Aqrar sahədə kooperasiyaların yaradılması dövrün tələbidir

 

 

Qloballaşan müasir dünyanın qarşılaşdığı çox ciddi problemlərdən  biri də getdikcə kəskinləşən ərzaq böhranıdır. Dünya ərzaq bazarında tələbin böyük kəsirlə təklifi üstələməsi həm qiymətlərin kəskin artmasına, həm də dünya əhalisinin ərzaqla təminatında çox ciddi çətinliklərin yaranmasına səbəb olur.

Bu problemin yaranmasının bir sıra obyektivsubyektiv tərəfləri vardır. İlk növbədə dünya əhalisinin kəskin çoxalması ərzaq bazarına olan tələbatı da artırır. Təbiidir ki, mövcud istehsal həmin tələbatı ödəyə bilmədiyindən tələb təklifi üstələyir. Digər bir amil dünyada isehsal olunan taxıl və digər kənd təsərrüfatı məhsullarından enerji təminatında istifadə edilməsidir. Belə ki, hazırda ən böyük taxıl ixrac edən ölkələrdə ümumi istehsalın 15-20 faizindən etanol spirtinin alınması üçün istifadə edilir. Dünyanın üzləşdiyi enerji böhranının qarşısının bu cür texnoloji üsullarla alınması istər-istəməz dünya bazarında ərzaq çatışmazlığına gətirib çıxarır. Başqa bir məqam isə müxtəlif təsirlərdən və eroziya prosesləri üzündən ərzaq istehsalında başlıca vasitə olan münbit torpaqların hər il müəyyən qədərinin əkin dövriyyəsindən çıxarılmasıdır. Subyektiv səbəblərə gəlincə isə qeyd etməliyik ki, torpaqdan və digər təbii resurslardan bir çox hallarda səmərəli istifadə olunmur.

Əlbəttə, Azərbaycan da dünyadakı ərzaq böhranının təsirindən kənarda qala bilməz. Hazırda dünya bazarında ərzaq məhsullarının qiymətlərində kəskin hiss edilən qiymət artımları Azərbaycanda da özünü büruzə verir. Mövcud vəziyyət ölkənin daxili ərzaq bazarının idxaldan asılılığını minimuma endirmək və ərzaq ehtiyatlarını daxili istehsal hesabına təmin etmək məsələsini gündəmə gətirmişdir.

Qeyd etməliyik ki, ölkəmizdə əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə vaxtilə ulu öndər Heydər  Əliyev tərəfindən bir sıra köklü islahatlar aparılmış, yeni mülkiyyət və istehsal formaları müəyyən edilmişdir. Prezident İlham Əliyevin bu islahatların davamı olaraq həyata keçirdiyi uğurlu aqrar siyasət sahənin dinamik inkişafına əlverişli zəmin yaratmışdır. Ərzaq təminatı ilə bağlı nəzərdə tutulan kompleks tədbirlərin həyata keçirilməsində Prezidentin 12 mart 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" çox mühüm əhəmiyyət kəsb edir. Buna uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən lazımi maliyyə və texniki dəstək göstərilir, yerlixarici investisiyalar hesabına regionlarda müxtəlif səpkili layihələr həyata keçirilir, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən vəsaitlər ayrılır. Subsidiyalaşma, lizinq xidmətləri vasitəsilə ərzaq istehsalçılarının lazımi texnika və avadanlıqlarla, mineral gübrələrlə güzəştli təminatı qarşıya qoyulmuş məqsədin reallaşmasında  mühüm rol oynayır. Prezident tərəfindən aqrar bölməyə göstərilən diqqət və qayğı nəticəsində daxili bazarın ərzaqla təminatında yerli istehsalın xüsusi çəkisi xeyli artmış, ixracyönümlü  məhsulların çeşidi genişlənmişdir.

Göstərilən uğurlarla yanaşı, daxili ərzaq bazarının yerli istehsalla tam təminatına hələ nail olmamışıq. Ümumi daxili məhsul istehsalında aqrar bölmənin payının az olması, mövcud potensialdan tamdüzgün istifadə edilməməsi, daxili bazarın xarici təsirlərdən asılılığının aradan qaldırılmaması, əhalinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə tam təmin edilməməsi və digər faktorları nəzərə alaraq Prezident "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzalamışdır.

Avropa dövlətlərinin bir çoxu öz inkişafına  kənd təsərrüfatı ilə başlamış və bu sahənin inkişafı yolu ilə böyük uğurlara nail olmuş, nəticədə dünyanın aparıcı dövlətlərinə  çevrilmişlər. Həmin uğurların qazanılması isə bu sahədə təşəbbüskarlıq mühitinin geniş vüsət alması, ən yeni texnologiyaların tətbiqi  və insanların birgə fəaliyyətinə üstünlük verilməsi, əsas resurslardan düzgün və səmərəli istifadə olunması nəticəsində mümkün olmuşdur.

İslahatların aparıldığı ilkin dövrlərdə mülkiyyətçilərin öz işlərinə  fərdiyyətçilik baxımından üstünlük verdikləri əsas tutulurdusa, iqtisadiyyatımızın inkişafına nail olduğumuz indiki dönəmdə belə fəaliyyət aqrar sahəni  durğun vəziyyətdə saxlaya bilər. Hesab edirik ki, bu gün inkişafa nail olmağın ən başlıca metodlarından biri kooperasiyaların yaradılması və birgə fəaliyyətlərin tətbiq edilməsidir. Sual oluna bilər: Birgə fəaliyyət bizə nə vəd edir, torpaq mülkiyyətçilərini hansı çətinliklərdən azad edir, bu metodun üstünlükləri nədir və mülkiyyətçi bununla nə qazanır?

İlk növbədə kənd təsərrüfatının inkişafında  ən başlıca amillərdən biri  irriqasiyameliorasiya  sistemlərinin düzgün qurulmasıdır. Sadə dillə desək, kənd təsərrüfatının inkişafını suvarmasız və meliorativ tədbirlərdən kənarda təsəvvür etmək mümkün deyil. Azərbaycanın yerləşdiyi coğrafi məkan əslində suvarma suyu ilə az təmin edilən ərazi hesab olunur. Ölkə ərazisindəki 2 böyük çaydan başqa, digər çaylar mövsümi xarakter daşıyır. KürAraz çayları isə tranzit çaylardır. Bunun nəticəsi olaraq kənd təsərrüfatı bitkilərinin suya əsas  tələbatlı  dövrlərində - yaz-yay fəsillərində su qıtlığının yaranması səbəbindən  əkin sahələrində məhsuldarlıq aşağı düşür, məhsulun maya dəyər faizi ümumi gəlirdə yüksək olurya ziyanla müşahidə edilir. Nəticədə sahibkarlığın inkişafı zəifləyir  və ayrı-ayrı növlər üzrə  əsas  kənd təsərrüfatı məhsulları istehsalı daxili  tələbatı ödəmədiyindən xaricdən  məhsul idxalına üstünlük verilir ki, bu da xarici dövlətlərdən asılılığı artırır.

Məlum olduğu kimi, suvarmada mütərəqqi texnologiyaların tətbiqi, yağmurlama və damcı üsulu ilə suvarmanın aparılması sudan qənaətlə istifadə edilməsi ilə yanaşı, suvarma suyunun torpağa və bitkiyə tələb olunan miqdarda  verilməsinə şərait yaradır. Eyni zamanda torpaqda şoranlaşma və digər zərərli proseslərin qarşısının alınmasına səbəb olur. Beləliklə, torpaqlarda gedən bu zərərli  proseslərə qarşı hər il dövlətin sərf etdiyi milyonlarla manat vəsaitə qənaət etməklə yüksək məhsuldarlıq əldə edilməsinə şərait yaranır. Qidalandırıcı komponentlərin və xəstəliklərə qarşı tətbiq edilən preparatların suvarma suyu ilə əkinlərə verilməsi zamanı mülkiyyətçilər izafi xərclərdən azad olurlar. Bu halda mülkiyyətçi daha  çox  gəlir əldə edir, məhsul bolluğu yaranır, sahibkarlığın inkişafı sürətlənir, yerli  istehsalın artması hesabına  xaricdən məhsul idxalı azalır və ya bunun tamamilə qarşısı alınır.

Lakin bu cür müasir  metodların tətbiqi kiçik mülkiyyət torpaqlarının hər birində ayrılıqda mümkün deyil. Yeni suvarma metodları yalnız iri massiv formasında olan əkin sahələrində mümkündür. Bu isə mülkiyyətçilərin kooperasiyalarda birləşmələrini tələb edir. Kooperasiyalarda birləşmə ayrı-ayrı mülkiyyətçiləri kortəbii və pərakəndə şəkildə suvarma aparılması zamanı qarşılaşacaqları  çətinliklərdən də azad edir, suvarmanın intensivliyi, səmərəliliyi yüksəlir və suya  xeyli miqdarda  qənaət olunmasına şərait yaranır.

Kooperasiyalarda mülkiyyətçilərin birləşməsi həmçinin yaranacaq böyük həcmli əkinlərdə aparılan  aqrotexniki tədbirlərin manevr imkanlarını artırır ki, bu da torpaqlarda struktur pozulması hallarının qarşısını almaqla bərabər, əkin sahələrində münbitliyi artıran vacib vasitədir və sonda bu vasitə ilə də məhsul istehsalını artıra bilir, habelə başlıca istehsal vasitəsi olan torpağı qorumuş oluruq.

Kooperasiyaların yaranması həmçinin fərdi fəaliyyətdə olan mülkiyyətçilərin sərf etdikləri lüzumsuz əmək sərfiyyatlarını xeyli azaldır. Belə ki, vacib olan işlər mərkəzləşmiş və planlı şəkildə idarə edildiyindən əmək məsrəfləri xeyli azalır və mülkiyyətçiyə bununla yanaşı, başqa sahələrlə də məşğul olmaq imkanları yaranır. Bu da sahibkarın qısa müddətdə  öz fəaliyyətini genişləndirməsinə şərait yaradır.

Gələcəkdə kooperasiyaların hətta bir neçəsinin birləşməsi kooperasiya ittifaqları yaratmaqla onların imkanlarını daha da genişləndirə bilər. Belə ki, ümumi istifadə üçün servis xidmətləri yarada bilərlər ki, bu da onları ayrı-ayrı müasir kənd təsərrüfatı texnikaları almaq üçün  izafi xərclərdən azad edər. Bu ümumi servis xidmətləri - müasir texnikaların birləşdiyi texnoparkların, yüklərin daşınması üçün nəqliyyat servis xidmətinin, mal satışı və ya bazar üzrə servis xidmətinin yaradılmasına  imkan verər.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə birgə fəaliyyətin və iri torpaq sahələrində istehsal proseslərinin səmərəliliyinin inkişaf etdirilməsi üçün dövlət mülkiyyət torpaqlarında iri fermer təsərrüfatlarının yaradılması da qarşıya  qoyulan  prioritet məsələlərdəndir. İri fermer təsərrüfatlarının fəaliyyəti, intensiv əkinçiliyin tətbiqi nəticəsində məhsul bolluğunun yaradılması iqtisadi səmərəliliyin artırılması ilə yanaşı, mütərəqqi texnologiyaya əsaslanan müasir təsərrüfat formasına gətirib çıxara bilər. Bu, həmçinin insanlar üçün yeni yerlərinin açılması və onların fəaliyyətlərinin təminatı üçün dövlət tərəfindən qarşıya  qoyulmuş başlıca şərtdir və iqtisadi siyasətin tərkib hissəsidir. Dövlət başçısının vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin  iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir.

 

Rafael QULİYEV,

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri

Azərbaycan.- 2014.- 15 may.- S.10.