə isə bir müddət keçəndən sonra anlaşılmazlıqlar, ziddiyyətlər, problemlər qabarıq şəkildə özünü göstərməyə başlayır. Belə ailələrdə gənclərin anlaşması, qarşılıqlı güzəştlərə getməsi çətin olur, çünki onları bir-birinə mənəvi tellər bağlamır. Valideynlərin təsiri ilə tədricən şiddətlənən ailə münaqişələri sonda boşanma haqqında qərarın verilməsi ilə nəticələnir. Bu baxımdan müəyyən mental ənənələrdən qaynaqlanan valideyn təkəbbürünə son qoyulmalı, gənclərin könülsüz şəkildə evləndirilməsi, yaxud ərə verilməsi kimi zərərli ənənə aradan qaldırılmalıdır.

Ailənin əsas funksiyası nəsli artırmaq, uşaq böyütmək və tərbiyə etməkdir. Ailə tərbiyəsinin məqsədi isə uşaqlarda elə şəxsi keyfiyyətlər formalaşdırmaqdır ki, onlar həyat yolunda rast gəldikləri çətinlikləri və maneələri aradan qaldıra bilsinlər. Yaşadığımız dövrdə ailəni sarsıdan başlıca bəlalardan biri boşanma ilə bağlıdır. Dövlət səviyyəsində görülən tədbirlərə baxmayaraq, bu gün Azərbaycanda müəyyən sosial-psixoloji problemlərin ailə institutunun monolitliyinə xələl gətirdiyini də etiraf etməliyik. Ötən il respublikamızda 11,7 min boşanma halı qeydə alınmışdır.

Boşanma qlobal bir demoqrafik prosesdir. O, hazırda inkişaf etmiş bütün ölkələr üçün xarakterikdir. Bu halın acı nəticələri isə həmin ailələrin uşaqlarının formalaşmaqda olan mənəvi aləminə, şüurunun inkişafına, sağlamlıqlarına və yaxınlarına son dərəcə mənfi təsir göstərir. Uşaqlarda əmələ gələn inamsızlıq, qorxu hissi onların başqa adamlarla qarşılıqlı münasibətlərində bilavasitə hiss olunur. Boşanma onların yeniyetməlik yaş dövrünə təsadüf edəndə isə tibbi-psixolojipedaqoji baxımdan xüsusilə ağır fəsadlı nəticələr verir. Uşaqların ilk növbədə akademik, yəni təlim göstəricilərinin aşağı düşməsilə yanaşı, həmyaşıdları ilə də münasibətləri pisləşir.

Psixoloqların fikrincə, istər boşanana qədər, istər boşanma prosesi, istərsə də boşanmadan sonrakı müddət uşağın tərcümeyi-halında onun şəxsiyyətinin formalaşması baxımından xüsusi əhəmiyyətə malik mərhələ kimi xarakterizə olunur. Onlar istər-istəməz bu münaqişənin təkcə müşahidəçisi deyil, həm də əsas iştirakçılarına çevrilirlər. Yerli-yersiz ailə ixtilaflarını görən uşaqlar valideynlərinin bir-birilərinə söylədikləri təhqiramiz sözləri, ağlagəlməz böhtan və şərləri eşitdikcə psixoloji cəhətdən sarsılırlar. Xüsusilə yeniyetməlik dövründə onların həm ana və ataları, həm də özləri haqqında təsəvvürləri dəyişilir, mənəvi əzabların axarında sosial fəallıqları zəifləyir.

 Boşanma uşağın inkişafında ən vacib  amil olan bütöv, tam ailə qavramına son qoyan və əsasən də onların üzərində ömrü boyu öz təsirini göstərən bir hadisədir. Bu prosesdə uşaqların tərbiyəsi işi çətinləşir. Valideynlərin çoxu övladlarının mənafeyini yaddan çıxarır, onların tərbiyəsi qayğısına qalmırlar.

Faktlar göstərir ki, ayrılığın mütləq və gərəkli olduğu hallarda belə bütün problemlər boşanmaqla bitmir. Boşanan tərəflər iqtisadi, maddi, mənəvi cəhətdən sarsılır, onların cəmiyyətdə tutduqları mövqelərinə təsir edir. Bu səbəblə, boşanma sözün əsl mənasında evlilikdən əvvəlki azadlığa qovuşmaqya qurtuluş demək deyil. Böyük problemlər bundan sonra başlayır: uşaqların kiminlə qalması, aliment problemləri, ən mürəkkəb məsələ isə təkrar nikah nəticəsində ailə münasibətləridir. Ögey anaya ataya, ögey bacı və qardaşlara qarşı uşaqların davranışı, doğma anasının yeni ərinə, onun övladlarına yanaşması ögeyçilik şəraitində özünü tək hiss edən uşağın mənlik və əxlaqi şüurunda spesifik formalarda əks olunur. Digər tərəfdən ananın sıxıntılarından irəli gələn ziddiyyətli davranışlar uşağı narahat edir. Bəzən hər şeydən bezən ananın sərt reaksiyaları onlara ziyanlı təsir göstərir. Çox vaxt ana düşdüyü məğlub vəziyyətə görə övladını günahlandırır. Bu davranışlar isə uşağın valideynləri tərəfindən sevilmədiyi hissini yaradır. Azərbaycan ailəsi tarixən özünün möhkəmliyi ilə daim seçilmişdir.

Təcrübə göstərir ki, normal mühitdə böyümüş, düzgün tərbiyə, təhsil almış gəncin qurduğu ailə möhkəm olur. Deməli, gənclərin erkən yaşlarından milli ruhda tərbiyə alması, yaxşı oxuması, bilikli, intellektli olması, işləmək, çalışmaq, karyera qurmaq vərdişlərinə yiyələnməsi ailənin monolitliyi baxımından vacib amillərdir.

Zəruri məsələlərdən biri də evlilikdən əvvəl gənclər arasında gələcək ailə münasibətlərinin planlaşdırılması, bütün həssas məqamların incəliklərə qədər dəqiqləşdirilməsidir. Əlbəttə, bizim mentalitetimiz, adət-ənənələrimiz, təfəkkür tərzimiz hələ ki Qərb praktikası üçün xas olan "nikah müqaviləsi"ni kütləvi şəkildə tətbiq etməyə imkan vermir. Məlumdur ki, bir sıra ölkələrdə nikaha girən gənclər əvvəlcədən öz münasibətlərinin gələcəyi ilə bağlı yazılı razılaşma imzalayır, ailədəki hüquq və vəzifələrini, əmlaka olan iddialarını dəqiqləşdirirlər.

Bəzən belə fikirlər səsləndirilir ki, nikah müqaviləsinin imzalanması ülvi, saf duyğuların maddiləşdirilməsi gələcəyin ailəsində bəri başdan etimadsızlıq, inamsızlıq və şübhələrin baş qaldırması deməkdir. Fəqət, bu məsələyə mentalitet müstəvisindən deyil, hüquqisosial reallıqlar prizmasından yanaşmaq daha düzgündür.

Bu gün Azərbaycanda ailə dəyərlərinin qorunmasında Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. 2008-ci ildə Bakıda keçirilmiş "Gender bərabərliyi: de-yurede-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda beynəlxalq konfransda bu məsələyə diqqət çəkən Mehriban xanım Əliyeva respublikamızda qadınlara ailə dəyərlərinin daşıyıcısı kimi tarixən hörmətlə yanaşıldığını da xüsusi vurğulamışdır: "Bizi narahat edən digər problem məişət zorakılığıdır. Hətta ən inkişaf etmiş cəmiyyətlərdə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Azərbaycan da istisna deyildir. Digər ölkələrdə olduğu kimi, bizim ölkədə də məişət zorakılığını müəyyən etmək çox çətin olur. Bununla belə, qadınlara və uşaqlara qarşı hər hansı zorakılıq hətta bir hadisə olsa belə, qəbuledilməzdir. Qeyd etmək istəyirəm ki, ənənələrimiz və mentalitetimizdən istifadə edərək, bu cür davranışa rəvac vermək mənəviyyatsızlıqdır. Azərbaycan xalqının adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuşolaraq qalır".

Fərqli mədəniyyətlərin təsirinə məruz qalan Azərbaycanda ailə institutu heç vaxt möhkəmliyini itirməyib. Bu gün mental keyfiyyətlərini, xalqımızın mənəvi-əxlaqi dəyərlərini yaşadan azərbaycanlı gənci ailənin onun həyatında oynadığı müstəsna rolunu, nikaha girməyin, ailə başçısı olmağın məsuliyyətini dərk edir. Ailə elə müqəddəs ittifaqdır ki, onun səmimiliyinə, saflığına, təmizliyinə heç bir halda xələl gətirmək olmaz. Ailə müasir sivilizasiyanın bünövrəsidir. Bugünkü cəmiyyətin formalaşması, onun əsası olan əxlaqi dəyərlərin hamısı ilk dəfə bu ocaqda ərsəyə gəlir, sonra cəmiyyətin ümumi dəyərlərinə çevrilir. İnkişaf etmiş cəmiyyətlərdə ailənin sağlamlığı mənəvi və milli dəyərlərin daşıyıcısı kimi özünü göstərir və həmin cəmiyyət tərəfindən qorunur.

 

İradə ƏLİYEVA

Azərbaycan.- 2014.- 15 may.- S.10.