AMEA-nın geniş tərkibdə
iclasında yeni istifadəyə verilmiş Mərkəzi Kitabxananın təqdimatı
olmuşdur
Mayın
14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
yeni istifadəyə verilmiş Mərkəzi Kitabxanasında
AMEA-nın rəyasət heyətinin geniş tərkibdə
iclası keçirilmişdir.
Tədbirdə, həmçinin akademiyanın üzvləri və iştirakçılar üçün AMEA Mərkəzi Kitabxanasının təqdimatı da olmuşdur.
AzərTAc xəbər verir ki, iclasda AMEA-nın institutlarının, elmi-tədqiqat müəssisələrinin, regional bölmələrinin rəhbərləri, akademiyanın üzvləri, alimlər, mütəxəssislər, ziyalılar iştirak etmişlər.
İclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq tədbirin əhəmiyyətindən danışmış, yeni istifadəyə verilmiş Mərkəzi Kitabxana haqqında iştirakçılara məlumat vermişdir. Bildirilmişdir ki, Mərkəzi Kitabxananın yeni binası Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa edilmişdir.
Akif Əlizadə bu ilin mayın 5-də Prezident İlham Əliyevin iştiraklı ilə Mərkəzi Kitabxananın yeni binasının açılışını Azərbaycanın elmi ictimaiyyəti üçün dəyərli töhfə kimi qiymətləndirmişdir. Bu mühüm tarixi hadisəni Azərbaycan elminin inkişafına və alimlərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi adlandıran AMEA rəhbəri dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Akif Əlizadə qeyd etmişdir ki, “Akademiya şəhərciyi”ndə tikilmiş yeni binanın ümumi sahəsi 25 min kvadratmetrdən çoxdur. Bu dəyərli elm ocağı respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır.
Qeyd edilmişdir ki, kitabxanada bütün oxu zalları sürətli internet ilə təchiz olunmuşdur ki, bu da gələcəkdə elm xadimlərinin, alim və mütəxəssislərimizin rahat fəaliyyət göstərmələrinə xidmət edəcəkdir.
Akademik Akif Əlizadə bildirmişdir ki, bütün otaqlarda müasir standartlara cavab verən informasiya-kommunikasiya texnologiyaları sistemi quraşdırılmışdır. Akademiyanın struktur bölməsi kimi fəaliyyət göstərən Mərkəzi Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahələrini əhatə edir. Bu zəngin tarixə malik elm və mədəniyyət ocağı AMEA sistemində aparılan bütün kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılmış məlumat-informasiya mərkəzi və ölkə miqyasında baş elmi-texniki informasiya müəssisəsidir. Mərkəzi Kitabxanada fəaliyyət göstərən server otağı və qəbuledici sahə haqqında da ətraflı söhbət açan akademik qeyd etmişdir ki, hər iki sahə müasir standartlara cavab verən avadanlıq və cihazlarla təchiz edilmişdir.
Nəzərə çatdırılmışdır ki, binanın girişindəki elektron köşklərdə kitabxananın strukturu, hər bir mərtəbənin sxemi, müxtəlif bölmələrin yerləşdiyi mərtəbələr, kitablar, o cümlədən fonda yeni daxil olan nəşrlər barədə müfəssəl məlumat almaq mümkündür. Vurğulanmışdır ki, hərəkət qabiliyyəti məhdud insanların informasiya almaları üçün burada xüsusi köşk də quraşdırılmışdır.
Tədbirdə AMEA Mərkəzi Kitabxanası Mərkəzi İnformasiya Resursları Mərkəzinin direktoru Leyla İmanova Mərkəzi Kitabxana haqqında təqdimatla çıxış etmişdir. O, iştirakçılara ətraflı məlumat verərək bildirilmişdir ki, Mərkəzi Kitabxananın yeni binası dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən, kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulması məqsədilə inşa edilmişdir. Binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcəkdir. Hər iki qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir. Diqqətə çatdırılmışdır ki, burada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətdə saxlanılmışdır. kitabxanada 300 kompyuter quraşdırılmışdır. Server vasitəsilə sistemə qoşulan kompyuterlər vahid şəbəkə təşkil edir və müvafiq tələblərə uyğun müasir proqramlarla təchiz edilmişdir. Bu da abunə haqqını ödəmək şərti ilə dünyanın aparıcı kitabxana resurslarına qoşulmaq imkanı yaradır. Mərkəzi Kitabxananın yeni binasında 14 oxu zalı fəaliyyət göstərir. Burada, həmçinin görmə qabiliyyəti zəif olan insanların da hərtərəfli yararlanmaları üçün müvafiq şərait yaradılmışdır.
Diqqətə çatdırılmışdır ki, kitabxananın 4 milyona yaxın kitabın saxlanılmasına imkan verən qapalı və xüsusi şəraitli fondu vardır.
Kitabxananın vahid idarəolunma sistemindən söhbət açan L. İmanova müasir rəqəmsal mətbəənin yaradılması, elektron arxiv idarəetmə kompleksinin sxemi və digər texnologiyalar barədə də ətraflı məlumat vermişdir. Bildirmişdir ki, burada kitabxanaya üzv olmaq istəyənlərə oxucu bileti avtomatik qaydada təqdim edilir. Ölkəmizin kitabxanaçılıq tarixində ən müasir avadanlıq və sistemlər ilk dəfə məhz bu kitabxanada tətbiq olunmuşdur.
İclasda akademik Akif Əlizadə AMEA üzvlüyünə seçkilərə hazırlıq, nadir elmi cihazlardan kollektiv istifadə mərkəzinin təşkili və Azərbaycan alimlərinin I qurultayının keçirilməsi və digər məsələlər haqqında söhbət açmış, tapşırıq və tövsiyələrini vermişdir.
Bildirilmişdir ki, cari ilin iyunun sonunda akademiyaya üzvlərin seçilməsi ilə bağlı keçiriləcək seçkilərdə AMEA-ya 50-dən artıq üzvün seçilməsi nəzərdə tutulmuş, bu ilin dekabrında Azərbaycan alimlərinin İ qurultayının keçirilməsi planlaşdırılmışdır.
Nadir elmi cihazlardan kollektiv istifadə mərkəzinin təşkili haqqında söz açan AMEA-nın prezidenti alim və mütəxəssislərimizin bahalı cihaz və avadanlıqlardan birgə istifadə etməsinin və birgə elmi-tədqiqat işlərinin aparılmasının əhəmiyyətini xüsusilə vurğulamışdır.
Sonra tədbir iştirakçıları Mərkəzi Kitabxananın binası ilə tanış olmuşlar.
Azərbaycan.-
2014.- 15 may.- S.9.