Avstriyanın “Manchmal News” qǝzetindǝ xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı məqalə dərc edilmişdir

 

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xarizmatik şəxsiyyət, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı Avstriyanın “Manchmal News” qǝzetindǝ Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun geniş məqaləsi dərc edilmişdir.

Məqalədə Qərb oxucularına ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün Azərbaycanda təntənə ilə qeyd edilməsindən, şərəfli həyat yolundan, çoxşaxəli siyasi fəaliyyətindən, xalqı, dövləti qarşısında göstərdiyi misilsiz xidmətlərdən söz açılır. S.İmanov oxucuların diqqətinə bir məqamı xüsusi çatdırır ki, xarizmatik lider xalqının bütün ağır günlərində hər zaman onun yanında olaraq böyük siyasi iradə nümayiş etdirmiş və xilaskarına çevrilmişdir.

Yazıda müasir tariximizin ən şanlı və kəşməkəşli səhifələrinin yazılmasına şahidlik etmiş mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti, müstəqillik illərində cəmiyyət həyatının bütün sahələrində onun rəhbərliyi altında həyata keçirilmiş köklü islahatlar, iqtisadi, hərbi qüdrətimizin artırılması, dövlət təsisatlarının möhkəmləndirilməsi barədə ətraflı məlumat verilir.

Müəllif S.İmanov ulu öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə Sovet İttifaqı tərkibində bugünkü müstəqil dövlətimizin ilkin əsaslarını formalaşdırdığını xatırlatmış, müstəqilliyin ilk illərində dövlətçiliyin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması, xaosanarxiya ilə üzləşən xalqımızın çıxış yolunu məhz onun ali hakimiyyətə qayıdışında gördüyünü, Ulu Öndərin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildiyi günün Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazıldığını, bununla da Ümummilli Liderin ölkəmizə rəhbərliyinin ikinci dövrünün başlandığını, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiyahüquqi dövlət quruculuğu kimi prinsipləri özündə ehtiva edən yeni ideologiyanın əsasının qoyulduğunu vurğulamışdır.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

http://www.manchmal-news.at/index.php/politik/item/63-aseerbeidschan-feierte-den-91-geburtstag-von-heydar-aliyev

 

Azərbaycan.- 2014.- 15 may.- S.7.