Bakıda “Müasir şəraitdə audit qanunvericiliyimövzusunda Beynəlxalq elmi-praktik simpozium keçirilmişdir

 

Mayın 14-də Bakı Biznes Universitetində “Müasir şəraitdə audit qanunvericiliyimövzusunda beynəlxalq elmi-praktik simpozium keçirilmişdir.

AzərTAc xəbər verir ki, simpozium Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişKorrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş audit xidmətlərinin təkmilləşdirilməsi üzrə vəzifələrin icrası istiqamətində Auditorlar Palatasının işçi qrupu tərəfindən hazırlanmış “Auditor fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsinə həsr olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Müasir şəraitdə audit qanunvericiliyimövzusunu əhatə edən beynəlxalq elmi-praktik simpoziumun əhəmiyyətindən danışmışdır. O, qloballaşmaqda olan müasir dünyada auditin rolunun artmasından bəhs edərək demişdir ki, Azərbaycanda audit sisteminin formalaşmasına böyük əhəmiyyət verilir. Ölkəmiz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, audit sahəsində dünya təcrübəsini öyrənir.

Akademik Z.Səmədzadə bu sahənin inkişafının dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulamış, ölkəmizdə bütövlükdə iqtisadiyyatın bütün sahələrində uçot sisteminin beynəlxalq standartlara uyğun qurulması istiqamətində işlərin daha da genişləndirildiyini qeyd etmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov bildirmişdir ki, auditor fəaliyyətinə daha çox tələbatın olduğu indiki məqamda belə bir sənədin hazırlanmasına böyük ehtiyac vardır. Bu məqsədlə də dünya praktikasına daha uyğun olanAuditor fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanun layihəsi hazırlanmış və müzakirə olunmuşdur. Layihə qabaqcıl auditorların iştirakı və beynəlxalq qurumların dəstəyi ilə hazırlanmışdır.

Simpoziumda Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Rusiya Auditorlar Kollegiyasının sədri Aleksandr Ruf, Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraçı direktoru Rade ScekicGürcüstan Auditorlar, Mühasiblər və Maliyyə Menecerləri Federasiyasının prezidenti Elquca Apridonidzde, Azərbaycan Respublikası vergilər nazirinin müşaviri Akif Musayev tədbirin əhəmiyyətindən danışmış və müzakirə olunan məsələyə dair öz fikirlərini bildirmişlər.

Daha sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbovun “Beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycanda audit qanunvericiliyinin təkmilləşdirilməsi” mövzusunda məruzəsi dinlənilmişdir.

Sonda Azərbaycan Respublikasının Auditorlar Palatası və Monteneqro Mühasiblər və Auditorlar İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

 

Azərbaycan.- 2014.- 15 may.- S.9.