Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilmişdir

 

Mayın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşların qəbulu keçirilmiş, onların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilmiş, ərizə və şikayətlərinə baxılmışdır.

Məcburi köçkünləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qəbul etmişdir.

Əli Həsənov müraciətləri diqqətlə dinləmiş, vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilmiş, digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün qeydiyyata alınmışdır.

Qəbulda, ümumilikdə 450-dən çox vətəndaş iştirak etmişdir. Hər ayın 15-də keçirilən qəbulda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, komitənin Bakı rayonları üzrə nümayəndələri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başlılarının müavinləri iştirak edirlər. Vətəndaşların qəbulu ilə bağlı məlumatlar Komitənin rəsmi internet səhifəsində yerləşdirilir.

Qəbulda iştirak edən qaçqın və məcburi köçkünlər onlara göstərilən həssas münasibətdən də razılıqlarını bildirmişlər, eyni zamanda, bəzi vətəndaşlarımızın səbirsizliyinin yaratdığı narahatlıqları da dilə gətirmişlər.

Cəbrayıl rayonundan məcburi köçkün Qafar Vəliyev demişdir: “Qəbula gəlmişdim problemim yerindəcə həll olundu. Dövlətimizin başçısı İlham Əliyev biz məcburi köçkünlərə hər cür diqqət və qayğı göstərir. Prezidentimizdən çox razıyıq”.

Laçın rayonundan məcburi köçkün Çiçək Məmmədova isə bildirmişdir: “Bu gün qəbulda problemimizə yüksək səviyyədə yanaşıldı və həll olunması barədə tapşırıq verildi.

Prezidentimiz İlham Əliyev hər zaman biz məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir. Buna görə Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Bu gün burada hər şey çox gözəl təşkil olunmuşdur”.

Məlum olduğu kimi, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın problemlərini ölkənin bir nömrəli problemi elan etmişdirbu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir. İndiyədək qaçqın və məcburi köçkünlər üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 180 mindən çox qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Prezident İlham Əliyev bu qəbildən olan insanlara kifayət qədər diqqət və qayğı göstərir. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bu gündə davam etdirilir, bu problem mərhələli şəkildə həll olunur.

 

Azərbaycan.- 2014.- 16 may.- S.6.