Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Sivilizasiyaların
qovuşuğunda yerləşən Azərbaycanın zəngin
mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə
malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.
Mövcud milli-mədəni müxtəliflik və etnik-dini
dözümlülük mühiti onu çoxmillətli,
çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası
dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan
Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik
rəngarəngliyin qorunmasına yönəldilən və
uğurla həyata keçirilən dövlət siyasəti
multikulturalizm sahəsində əsrlərdən bəri
toplanmış böyük tarixi təcrübənin
xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini,
cəmiyyətdə bu istiqamətdə qazanılmış
unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin
gücləndirilməsini zəruri edir.
Multikulturalizmin
həyat tərzinə çevrildiyi Azərbaycanın
dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş
tanıdılmasının vacibliyini, eləcə də
ayrı-ayrı ölkələrdəki müxtəlif
multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və
digər aspektlərin Azərbaycan reallığında təhlili
və təşviqinin əhəmiyyətini nəzərə
alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılsın.
2.
"Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi"
təsdiq edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
3.1.
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana
uyğunlaşdırılmasına dair təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
3.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə üç ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
3.4.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xərclər
smetasını və ştat cədvəlini, işçilərinin
say həddini, icraçı direktorunun və işçilərinin
aylıq vəzifə maaşlarını iki ay müddətində
təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.5.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
binasının tikilməsi barədə təklifləri iki ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
3.6.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin
təşkili ilə bağlı zəruri maliyyə və
maddi-texniki təminat məsələlərini həll etsin;
3.7.
bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
4. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin dövlət qeydiyyatına
alınmasını bir ay müddətində təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikası
nın Prezidenti
Bakı şəhəri, 15 may 2014-cü il
Azərbaycan.- 2014.- 16 may.- S.1.