Bacı həsrəti
Stalinqrad döyüşünün 40 illiyi ilə əlaqədar olaraq Volqa sahilinə getmişdim. Mamayev kurqanının Döyüş Şöhrəti muzeyində həmyerlilərimizin adlarını axtarır, mərmər lövhədəki tanış soyadları qeyd dəftərimə köçürürdüm. Sonra da muzeyin kartatekasında onların haqqındakı məlumatlarla tanış olurdum.
Bakıya qayıdanda respublika televiziyasının "Hünər" verilişində çıxış edərək uzaq eldə ölkəmizin adını ucaldan igidlərin, o cümlədən şair-leytenant Nazim Sultanın döyüş rəşadəti haqqında məlumat verdim.
Bir neçə gündən sonra respublikanın xalq artisti Gülxar Həsənovadan məktub aldım. Məktubda böyük bir ailənin taleyindən söhbət açılır, "Acı xatirələr" adlanırdı. Məktuba bir şəkil də əlavə olunmuşdu: Gülxar Həsənova və Nazim Sultan. Çoxdanın şəklidir, bacı-qardaş yanaşı oturub. İkisi də ömrün bəxtəvər çağındadır. Bir-birindən gözəl, bir-birindən yaraşıqlı. Bacı qardaşın boyuna güvənir, bacı toy gözləyirdi. Kim deyərdi ki, bir gün gələcək bu şəklin özü də acılı-şirinli xatirəyə çevriləcək?
Məktubda bacı qəlbinin döyüntülərindən qəmli xatirələrdən söhbət açılır. Dönə-dönə oxuyuram. Müharibə bacı qəlbinə üç dağ çəkib. Gülxar xanım üç qardaş itirib o qanlı illərdə: Həmid gedib, Səlim gedib, Nazim gedib...
Şəmkirin Bayramlı kəndində anadan olublar. Onilliyi Zəyəmdə
bitiriblər. Üçü də ali
təhsil alıb. Həmidlə Səlim mühəndis
idilər, Nazim isə ədəbiyyat müəllimi. Kövrək qəlbi vardı Nazimin. Lirik şeirlər yazırdı.
Ömrümün
səfalı xoş çağındayam,
Öz ana
yurdumun qucağındayam,
Söz deyə
göz yaşı axıtma, ey dil,
Bil ki, xəzinələr ocağındayam.
Sanki dağ döşündə asta-asta bir bulaq
çağlayırdı. Elə bil yaşıl
yamacda zərif güllər ətir saçırdı. Yavaş-yavaş sənət adamlarının cərgəsinə
qoşulurdu. Yazıçılar
ittifaqı üzvlüyünə namizəd idi.
Qəzet və jurnallardan kövrək səsi gəlirdi. "Sevgilim",
"A qızlar", "Yaxşıdır", "Yar məni",
"Durnalar" kimi şeirləri dillərdə gəzirdi.
Sənət bağçasında saf cığır
açırdı. Osman Sarıvəlli hələ 1936-cı
ildə "Ədəbiyyat qəzeti"ndə onun barəsində
yazırdı: "...Elə ilk günlərdən Nazimin
şeirlərini oxuduqca onda şairlik istedadı olduğuna
şübhə qalmırdı".
İlk addımlar get-gedə bərkiyir, titrək, həzin
səs gurlaşırdı. Lakin başlanan
amansız müharibə hər şeyi alt-üst etdi. Bir-birinin dalınca qardaşların üçü
də getdi. Həmidlə Səlim o gedən
oldular. Nazim bir ara Tiflisdə oxudu. Artilleriya məktəbini bitirdi. Leytenant
rütbəsi aldı. Qələm
süngüyə çevrildi.
İlk bahar günlərində bacıya bir məktub gəldi. Nazim yazırdı:
"Batereya komandiriyəm. Bacıcan əmin ol,
düşməni göz açmağa qoymarıq".
Sonra da hamıdan hal-əhval tutur, sözünü şeirlə
bitirdi:
Qarşımı
kəsməmiş nə ölüm, nə qan,
Əsir yaranmamış, dünyaya insan.
Quraram
Berlində ədalət-divan,
Qataram
onları al qana, gəlsin!
Volqa sahillərinin ağır günləri idi. Düşmən
Moskva yaxınlığındakı məğlubiyyətin əvəzini
çıxmaq üçün bütün gücünü
Stalinqrada yönəltmişdi. Noyabrın əvvəlində
bacı məktub aldı: "Mənim topçu batareyam bu saat Volqanın
sahilindədir. Gərgin vuruşmalar gedir. Yer-göy alışıb-yanır. Düşmən güc gəlməyə
çalışır. Ancaq niyyəti
baş tutmayacaq. Hə, yadımdan
çıxmışdı. Bacıcan, təbrik
et məni, dünən bir medal aldım".
Şeir də ki dilinin ucunda idi. Hər məktub
şeirlə başlayır, şeirlə qurtarırdı.
Qəlbinin sözünü muncuq təki misralara
düzürdü:
Toxunsa
yurduma duyğusuz bir əl,
İnan ki, bir qana min qan eylərəm.
Sözlərim
cəbhədə qatarlaşanda
Qəlbimi onlara sərvan eylərəm.
Sözlər getdikcə sərtləşir. Sətirlər əsgər
cərgəsi təki nizamlanır, gur sıra ilə
düşmənə hücum çəkirdi:
Yaqut səhərlərin
dan içindədir,
Yanar məhəbbətim
can içindədir,
Bəşər
şöhrət üstə, qan içindədir
Bu dərdə mən necə dözüm, a dağlar.
Hər məktubu oxuduqca bacı Volqa sahillərində
qarda-boranda əlində süngü düşmən üzərinə
qartal təki şığayan qardaşın səsini
eşidir, üzünü, gözünü
görürdü. Beləcə, ara-sıra məktublar gəlir,
uzaq cəbhədən soraq gətirirdi. Uzun
gecələrdə bacı-qardaş asta-asta hey
"pıçıldaşırdılar". Nazim qardaşların ünvanını xəbər
alırdı. Yeri-yurdu isə bilinmirdi
onların. Bəs bacı nə yazsın?
Zarafatla keçirdi üstündən, araya
söz qatırdı. Sorğu-sualı
unutdururdu.
Bir azdan məktubların arası kəsildi. Və bir gün hissə qərargah
rəisinin müavini Riabinin kağızı gəldi. Buna "qara kağız" deyirdilər. Zəhmi sifətləri qarsıdır, ürəkləri
yandırırdı. Bacı zərfi
açdı. Əlləri əsə-əsə oxudu:
"1943-cü ilin şaxtalı-boranlı 10 yanvar səhəri
Nazimin bateriyası Zaitsev adasında möhkəm
dayanmışdı.Toplar bayaqdan bəri düşman səngərlərini
mərmiyə tuturdu. Hamı intiqam hissi ilə
alışıb yanırdı. Nazim sizin
ellərin qəhrəmanı Koroğlu kimi coşmuşdu.
O, hər şeyi unudub kiçik təpənin üstünə
çıxır, tez-tez komanda verirdi: "Atəş"!
Faşistlər iri cüssəli komandiri gördülər. Növbəti
həmlə zamanı qəfil güllə dəyərli
dostumuzu yaxaladı. Nazim həlak oldu.
Biz onu elə orada, balaca bir təpədə
basdırdıq. Dedik rahat uyu, igid komandir.
Qisasın yerdə qalmayacaq, əmin ol!"
Bir ömür də beləcə qırıldı. Bir oğul da
müharibə qurbanı oldu. Bir
bacının qəlbinə üçüncü dağ
çəkildi.
Aradan aylar, illər keçdi. Volqa sahillərində
əzəmətli abidə ucaldıldı. Heç kəs unudulmadı, heç nə yaddan
çıxmadı. Hər kəsin qədir-qiyməti
bilindi. Günlərin birində qəlbi nisgilli bacı
Müdafiə Muzeyindən bir məktub aldı: "Volqa sahillərində
canını qurban vermiş Nazim İbrahim oğlu Sultanovun
adı şəhərimizin müdafiəsi uğrunda həlak
olan igid döyüşçülərin siyahısına salınmışdır".
Gülxar
xanım öz məktubunda yazırdı ki, nə ola, doğma Şəmkir torpağında nakam
qardaşımın adına bir tədbir keçiriləydi. Qoy cavanlar biləydi ki, yaşlı nəsil çətin
gündə, dar ayaqda necə rəşadət göstərib.
1982-ci il noyabr ayının 23-də Şəmkir mədəniyyət
evində döyüşçü şair Nazim Sultanovun
şərəfinə xatirə məclisi quruldu.
Yazıçı İsmayıl Şıxlı, alim Rasim
Tağıyev, şair Atif Zeynallı, jurnalist Davud Dəmirli və
başqaları döyüşçü şairin hünərindən
danışdılar. Şeirlərini oxudular,
xatirələr söylədilər. Mən
də Volqa sahilində görüb eşitdiklərim barədə
məlumat verdim. Səhər tezdən qələm
dostları yığışaraq Kürün sahilinə,
Nazimin doğma kəndinə getdilər. Baxıram,
sevincdən bacının gözləri doldu, qəlbi
qanadlandı. Bu da təskinlikdir,
ehtiramdır, ürəyə toxtaqlıq verir. Bacı həsrəti,
intizarı misralara düzüldü, bacının yaralı qəlbindən
bir şeir süzüldü:
Bacılar
qardaşla öyünər hər an,
Qardaşsız bacının ömrü bir
qışdır.
Üç
igid qardaşım vardı bir zaman,
Üçü də cəbhədən
qayıtmamışdır.
Arzular
müqəddəs, arzular təmiz,
Arzular ürəkdə çiçək-çiçəkdi.
Dünya
bacıları, yekdil olsaq biz,
Qardaşlar hərb üzü görməyəcəkdir.
Əhməd İSAYEV
Azərbaycan.-
2014.- 15 may.- S.11.