Bakıda Avropa Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi mayın 15-də Bakıda Avropa Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard təşkilatın tarixi barədə qısa məlumat vermişdir. O, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf tarixindən danışmışdır.

M.Mard Azərbaycanın regional məsələlərdə, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminində oynadığı rolu yüksək qiymətləndirmişdir.

Energetika naziri Natiq Əliyev Avropa Günü münasibətilə təbriklərini çatdırmışdır.

Nazir Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının qarşılıqlı maraq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirmişdir.

O demişdir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında 1992-ci ildən başlanmış münasibətlər hazırda zəngin hüquqi çərçivəyə malikdir. “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində münasibətlərin daha da möhkəmlənməsi bu nüfuzlu qurumun ölkəmizə verdiyi böyük önəmi bir daha təsdiqləyir. Viza rejiminin sadələşdirilməsi, readmissiya haqqında sazişlərin imzalanması əlaqələrin daha da yüksək səviyyəyə qalxmasına töhfəsini verəcəkdir.

Nazir, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı roldan danışmışdır.

 

Azərbaycan.- 2014.- 16 may.- S.7.