Bakı regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi tanınır

 

 

Prezident İlham Əliyev "The Business Year" nəşrinə müsahibəsində bildirib: "Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir"

 

Son 10 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi göstərməsi, real ideyaproqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir.

Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüşdür. Məhz bu keyfiyyətləri sayəsində də idarəçilikdə yüksək uğurlara imza atmış, cəmiyyətin əsas və həlledici hissəsini arxasınca apara bilmişdir.

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı kimi Prezident İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində də məhz milli ideyaların gerçəkləşdirilməsi dayanmışdır. Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla həyata keçirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Prezident İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir.

 

İnkişafın Azərbaycan modeli

 

İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

Hər bir ölkənin davamlı inkişafı və tərəqqisi yüksək idarəçilik keyfiyyətlərinə malik rəhbərlə qarşıda duran vəzifələrin məsuliyyətini dərk edən və səylə çalışan hökumətin səmərəli fəaliyyəti sayəsində mümkün olur. Dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən liderlər həm də ümumilikdə cəmiyyəti inkişafa yönəlik məqsədləri gerçəkləşdirməyə nail olurlar. Bu mənada dövlət başçısı İlham Əliyevin 10 illik prezidentliyinin ən uğurlu göstəricisi Azərbaycanın 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmasıdır. Azərbaycan bu prosesdə hansısa dövlətin təcrübəsini heçolduğu kimi tətbiq etməmiş, milli xüsusiyyətləri, siyasiiqtisadi özəllikləri, sosial-demoqrafik amilləri nəzərə almışdır. Tam əminliklə deyə bilərik ki, son zamanlar Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda əldə olunan nailiyyətlər xalqın və dövlətin təminatlı gələcəyinə etibarlı zəmin yaratmışdır.

 

Gələcəyin hədəfləri

 

Prezident İlham Əliyev bu günlərdə "The Business Year" nəşrinə verdiyi müsahibəsində bildirib: "Gələcək planlarımız böyükdür, qarşıda həlli vacib olan mühüm məsələlər vardır. Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir".

Ümumilikdə ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-nin həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış, orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Son 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır. Son 10 ildə ölkədə minimum əməkhaqqının məbləği 11,7 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşmüşdür. Nüfuzlu reytinq agentliklərinin hamısı Azərbaycana investisiya kredit reytinqi vermiş və Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olmuşdur.

Ölkədə həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Azərbaycanın adı son illərdə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr, eyni zamanda respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.

Prezident İlham Əliyev "The Business Year" nəşrinə müsahibəsində bildirib: "Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutmuşdur. Bu illər ərzində dünyada mövqelərimiz möhkəmlənmiş, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanmışdır. Bizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani şəkildə təsdiq edir ki, ölkəmiz artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi qəbul edilir".

 

Azərbaycanın dünya miqyasında nüfuzu yüksəlir

 

Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrəti ölkəmizə olan marağı gücləndirməklə yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır. Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və "The Business Year" şirkətinin təşkilatçılığı ilə "The Business Year: Azerbaijan-2014" nəşrinin təqdimat mərasiminin keçirilməsi də ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini və iqtisadi potensialının gücləndiyini sübuta yetirdi. Məlumat üçün qeyd edək ki, "The Business Year" jurnalının Azərbaycanla bağlı xüsusi buraxılışı artıq dördüncü dəfədir ki, nəşr olunur.

Jurnalın budəfəki buraxılışında Azərbaycanın siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində son dövrlərdə qazanılmış nailiyyətlərlə bağlı məsul vəzifəli şəxslərin, tanınmış yerlixarici şirkət rəhbərlərinin müsahibələri də yer almışdır. Prezident İlham Əliyevin uğurlu daxilixarici siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən məqalələr də dərc olunmuşdur. Xüsusi buraxılışda paytaxt Bakıda son illərdə aparılan tikinti-quruculuq işləri və ölkəmizin turizm obyektləri ilə bağlı fotoşəkillər yer almışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdimat mərasimində bildirib: "Bu gün dünyanın müxtəlif ölkələrində, nüfuzlu beynəlxalq qurumlarda, ayrı-ayrı mötəbər tədbirlərdə inkişafın Azərbaycan modeli, Azərbaycan fenomeni haqqında çox danışılır. Bu fenomen nədən ibarətdir və Azərbaycan belə yüksək göstəriciyə necə nail oldu? Hesab edirəm ki, bunun əsasında ümummilli lider Heydər Əliyevin formalaşdırdığı ideya-siyasi xəttin, inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən zənginləşdirilərək müasir dövrün reallıqları, inkişaf meyilləri nəzərə alınmaqla konseptual şəkildə, konkret proqramlar əsasında uğurla davam etdirilməsi amili durur. Cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanın identikliyi, özünəməxsus cəhətləri sürətlə inkişaf etdirildibütün dünyaya təqdim olundu".

Müxtəlif nominasiyalar üzrə mükafatların təqdimetmə mərasimi də maraqlı məqamlarla diqqəti cəlb etmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görülmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən 10 illik fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə konturları hələ Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Bütün bunların fonunda ölkə vətəndaşlarının böyük əksəriyyəti cənab İlham Əliyevə etimad göstərir, onun rəhbərliyi altında respublikamızın qarşıdakı illərdə daha böyük uğurlar qazanacağına inanırlar. Əldə olunan uğurların beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər, eləcə də jurnallarda təqdir olunması respublikamızın davamlı inkişaf yolunda olduğunu təsdiqləməkdədir.

 

Elnur HACALIYEV

Azərbaycan.- 2014.- 16 may.- S.1.