Abşeron rayonunda
Beynəlxalq Ailə Günü ilə
bağlı bayram tədbiri
BMT Baş Məclisinin 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə əsasən, hər il mayın 15-i bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.
Bu münasibətlə mayın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilmişdir.
Bayram şənliyində tanınmış ictimai xadimlər, xarici ölkələrin ölkəmizdəki səfirləri, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Beynəlxalq Ailə Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, ailələrə səadət arzulamışdır.
Z.Fərəcov AQUPDK-nın təşəbbüsü ilə respublikada hər il Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmış və bunu dövlətin öz vətəndaşlarına verdiyi yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirmişdir.
Tədbirin əhəmiyyətini qeyd edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirmişdir ki, Beynəlxalq Ailə Gününün keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı və sağlam həyat tərzinin təbliğidir.
Ailə siyasətinin Azərbaycan hökumətinin diqqətində olduğunu deyən komitə sədri bildirmişdir ki, dövlətin əsasını güclü və sağlam ailələr təşkil edir. Hazırda Azərbaycanda 2 milyon ailə vardır. Hər il orta hesabla ölkədə səksən mindən çox nikah qurulur. Bu ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyırlar.
Qeyd olunmuşdur ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkünlərin, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin bir çox problemləri artıq həll olunmuşdur. Bu sahədə dövlətin güclü və təkmil qanunvericilik bazası mövcuddur.
Hicran Hüseynova ailələrin qorunması üzrə həyata keçirilən layihələr çərçivəsində əhalinin sağlamlığı sahəsində görülən işlərdən danışaraq demişdir ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yarım milyondan çox insan dispanserləşmədən keçmişdir. Bu isə dövlətin, xüsusilə Azərbaycan Prezidentinin ailələrin sağlamlığına olan diqqət və qayğısının əyani sübutudur.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirmişdir ki, bütün nailiyyətlərin əsasında ailə səadəti durur. Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunur. Azərbaycan xalqının dərin ailə ənənələri mövcuddur. Cəmiyyətimizdə ailə həmişə müqəddəs sayılmışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət ailə siyasətinin təməli qoyulmuşdur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.
Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Azərbaycan qadınının mənəvi zənginliyini, vətənpərvərliyini, ailə dəyərlərini uğurla təmsil edir.
Ənənə halını almış bayramda "Bacarıqlı əllər", "Milli mətbəx", "Yaradıcı ailə", "Nümunəvi ailə" nominasiyaları üzrə respublikamızın bütün şəhər və rayonlarından seçilmiş ailələr iştirak etmişlər.
Bayram tədbirində müxtəlif mövzuları əks etdirən guşələr iştirakçıların istifadəsinə verilmişdir. Guşələrdə iştirakçı ailələr müxtəlif mövzular üzrə ekspertlərin mühazirələrini, faydalı məsləhətlərini dinləyə, onları maraqlandıran sualları ekspertlərə ünvanlaya bilərdilər. Eyni zamanda bayramda müxtəlif sərgilər təqdim edilmiş, bölgələrin mətbəxini əks etdirən milli xörəklərin, qədim peşə sahələrindən olan əl işlərinin hazırlanması nümayiş olunmuş, ailələr arasında müxtəlif əyləncəli oyunlar keçirilmişdir.
Hər il olduğu kimi, bu il də bayram şənliyində Azərbaycan xalqının toy adət-ənənələri nümayişi olunmuş, bir ailənin brilyant toyu və xınayaxdı mərasimi keçirilmişdir.
AzərTAc
Azərbaycan.-
2014.- 16 may.- S.7.