Zamanı müstəqillik tarixinə çevirən dahi

 

Şəxsiyyət və zaman mövzusuna həssaslıq hər bir insana, dünyada  bütün xalqlara xas olan keyfiyyətlərdəndir. Bu, xüsusən də hər bir millətin tarixi haqqının gerçəkləşdiyi zamanlara aiddir. Həm də elə bir zaman hüdudlarıdır ki, həmin dövrdən sonra hər hansı bir xalqın tərcümeyi-halında dönüş nöqtələri baş verir. Milli taleyin axarı dahi şəxsiyyətləri sayəsində tamamilə yeni istiqamətə yön alır. XX əsrin sonlarında ümummilli lider Heydər Əliyevin fədakarlığı sayəsində Azərbaycan xalqı da öz taleyində belə bir dönüş zamanını yaşamışdır.

Mürəkkəb dönüş mərhələləri, yeni  yol seçimini diktə edən   çalxalanan zamanlar hər bir xalqın öz tarixində  üzləşdiyi labüd qisməti, taleyidir.

Belə zamanlardan xalqı qurtuluş yoluna çıxarmağa, ideya və məslək uğrunda milli birliyi təmin etməyə qadir olan dahi şəxsiyyətlər isə heç  bütün xalqlara nəsib olan nemət deyil. Xalqımız xoşbəxtdir ki, XX əsr Azərbaycana, xalqımıza  böyük və əvəzolunmaz nemət bəxş etmişdir: dövlət müstəqilliyi və əbədi lider.

Dahilik sirr olaraq qalır. Təbiət bu sirri xəsisliklə gizləyir, elm isə onu araşdırmaqda davam edir. Hər bir insanın tərcümeyi-halı yalnız ona məxsusdursa,  dahilərin tərcümeyi-halı bütün xalqa, bəşəriyyətə məxsusdur. Deyirlər zamanı önləyən, onu xalqın arzularına və iradəsinə işləməyə tabe edən, onu ram edən dahilər haqda yazmaq çətindir. Müəllif də bu çətinliyi hiss etməmiş deyil. Bütün hallarda əsas diqqətin yönəldiyi yeganə başlıca mənbə - dahini həyatı, fəaliyyəti, yaradıcılığı, onu əhatə edən insanların təhlili olur.

Elmira Axundovanın çox böyük zəhməti və səyi hesabına ərsəyə gələn "Heydər Əliyev. Şəxsiyyət və Zaman" adlı çoxcildlik roman-tədqiqatının altıncı kitabının ikinci hissəsi işıq üzü görmüşdür.

Elmira Axundova Heydər Əliyevin ilk bioqraflarındandır və yazıçı kimi "Heydər Əliyev. Şəxsiyyət və Zaman" adlı çoxcildlik roman-tədqiqatını ömrünün missiyası, ən mühüm layihəsi sayır. On ildən çox gərgin zəhmət, kitabın qəhrəmanının uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, arxivlərdə, o cümlədən Prezidentin şəxsi arxivində Azərbaycan xalqının ümummilli liderinin ən dolğunobyektiv bioqrafiyasını yaratmaq cəhdi olan romanın nadir sənədli əsasını təşkil edir. Kitabda əksini tapan zəngin tarixi material, xeyli sayda az məlum olan fakt, epizod, müəllif tərəfindən dərin təhlil və şərhlərlə müşayiət olunan informasiya, yazıçının ulu öndər Heydər Əliyevlə olan şəxsi tanışlığı onu indiyədək yazılan bütün başqa əsərlərdən fərqləndirir.

Xalqlar yaşadıqca yaşayan kitablar o qədər də çox deyil.

Kitablar, tədqiqatlar yazılır. Lakin həm xalqın, həm də tarixin yaddaşında qalanları az olur. Barmaqla sayılacaq dərəcədə. Nə qədər ki, dahilik sirri, liderlik fenomeni alim və tədqiqatçıları, gənclərimizi, insanları düşündürəcək, həmişə bu kitab onlara yol göstərəcəkdir. Ulu öndər haqda əsərlər çoxdur və hələ yazılacaq. Kitab təkcə dahi haqda deyil, Azərbaycan dövləti, xalqımız haqda, tariximiz,  bu günümüz, sabah, gələcək haqdadır. İstənilən  insanın yaxını, doğması olur. Bu kitab da bütün xalqa əziz və doğma olan şəxsiyyət haqdadır.

Milyonlarla azərbaycanlının hər birinin Heydər Əliyev haqda fikirləri, düşüncələri var. Bu kitab onları bir arada cəmləyən məkandır. Bu çoxcildliklər ulu öndərə ziyalı borcunun ifadəsi, ziyalı missiyasının nə olduğunu bizlərə göstərən   örnək nümunədir.

Bu kitab müstəqillik yolu, dahiliyin keçdiyi həyat yolu, müasir yeni və ən yeni tarixin müstəqillik yolundan bəhs edir. O, zamanın nəbzini tutduğu üçün zaman da onu seçdi.

Azərbaycan xalqı xoşbəxt və seçilən xalqdır ki, onun Heydər Əliyev kimi bir dühası var. Dahilik simvolu var. Əbədiyaşarlıqdan söz düşəndə gözlərimizin  önündə Heydər Əliyevin siması  canlanır. Dahilər səmada daim nur saçan  Günəşə bənzəyir. Təbiətdəki Günəş təki həmişə işıq saçır, xalqımızın sabaha aparan yolunu aydınlığa bürüyür, Azərbaycanın gələcəyi naminə fəaliyyətimizi düzgün istiqamətləndirir.

Kitabda Heydər Əliyevin sovet illərində və müstəqillik dövründə müasiri olmuş, bir yerdə işləmiş, xeyir-duasını almış, alicənablığını görmüş, mərhəmətini hiss etmiş sadə insanların, sənət adamlarının, dövlət xadimlərinin, siyasətçilərin, idmançıların, ümumiyyətlə, taleyinə ümummilli lideri şəxsən tanımaq kimi gözəl bir qismət yazılmış insanların maraqlı xatirələri, ulu öndərin görkəmli dövlət xadimi kimi siyasi-ictimai və dövlətçilik fəaliyyətinə dair fikirləri bənzərsiz bir əsərin ərsəyə gəlməsini şərtləndirmişdir.

Bu kitablarda ulu öndərin "müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək bir o qədər də ağır və mürəkkəbdir" kəlamının nə qədər doğru olduğunun şahidiyik. Bu mühüm tarixi vəzifənin öhdəsindən isə yalnız sözün əsl mənasında, həqiqi lider-şəxsiyyətlər  gələ bilər. XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, xalqımızın əbədi lideri, dünənin, bu günün və sabahın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevdir.

Heydər Əliyev böyük siyasət qalasının ən uca zirvəsini fədakarlıqla fəth edə bilmişdir. Ulu öndər kiçik bir məmləkətin adını bütün dünyaya tanıtmağa nail olmuşdur. O, qəlbi daim bəşəri duyğularla döyünən ümumbəşər övladı, ən böyük azərbaycanlı idi. Heydər Əliyevin adı həmişə dünyanın tanınan, sayılıb-seçilən, hörmət bəslənilən siyasi liderləri, ən müdrik rəhbərləri sırasında çəkilir. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından dahi siyasətçi həmişə öz sözü, öz çəkisi, öz dəst-xətti ilə seçilmişdir. Heydər Əliyev əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir.

Ümumdünya tarixinin azərbaycanlı dahisidir.

Heydər Əliyev şəxsiyyəti, nadir dühanın siyasət aləmi bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzəyir. Misilsiz dövlət xadimi kimi ən nadir, ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı ona bəxş olunmuş Allah vergisi idi. Bütün bunların hamısı ilahidən gəlmə bir keyfiyyət altında birləşirdi: Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi olan bu dahi şəxsiyyət ümumdünya tarixinə Azərbaycan xalqının qurtuluş savaşının qalibi, müasir Azərbaycan Respublikasının banisi  kimi daxil olmuşdur.

Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan və tükənməz fitri istedad sahibi olan Heydər Əliyev yarım əsrdən artıq zəngin idarəçilik təcrübəsinə malik olan nadir tarixi sima idi. Heydər Əliyev misilsiz iradə sahibi, hamı tərəfindən qəbul olunan əzəmətli şəxsiyyət idi. Keçid dövrünün mürəkkəb burulğanından Azərbaycanı xilas etmək üçün ulu Tanrının xalqımıza, Vətənimizə bəxş etdiyi ümummilli lider idi.

Heydər Əliyev doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni aparmışdır. Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərini ucaltdırmazdı, repressiya qurbanı olmuş böyük Cavidin nəşini illər keçdikdən sonra Vətənə qaytarmaq yalnız dahilərin missiyasıdır.

Kitabda Azərbaycan dövlətçiliyi Prezident Heydər Əliyevin qətiyyəti ilə ağır sınaqlardan necə uğurla çıxdı sualına real faktların dili ilə cavablar var. Böyük dövlət xadimi Heydər Əliyevin  sabitlik kimi tarixi qələbəyə nail olmaqla özünün məşhur kəlamını bizlərə əmanət etdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır..."

Kitabda belə bir həqiqət də öz əksini tapıb: hazırda tərəqqi dövrünü yaşayan bütün xalqları, millətləri, ölkələri keçid dövrünün keşməkeşli zamanından dahi şəxsiyyətlər  çıxarmışlar! Heydər Əliyev məhz belə şəxsiyyətdir!

Bu gün Heydər Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsinə və regionun lider dövlətinə çevrilmişdir. Heydər Əliyev ideyalarının zəfər yürüşü davam edir. Azərbaycan xalqı böyük qürur hissi keçirir  ki, ümumdünya tarixinin nadir tarixi şəxsiyyətləri sırasına adı  müstəqil Azərbaycanın simvoluna çevrilən Heydər Əliyev kimi bir dahi bəxş etmişdir.

Dahilər haqda yazmaq çox çətin, lakin mümkündür. Ümummilli liderin ideyalarının möhtəşəm zəfərini bu cür fərqli və yeni üslubda kitabın ana xəttinə çevirmək, yazıçı, Milli Məclisin deputatı Azərbaycanın ardıcıl zəfərlərinin canlı şahidi  iştirakçısı Elmira xanıma da nəsib oldu.

Görkəmli yazıçı-publisistin XX əsrin sonları və XXI əsrin əvvəllərində həm Azərbaycanın ictimai-siyasi, fəlsəfi fikrinin inkişafı, həm də dünya humanitariyasının taleyüklü məsələlərinin orijinal təqdimi olduqca maraqlıdır. Odur ki, əsər janr zənginliyi, maraqlı cəlbedici üslub tərzi ilə fərqlənir.

Heydər Əliyev dühasının, siyasi uğur fenomeninin, möhtəşəm siyasi irsinin Azərbaycan xalqının yaddaş və təfəkkürünə çatdırılması həm dərin elmi, həm də ictimai şüurun aktual problemləri müstəvisinə gətirilməsi yazıçının çox böyük uğurudur.

Qeyd etdiyimiz kimi, kitab nəinki məzmun baxımından, həm də janr baxımından elmi fəlsəfi, siyasi, bədii-publisistik cəhətləti özündə sintez edir. Bu da təsadüfi deyil, çünki qeyri-adi, əfsanəvi bir şəxsiyyət haqda reallığın qələmə alınması janr zənginliyi, maraqlı, cəlbedici süjet tələb edir.

Elmira Axundovanın suveren Azərbaycan dövlətinin yaradıcısı olan ulu öndərin siyasi portretini, ideal lider obrazını, dünya azərbaycanlılarının qürur ünvanını, cəmiyyət həyatının bütün sahələrində milli intibahın qarantı kimi sağlığında ikən əfsanəyə çevrilən, həyatının hər məqamı bizlər üçün örnək olan nadir dövlət xadimi kimi dərin elmi təhlilini verdiyi əsərləri, onun iki əsrin dahisi kimi əbədi zirvədə qalmasının sirlərini açır.

Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursunmilli inkişaf strategiyasının əbədi aktuallığı, Azərbaycana həmişə yeni-yeni zəfərlər gətirəcəyinə əminlik  roman epopeyada dərin elmi-nəzəri və fəlsəfi-siyasi rakursdan araşdırılaraq təqdim edilmişdir. Elmira Axundova bu əsərlərlə dahi öndərə monumental ədəbi abidə ucaltmış, ziyalı və vətəndaş kimi xalq məhəbbətinin təcəssümünü ifadə edə bilmişdir.

Bu əsərlər Azərbaycanın indiki və gələcək nəsilləri üçün dəyərli töhfə, əvəzsiz nəzəri mənbə statusu qazanmışdır. Dahi şəxsiyyətin həyat və fəaliyyətinin novator yazıçı qələmində ifadəsi Elmira xanımın ziyalı kimi şərəf borcunun, böyük bədii fəhminin, narahat düşüncəsinin, gərgin yazıçı  ömrünün, siyasətçi baxışlarının nadir sintezinin məhsulu olan tədqiqatlarının həqiqi dəyəri hələ zamana mütənasib olaraq öz qiymətini alacaqdır.    

Heydər Əliyevə Azərbaycanın dövlət müstəqilliyini gerçəkləşdirən, onu dönməz və əbədi edən dahi şəxsiyyət ömrünü yaşamaq nəsib olmuşdur. Ulu öndər liderliyin miqyas və zirvələrinin siyasət elmində hələlik sonadək dərk olunmayan bütün səviyyə və qatlarını fəth etmiş,  həm də nadir hallarda görkəmli şəxsiyyətlərə qismət olan xalq və millət sevgisinin ən ali məqamına yüksələrək ümummilli lider, türk dünyasının lideri kimi əbədiyaşar adlarda dahilik etirafının örnəyinə, mücəssəməsinə çevrilmişdir.

Sadalanan keyfiyyətlərdən dolayı qeyri-adi təsir və nüfuz gücünə malik olmaqla insanlarla izahı çətin olan səmimiyyət və inam münasibətləri yarada bilən, ilahi verginin fenomenal uğurlarla müşayiət etdiyi xarizmatik dahi şəxsiyyət, dahi şəxsiyyət-ideoloq, dahi-strateqs. obrazlar mövcuddur. Azərbaycan xalqı bütün bu keyfiyyətlərin, ilahi qüvvənin təcəssümünün bir insanın simasında - Heydər Əliyev şəxsiyyətində cəmlənməsindən  sonsuz qürur duyur.

Yaxından baxanda böyük dağları tam əzəməti ilə görmək mümkün olmadığı kimi, bizlər - onun tələbələri və müasirləri olan insanlar da onun nəhəngliyini hələlik  tam dərk edə bilmirik. İllər ötdükcə, zaman keçdikcə gələcək nəsillər bu şəxsiyyətin əzəmətli obrazını daha dolğunluğu ilə görəcəklər. Böyük bir təsəllimiz var ki, biz onunla çağdaş olmuşuq,   həmişə qayğı və diqqətini görmüşük.

Valideynləri ona Heydər adını, qədirbilən xalqımız isə Əbədiyaşar Ümummilli Lider adını verdi. Ulu öndərin siyasi tərcümeyi-halı da, mənəvi tərcümeyi-halı da göz önündədir.

Məhz buna görədir ki, kitab elmi, siyasi, fəlsəfi dəyəri ilə yanaşı, milyonlarla oxucu üçün belletristik əsər səviyyəsinə yüksələ bilmişdir. Tarixi gerçəkliyin obrazlı-emosional, ədəbi-bədii dərki oxucuya böyük zövq verir. Təbii ki, bu, yazıçıdan böyük məharət tələb edir.

Son 10 ildə Azərbaycanda dövlətçilik fəlsəfəsi yeni keyfiyyət səviyyəsinə qalxmış, ulu öndərin nəzəri və təcrübi irsinin tədqiqi, inkişafı və təbliği  işinə həssas qayğı yönündə misilsiz işlər görülmüşdür. Prezident İlham Əliyev 2006-cı ildə ulu öndər Heydər Əliyevin siyasi irsinin, onun dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi və inkişaf etdirilməsi məqsədi ilə "Heydər Əliyev Mərkəzinin yaradılması haqqında" sərəncam imzalamışdır.

Ulu öndərin həyat və fəaliyyət  tarixi bu

 günümüz üçün nə qədər  əvəzsiz təcrübə və örnəkdirsə, gələcəyimiz üçünbir o qədər dəyərlidir. Azərbaycanın sabahına aparan yolun başlanğıcı,  qələbələr tarixi kimi həmişəlik qalacaqdır.

Hər il may ayının 10-da XX  əsr Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, dahi şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin doğum günü xüsusi minnətdarlıq və təntənə ilə yad edilir. Qədirbilən xalqımız mənalı və şərəfli ömrünü Azərbaycan dövlətçiliyinə və xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə, dünya azərbaycanlılarının ümummilli liderinə çevrilən dahi oğlunun yubileyini onun düzgün siyasətini uğurla davam etdirən dövlət başçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, dünyanın etiraf etdiyi qələbələrlə  qarşılayır.

Dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heçbütün  xalqlara nəsib olmur. Milli quruculuğun lideri kimi,  xalqın böyük əzm və etimadına layiq olmaq  siyasətçinin, dövlət xadiminin  fədakar əməyini, böyük dühasını tələb edir.

Elmira Axundovanın çoxcildliyi dövlətçilik fəlsəfəsinə böyük töhfədir. Bu əsərlərin oxucuları da bir daha görürlər ki, böyük şəxsiyyət ulu öndər Heydər Əliyev hansı fədakarlıqlar bahasına dövlətçilik fəlsəfəsini, formalaşdırdığı yeni dünyagörüşü Azərbaycan xalqının tarixi yaddaşına aşılaya bildi. Fəxrlə, böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın gələcəyi parlaqdır, çünki onun sükanı etibarlı əllərdədir.

Milli ideya, müstəqillik şüuru, Vətənə xidmət etmək və onu müasirləşdirmək bu böyük şəxsiyyətin reallığa çevirdiyi nailiyyətlərdir. Bu, tarixdir, Azərbaycan tarixinin şanlı bir hissəsidir.

Bütün bunlar Azərbaycanda dövlətçilik fəlsəfəsinin əsas məqamlarını təsəvvür etməyə imkan verir. Bu fəlsəfənin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Onun mahiyyəti dövlət başçısı İlham Əliyevin  bu sözlərində bariz ifadəsini tapmışdır: "Azərbaycan bu illərdə həm öz vətəndaşlarına, həm də dünyaya sübut edib ki, biz müstəqil ölkə, azad xalq kimi yaşaya bilərik".

 

Rəbiyyət ASLANOVA,

fəlsəfə elmləri doktoru, professor, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

Azərbaycan.- 2014.- 16 may.- S.7.