Bakıda “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika” kitabının ictimai müzakirəsi keçirilmişdir

 

Mayın 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının, politoloqların, tarixçi-alimlərin iştirakı ilə “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” adlı kitabın ictimai müzakirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edənlər müzakirəsi keçirilən kitabın tariximizi öyrənmək baxımından əhəmiyyətini vurğulamışlar.

Bildirilmişdir ki, bu sanballı nəşrdə erməni millətçiliyinin mahiyyəti, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan soyqırımı cinayətləri və təcavüzünün XX əsrin sonu - XXI əsrin əvvəllərində də davam etməsi və bunun təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasəti geniş təhlil edilmişdir.

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim edilmiş əsərin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının qərarı ilə nəşr olunduğu diqqətə çatdırılmışdır.

Məlumat verilmişdir ki, “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika” əsərinin müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədovdur. Kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlı, məsləhətçisi isə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərovdur.

 

Azərbaycan.- 2014.- 16 may.- S.6.