II Qlobal Açıq Cəmiyyətlər
Forumu Azərbaycanın dünya
miqyasında nüfuzunun yüksəldiyini
bir daha sübuta yetirdi
Azərbaycanın iqtisadi uğurlarının ildən-ilə artması, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar və digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamız dünya miqyasında dinamik inkişaf edən ölkə kimi qəbul edilir.
Ən müxtəlif iqtisadi mərkəzlər Azərbaycanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür. Onlar "İnkişafın Azərbaycan modeli"nin mahiyyətini öyrənməyə çalışırlar. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib. "Dünya Rəqabətlilik Hesabatı 2013-2014" nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.
Hər bir ölkənin, xalqın problemlərinin ən optimal yolu da məhz iqtisadi və sosial tərəqqidən keçir. Ötən on ildə ölkədə həyata keçirilən siyasətin əsas ağırlıq mərkəzi də məhz bu sahənin üzərinə salınmışdır. Respublikanın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Qlobal maliyyə böhranının tam səngimədiyi bir şəraitdə ümumi daxili məhsulda, eləcə də qeyri-neft sektorunda artımın müşahidə olunması respublikanın iqtisadi siyasətinin qlobal miqyasda cərəyan edən neqativ təsirlərə müqavimət gücünü nümayiş etdirdi. Bir çox dövlətdən fərqli olaraq ölkəmizdə böyük infrastruktur layihələrinin icrası davam etdirilir, vətəndaşların sosial mənafeyinə xidmət edən kompleks tədbirlər sistemi həyata keçirilir, bütün bunların da əsasında məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanır. Yeni neft strategiyasının davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşdırılması, Azərbaycanı regionda lokomotiv dövlətə çevirən enerji layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin, sənaye potensialının formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.
Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır. Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirilməsi də ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini bir daha sübuta yetirdi. Dünyanın 50-dən çox ölkəsindən yüksək səviyyəli dövlət xadimlərinin iştirak etdiyi II Qlobal Açıq Cəmiyyətlər Forumu Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb etmişdir.
Azərbaycanda səfərdə olan sabiq dövlət və hökumət başçıları, ümumilikdə 200-dək tanınmış siyasi və ictimai xadimin dünyanı narahat edən qlobal problemləri paytaxtda müzakirə etmələri çox mühüm hadisə oldu. Şübhəsiz ki, forumda iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat verəcəklər.
İki gün davam edən tədbir çərçivəsində aparılan müzakirələrdə diqqət həmçinin dünyadakı dondurulmuş münaqişələrə də yönəldildi. Bu sırada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı aparılan müzakirələri xüsusi qeyd etmək olar. Beynəlxalq təşkilatların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının bu tip problemlərin həlli istiqamətində daha fəal olması və bütün imkanlarını səfərbər etməsinin vacibliyi bir daha qeyd edildi.
Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirib: "Bu cür sessiyaların üstünlüyü ondan ibarətdir ki, məşhur siyasətçilər, keçmiş dövlət və hökumət başçıları öz fərdi təcrübələrini, biliklərini, ekspert bacarıqlarını çox açıq şəkildə bölüşə bilərlər. Çünki hazırkı və keçmiş prezidentlər və baş nazirlər arasındakı fərq ondan ibarətdir ki, hazırkı dövlət başçıları ictimaiyyət qarşısında söylədiyi şərhlərdə müəyyən çərçivə daxilindədirlər, məhdud imkanları vardır. Bəzi hallarda sən söylədiyindən də artıq danışmaq istəyirsən. Lakin keçmiş siyasətçilər hər hansı məsələ ilə bağlı fikir söyləməkdə azaddırlar. Onların bu söhbəti məhz bu tərəqqinin əldə edilməsi üçün vacibdir. Ona görə əminəm ki, forumumuzun əsas məqsədi tövsiyələr və təhlillər vermək, baş verənləri müzakirə etməkdir. Bu məqsəd bizə öz işlərimizi dinc şəraitdə davam etdirmək, şərəfli həyat tərzi sürmək və geniş şəkildə beynəlxalq əməkdaşlıq aparmaq imkanı yaradacaqdır".
Forumun Bakıda keçirilməsi dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi. Son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Bakı II Qlobal Açıq Cəmiyyətlər Forumunun iştirakçılarını da qəbul etdi. Dünyanın tanınmış siyasi və ictimai xadimlərinin, ekspertlərinin bir araya gələrək bəşəriyyəti narahat edən qlobal məsələləri müzakirə etmək üçün mərkəz kimi Bakını seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb etmişdir.
Elnur HACALIYEV
Azərbaycan.-
2014.- 15 may.- S.8.