İKT əsaslı biliklər
iqtisadiyyatına doğru
"İqtisadiyyat yalnız energetikadan ibarət deyil. Bu baxımdan, hazırda mənim əsas məqsədim Azərbaycanın qeyri-neft sektoruna, xüsusən də yüksək texnologiyalar, informasiya texnologiyaları və xidmət sahələrinə investisiyalar cəlb etməkdir".
İlham ƏLİYEV
Bu gün milli iqtisadiyyatımız öz inkişaf xəttini ümummilli lider, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" müdrik kəlamına əsaslanaraq davam etdirir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin inkişaf strategiyasında da Azərbaycanın iqtisadi qüdrətinin artırılması, bu iqtisadiyyatın davamlı və dayanıqlı, eyni zamanda tarazlı inkişafının təmin edilməsi diqqət mərkəzində olan ən mühüm məsələlərdəndir.
Hazırda dünyada yeni sosial-iqtisadi paradiqma kimi meydana gələn davamlı inkişafın özündə əks etdirdiyi üç əsas baxışın birincisi məhz iqtisadi sahədir. Bu inkişafın təmin edilməsi məqsədilə indiyə qədər qlobal miqyasda təqdim olunan və irəli sürülən konseptual sxemlərin, iqtisadi modellərin hər birində informasiya-kommunikasiya texnologiyalarının (İKT) qlobal iqtisadiyyatda artan çəkisi və sahənin gələcək iqtisadi inkişafda payının daha da yüksələcəyi vurğulanır. Bu baxımdan, Azərbaycan iqtisadiyyatının inkişafı ilk növbədə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunan İKT əsaslı yeni iqtisadi modelin meydana gəlməsini, iqtisadi artımın yeni keyfiyyətini təmin edən biliyə əsaslanan iqtisadiyyata keçidin sürətləndirilməsini zərurətə çevirir. Bu amilləri əsas tutaraq, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların rifah halının yüksəldilməsinə və firavan həyatının təmin edilməsinə hesablanan, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilən qlobal, genişmiqyaslı iqtisadi siyasət, çevik və qətiyyətli institusional islahatlar nəticəsində keyfiyyətcə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bütün sosial və iqtisadi sahələrdə uğurlu, dinamik artım templəri ilə irəliləyən ölkəmizin əldə etdiyi nailiyyətlərdə dövlət başçısının göstərdiyi diqqət və qayğı sayəsində rabitə və yüksək texnologiyalar sahəsinin də öz rolu var. Bu gün beynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda bu sahədə lider ölkəyə çevrilib. Kosmik sənaye klubunun üzvünə çevrilmək məqsədini reallaşdırmağa nail olan Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1"-in orbitə çıxarılması iqtisadiyyatın diversifikasiyasında, informasiya müstəqilliyi və təhlükəsizliyinin təmin olunmasında, yeni iqtisadi sahə kimi meydana gələn kosmik sənayenin inkişaf etdirilməsində çox mühüm addım sayılır. Həmçinin informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində yeni peyklərin hazırlanması və orbitə çıxarılması layihələri üzərində aparılan işlər müvəffəqiyyətlə davam etdirilir.
Ölkədə nüvə texnologiyalarının tədqiqi istiqamətində də indiyədək müəyyən tədbirlər həyata keçirilib. Bu sahədə görülən işlərin daha sistemli qaydada aparılması, o cümlədən nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 8 may 2014-cü il tarixli sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Eyni zamanda müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələbləri əsasında Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni-quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə ölkə başçısının 7 may 2014-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb.
Bu gün respublikada qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət proqramları və konkret tədbirlər iqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda yeni iqtisadi sahələrin meydana gəlməsi və inkişafına da geniş imkanlar açıb ki, bu sənaye istiqamətlərindən biri nanotexnologiyalardır. Nanotexnologiyaların tətbiqi sahəsində aparılan işlər nəticəsində "Azərilight" neftindən alınan karbon nanoborucuq, LED işıqlanma elementi və DNT-lərin oxunması kimi nəticələr respublikada həyata keçirilən elmi-texniki siyasətə bir töhfədir. Ölkədə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə Yüksək Texnologiyalar Parkı yaradılıb. Dövlət başçısının digər sərəncamı ilə İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin, eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələrin dəstəklənməsi məqsədilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyətə başlayıb. Artıq fondun elan etdiyi ilk qrant müsabiqəsi çərçivəsində innovativ və tətbiqi elmi-texniki İKT layihələrinin qəbulu başa çatıb.
Ölkənin İKT bazarında özəl sektorun fəallığı
Bu gün ölkənin İKT bazarında özəl sektorun rolu və fəallığı artmaqdadır. Sahə üzrə gəlirlərdə son 10 ildə özəl sektorun payı 67,4 faizdən 80 faizə yüksəlib. Sabit telekommunikasiya sahəsi üzrə 8 operatordan 5-i, poçt üzrə 35 operatordan 33-ü, internet üzrə isə 40 provayderdən 38-i özəl sektora məxsusdur. "Delta Telecom" regionda internet xidmətlərinin verilməsi, "RİSK" proqram məhsullarının satışı, "SİNAM İNVEST" Orta Asiyada bir neçə layihənin həyata keçirilməsi, "ULTRA" kompyuter, "AzPad" və digər məhsulların satışında və s. şirkətlər ixrac potensialının artımına öz töhfələrini veriblər. Artıq Azərbaycan həm də elektron məhsullar istehsal edən yerli müəssisələrə malikdir. "Kür" MMC-nin istehsal etdiyi İKT məhsulları keyfiyyəti ilə fərqlənir. Yerli istehsal potensialının genişləndirilməsi kontekstində həm də ölkəmizdə ən son texnoloji yeniliklər tətbiq olunur. Dünyanın bir çox ölkələri hələ "3G" - üçüncü nəsil texnologiyalara keçmədiyi halda, Azərbaycan ən son mobil texnologiya - "4G"-nin tətbiqinə başlayıb.
Bu gün milli iqtisadiyyatın davamlı, sabit, uğurlu inkişafının təmin edilməsi üçün innovativ sahibkarlığa dəstək, o cümlədən bu sahədə liberal siyasətin yürüdülməsi, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi üçün daha sadə prosedur və işlək mexanizmlərin yaradılması istiqamətində də ölkə başçısının siyasi iradəsi, onun rəhbərliyi ilə həyata keçirilən islahatlar öz səmərəsini verməkdədir, eyni zamanda səylər beynəlxalq arenanın da diqqətini cəlb edir. Məhz bu yanaşmadan irəli gələrək, biznes mühitin yaxşılaşdırılması sahəsində Azərbaycanın əldə etdiyi müvəffəqiyyətlər, qazandığı uğurlar da qlobal aləmdə yüksək dəyərləndirilir. Əldə etdiyi nailiyyətlər sayəsində ölkəmiz "Doing Business 2014" hesabatında 189 ölkə arasında 70-ci yerə yüksəlib.
İcrası
uğurla davam edən milli layihələr
Bundan
başqa, ölkədə Dünya Bankı ilə birgə
reallaşdırılan "Maliyyə xidmətlərinin
inkişafı", rəqəmli televiziya yayımı,
"Mobil cihazların qeydiyyat sistemi", "Xalq
kompyuteri", "Mobil nömrələrin
daşınması", "Elektron hökumət",
"Dilmanc" və digər layihələrin icrası da
uğurla həyata keçirilməkdədir. İnformasiya cəmiyyətinin
inkişafını şərtləndirən kibertəhlükəsizliyin
təmin olunması sahəsində isə Elektron Təhlükəsizlik
Mərkəzi fəaliyyətini davam etdirməkdədir.
Azərbaycan
dünyada azad, demokratik, müstəqil internet məkanını
təmin edən əsas ölkələrdəndir
Müxtəlif
səbəblər üzündən internet məhdudiyyətini
tətbiq edən, qoyulan senzura ilə insanların virtual
mühitə çıxışını məhdudlaşdıran
ölkələrdən fərqli olaraq, bu gün Azərbaycan
həm də dünyada azad, demokratik, müstəqil internet məkanını
təmin edən əsas ölkələrdən biri kimi diqqət
çəkir. Məhz bu sahədə yaradılan şərait
ölkədə internet istifadəçilərinin, eyni zamanda
dünyada geniş populyarlıq qazanmış sosial şəbəkələr
də qeydiyyatdan keçənlərin sayını günbəgün
artırır, yaşından və tutduğu mövqeyindən
asılı olmayaraq, istifadəçilərin
sırasını davamlı surətdə genişləndirir.
İrlandiyanın "Global Stats" statistika mərkəzinin
2014-cü ilin yanvar-aprel ayları üzrə sosial şəbəkə istifadəçilərinin
sayı ilə bağlı təqdim etdiyi hesabata əsasən,
Azərbaycanda "Facebook" istifadəçilərinin
sayı 5,48 faiz artıb və hazırda ölkəmizdə bu
sosial şəbəkədən 1 milyon 360 min nəfər
istifadə edir. İnternetdə
fikir və söz azadlığının təmin edilməsi
ilə yanaşı, bu gün Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi yanında İnternetin İnkişafı
üzrə Koordinasiya Şurası ölkə ərazisində
internetin inkişafı, internetdən istifadənin kütləviliyinin
təmin olunması və digər məsələlərlə
bağlı fəaliyyətini davam etdirir, eyni zamanda RYTN tərəfindən
yeni internet resurslarının yaradılması, milli kontentin
genişləndirilməsi, internet qiymətlərinin daha da
aşağı salınması və keyfiyyətinin yüksəldilməsi
istiqamətində davamlı siyasət həyata keçirilir.
Bundan əlavə,
2014-2016-cı illər ərzində ölkənin hər bir
yaşayış məntəqəsində fiber-optik kabel
şəbəkəsi üzərindən əhalinin yüksəksürətli
genişzolaqlı internet və digər müasir
telekommunikasiya xidmətlərinə
çıxışını nəzərdə tutan
"Milli genişzolaqlı internetin inkişafı" layihəsi
də həyata keçiriləcək. Layihənin məqsədi
ucqar kənd yaşayış məntəqələri də
daxil olmaqla, bütün ölkə ərazisini 10-100 Mbit/s həddində
sürətli internetlə təmin etmək və
genişzolaqlı internet istifadəçilərinin
sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana
2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin
səviyyəsinə çıxmağa imkan verəcək.
Dövlətimizin
bu sahədə tutduğu mövqe Prezident İlham Əliyevin
fikirlərində açıq-aydın əks olunub:
"...Azad internet bizim həyatımızın tərkib hissəsidir.
Bu gün əhalimizin 70 faizdən çoxu internet istifadəçisidir.
Hökumət də Azərbaycanın hər bir şəhərinə
və kəndinə genişzolaqlı interneti gətirmək
üçün çoxlu sərmayə yatırır".
Beynəlxalq
təşkilatlar və dünya dövlətləri Azərbaycanın
təşəbbüs və layihələrini dəstəkləyir
Bu gün
Azərbaycan həm də beynəlxalq aləmdə regional təşəbbüslərə
dəstək verən və transmilli layihələrdə
iştirak edən əsas ölkələrdəndir. Təsadüfi
deyil ki, BMT Baş Assambleyasının 67-ci sessiyasında məhz
Azərbaycan tərəfindən irəli sürülən təklif
dəstəklənərək, "Avrasiya Rabitə
Alyansı" ("Eurasian Connectivity Alliance"- EuraCA)
yaradılıb. "Trans-Avrasiya Super İnformasiya
Magistralı" (TASİM) kimi layihələrin daxil olduğu
"EuraCA" artıq fəaliyyətə başlayacaq, eyni
zamanda ölkəmizin koordinator olduğu bu alyans
"TASİM" kimi vacib regional təşəbbüslərin,
böyük layihələrin sayının daha da
artacağını düşünməyə əsas verir.
Birləşmiş Millətlər Təşkilatının
Baş katibi Pan Gi Munun da qeyd etdiyi kimi: "TASİM layihəsi cazibədar və böyük region
üçün vacib layihədir".
Ölkəmizi
informasiya dəhlizinə çevirən növbəti layihə
"EPEG" - ("Europe Persia Express Gateway")
"Avropa-Yaxın Şərq İnformasiya
Magistralı"dır. Layihə sayəsində Frankfurt şəhərindən
Omana qədər çox böyük tutumlu rabitə
kanallarının Asiya ölkələrinə
çatdırılması təmin ediləcək ki,
respublikamız burada tranzit ölkə kimi həm əsas, həm
də ehtiyat marşrut olaraq seçilib.
Məsələyə
köklü yanaşma isə - Azərbaycanın qlobal müstəvidə
artmaqda davam edən siyasi nüfuzu, ölkəmizə
qarşı yaranan hörmət, etimad, etibar və rəğbət,
həmçinin bu gün ölkəmiz tərəfindən irəli
sürülən təşəbbüslərin beynəlxalq
birliyin mütləq əksəriyyətinin, o cümlədən
dövlətlərin dəstəyini qazanması respublika
Prezidenti İlham Əliyev tərəfindən
yürüdülən ardıcıl diplomatik fəaliyyətin
məntiqi nəticəsidir.
Dünya
İqtisadi Forumu: Azərbaycan 7 pillə yüksəldi, bir
çox nəhəng ölkələri geridə qoydu və
daha bir göstərici üzrə dünyada birinci oldu
Sektordakı inkişaf tendensiyası, o cümlədən iqtisadi göstəricilərin dinamikasında artan müsbət meyillər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yaxından izlənilir və bu, ölkəmizin qlobal reytinq cədvəllərində ilbəil ön sıralarda dayanması ilə diqqət çəkir. Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış "Qlobal informasiya texnologiyaları hesabatı 2014" ("The Global Information Technology Report 2014") adlı illik hesabatda ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən "Şəbəkələşmə hazırlığı indeksi" göstəricisi üzrə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək, 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib. Qürurverici və sevindirici əsas məqamlardan biri də odur ki, bu hesabatın nəticələrinə əsasən, "Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi" reytinqində Azərbaycan bu gün dünyada birinci yeri tutur. Bu isə o deməkdir ki, ölkəmiz tamamilə mobil şəbəkə siqnalı ilə təmin edilib. Eyni zamanda "Şəbəkələşmə hazırlığı indeksi"nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə, Azərbaycan hər 100 nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla, MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən isə dünyada 35-ci pillənin sahibidir. Hesabatda əsas diqqət çəkən digər məqam ölkəmizin yuxarı orta gəlirli ölkələrlə müqayisəsidir ki, bu baxımdan da Azərbaycan orta göstəricidən daha yaxşı nəticə qazanıb və hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri tutub. MDB-də lider olmaqla, Azərbaycan İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur. Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqro (52), eləcə də qonşu ölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlayıb. Həmçinin, Azərbaycan dünya nəhəngləri sayılan Çin (62), Braziliya (69) və Meksika (79) kimi ölkələri də geridə buraxıb.
İnkişaf üçün əsas strategiyalar
Qazanılan uğurların dayanıqlı və davamlılığının təmin edilməsi məqsədilə artıq gələcək inkişaf strategiyaları da müəyyənləşdirilib. Bu baxımdan yeni iqtisadi infrastrukturun formalaşdırılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarından iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması qarşıda dayanan əsas hədəflərdə birmənalı olaraq yer alıb. Dərin elmi təhlillərə söykənən "Azərbaycan-2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında əsas hədəf gələcək 8-10 ildə Azərbaycan Respublikasında əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması və bu artımın respublikada innovasiyayönlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsidir. Belə inkişafın əsas dayaqlarından biri də İKT-dir. İnkişafın keyfiyyətcə yeni mərhələsini müəyyənləşdirən digər mühüm sənəd "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"sıdır. Konsepsiyada da əsas hədəf qarşıdakı səkkiz-on ildə Azərbaycanda əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması və bu artımın respublikada innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsidir. XXI əsrdə ölkədə informasiya cəmiyyətinə keçid, "Elektron hökumət"in formalaşdırılması və intellektual potensialın inkişafı sosial-iqtisadi inkişafın yüksəldilməsi üçün zəruri məsələlərdən birinə çevrilib ki, bu sahədə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəyyənləşdirdiyi hədəflərə görə, 2020-ci ilə qədər bütün xidmətlərin elektronlaşdırılması və əhalinin 80 faizinin bu xidmətlərdən istifadəsi təmin ediləcək.
"Qızıl üçbucaq"
Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün aparılan işlərin "Qızıl üçbucaq" adlandırdığımız üç əsas sütun üzərində qurulması planlaşdırılır. Birincisi, İKT sahəsinin inkişaf hədəfləri nəzərə alınmaqla, sektorun tələbatına uyğun təhsilin müxtəlif səviyyələri üzrə yüksək peşəkarlığa və müasir tələblərə cavab verən insan resursları və biliklər potensialının formalaşdırılmasıdır. İnformasiya cəmiyyəti üzrə ümumdünya sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi "qara qızıl"ın insan potensialının inkişafına istiqamətləndirilməsi fikri, həmçinin biliklərə əsaslanan iqtisadiyyata transformasiya istiqamətində aparılan işlər informasiya cəmiyyətinin müvafiq tələblərinə uyğun yüksək hazırlıqlı kadr zərurətini meydana gətirib. Bu baxımdan, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılması, elm sahəsində idarəetmə sistemi, elmi infrastrukturun modernləşdirilməsi, yüksəkixtisaslı kadr hazırlığı, elmin, təhsilin və istehsalın inteqrasiyası, elm və texnologiyaların inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətlərini özündə cəmləşdirir. İkinci vacib məsələ xarici və daxili investorları özünə cəlb edən, işgüzarlıq fəaliyyətinə rahatlıq və dəstək verən əlverişli iqtisadi və biznes mühitinin yaradılmasıdır. Bu istiqamət üzrə ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "Açıq qapı" siyasətinin həyata keçirildiyini vurğulamaq yerinə düşər. Hazırda Azərbaycan hökuməti, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi və aidiyyəti təşkilatlar tərəfindən ölkədə iqtisadi islahatların davam etdirilməsi, həmçinin biznes mühitinin daha da yaxşılaşdırılması, liberal bazar şərtləri əsasında xarici investorlar üçün əlverişli iqtisadi mühitin formalaşdırılması, eyni zamanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. "Qızıl üçbucağ"ı tamamlayan üçüncü mühüm amil elmi və texnoloji tutumlu və bütövlükdə, innovativ layihələrin həyata keçirilməsi üçün maliyyə resurslarına çıxışın asanlaşdırılmasıdır. Bu istiqamətdə də ölkə başçısının rəhbərliyi ilə müvafiq qurumlar tərəfindən məqsədyönlü addımlar atılmaqdadır. Qarşımızda duran mühüm vəzifələrə İKT sektorunun əsas göstəricilərinin inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri səviyyəsinə çatdırılması, yeni və müasir texnologiyaların ölkəmizin sosial-iqtisadi inkişafında tətbiqi; rəqabətədavamlı İKT sənayesinin formalaşdırılması, innovativ məhsul və xidmətlərin istehsalı və ölkəmizin bu sahədə rəqabətqabiliyyətliyinin yüksəldilməsinə dəstək; elmi və texniki tədqiqatların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin sürətləndirilməsi; rabitə və informasiya infrastrukturunun inkişafı kimi mühüm istiqamətlər daxildir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qarşısında qoyulan əsas vəzifələrdən biri də elmi tədqiqatların nəticələrinin iqtisadiyyatda və digər sahələrdə tətbiqinə dəstək verilməsidir ki, bu məsələ də hazırlanacaq İnformasiya cəmiyyətinin qurulması və yüksək texnologiyaların inkişafı üzrə Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsinə yönələn təkliflər paketində öz əksini tapacaq.
Bu gün İKT sahəsində Azərbaycanın tutduğu inkişaf xəttinin düzgün istiqamətdə aparıldığı şəksizdir. Beynəlxalq arenada da müsbət qarşılanan bu inkişaf xətti ilə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hamadun Turenin fikirləri belədir: "Mən İKT sektorunun enerji sektorundan sonra Azərbaycan iqtisadiyyatının ikinci sürətlə inkişaf edən sektoru olacağına əminəm. İnanıram ki, Azərbaycan böyük rəqəmsal ölkəyə çevriləcək".
Biz də ümidvarıq ki, üzərimizə qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik, həmçinin İKT sektorunda başlayan və davam etdirilən irimiqyaslı layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da uğurla həyata keçirilərək, ölkəmizin ümumi inkişafında əhəmiyyətli rol oynayacaq.
Müşfiq
ƏMİROV,
Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Azərbaycan.-
2014.- 16 may.- S.5.