2013-cü ilin dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlu göstəricisidir

 

 

Milli Məclisin dünənki plenar iclası Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində həlak olan insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı.

Milli Məclisin Sədri Oqtay Əsədov bütün deputatlar adından qardaş ölkəyə başsağlığı verdi. Sonra deputatlar birbaşa gündəlikdə duran məsələlərin müzakirəsinə başladılar.

 

Yaxın illərdə Azərbaycanın dövlət büdcəsi 100 milyard manata çatacaq

 

Gündəliyin ilk məsələsi "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi idi. Layihə ilə bağlı əvvəlcə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Ziyad Səmədzadə bildirdi ki, layihə onun rəhbərlik etdiyi komitədə Maliyyə Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Hesablama Palatasının rəhbərliyi və komitə üzvlərinin iştirakı ilə müzakirə olunub və dəyərli fikirlər söylənilib. Müstəqillik dövrünün ən böyük büdcəsinin icrası ilə bağlı hazırlanan sənədə Hesablama Palatası rəy verib. Komitə sədri eyni zamanda vurğuladı ki, bu gün Azərbaycanda ümumi daxili məhsulun həcmi 73 milyard dollar təşkil edir. Yaxın illərdə Azərbaycanın dövlət büdcəsi 100 milyard manata çatacaq. Ölkədə adambaşına düşən illik gəlir 7,8 min manat təşkil edir ki, nəticədə Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstanla birgə ilk sıraları tutur. Bunu dünyanın ən tanınmış reytinq agentlikləri də təsdiqləyir: "Bu gün Azərbaycanın sabit maliyyə bazası var. Bu da ölkənin valyuta ehtiyatlarını formalaşdırıb. Azərbaycanın qeyri neft-qaz sektoru inkişaf edir. 2014-2018-ci illərdə də sahibkarlığın və regionların inkişafına dəstəklə bağlı dövlət proqramları icra olunacaq. Ölkədə aparılan satınalmalar sahəsində də irəliləyişlər var. Bu sahədə 114 milyon manat qənaət edilib. Bir faiz qənaət olunması dövlət büdcəsinə 70 milyon manat ödəniş edilməsinə gətirib çıxarır. Azərbaycan regionlarında qaynar həyat hökm sürür. Bölgələrdə aqrar sektorun, sənayenin inkişafına yönələn proqramlar həyata keçirilib. Hər hansı bir dövlət borc almadan yaşaya bilməz. Biz o borcları innovasiyalı inkişaf naminə alırıq. Borc artırsa, ÜDM-in həcmi ona nisbətdə daha çox artır. Bu gün dünyada 100-dən artıq ölkə var ki, borc içindədir. Cəmi 5-6 ölkə var ki, az borcu olan ölkələr sırasındadır. Azərbaycan da son illər ərzində çalışır ki, bu ölkələr sırasında yer tutsun".

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış etdi: "Ötən il dünyanın müxtəlif ölkələrinin fəaliyyətində iqtisadi artımın bərpası və bu istiqamətdə görülən stimullaşdırıcı tədbirlər ilə səciyyəvidir" deyən Vüqar Gülməmmədov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə keçirilən tədbirlər 5,8 faizlik real iqtisadi artıma, hər nəfərə təxminən 8 min dollar ÜDM göstəricisinə və qeyri-neft sektorunun 10 faizlik səviyyəsində artım tempinə nail olmağa imkan verdi: "Uğurlar "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında əks olunmuş iqtisadiyyatın şaxələndirilməsi və inkişafı məqsədlərinə nail olunmasına gətirib çıxarır. Bir il ərzində ölkənin strateji valyuta ehtiyatları sabit şəkildə artaraq ÜDM-in təqribən 70 faizini təşkil edib. Valyuta ehtiyatlarının həcmi 5 il ərzində mal və xidmət idxalını təmin etməyə imkan verir". Vüqar Gülməmmədov dedi ki, 2013-cü ildə makroiqtisadi sabitlik təmin olunubmilli iqtisadiyyatın inkişafı davam edir.

Ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı geniş çıxış edən maliyyə naziri Samir Şərifov isə qeyd etdi ki, 2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19159 milyon manat proqnoza qarşı 19496,3 milyon manatyaxud 101,8 faiz icra olunub. Bu 2012-ci ilin icra göstəricisinə nisbətən 2214,8 milyon manat (12,8 faiz) çoxdur. Onun sözlərinə görə, dövlət büdcəsi gəlirlərinin 58,2 faizi və yaxud 11350 milyon manatı Dövlət Neft Fondundan transfert, 34,2 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 7,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 0,5 faizi isə başqa  daxilolmaların payına düşür. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 3763,9 milyon manatı və yaxud 56,5 faizi qeyri-neft sektorunun, 2900,1 milyon manatı və yaxud 43,5 faizi neft sektorunun payına düşmüşdür. Neft sektoru üzrə daxilolmaların 1494,2 milyon manatını Dövlət Neft Şirkəti, 1405,9 milyon manatı isə neft qaz sahəsində hasilat pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib.

 

Ölkənin valyuta ehtiyatları 9 faiz artaraq 50 milyard dolları ötüb

 

Nazir dedi ki, 2013-cü il dövlət büdcəsinin xərcləri 19850 milyon manat proqnoza qarşı 19143,5 milyon manat və yaxud 96,4 faiz icra edilmişdir ki, bu da 2012-ci illə müqayisədə 1727  milyon manat və yaxud 9,9 faiz çoxdur. Strukturuna görə 2013-cü il dövlət büdcəsi xərclərinin 9193,3 milyon manatı və ya 48 faizi cari xərclərə yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 84,9 milyon manat azdır. Əsaslı xərclərə dövlət büdcəsi xərclərinin 9222 milyon manatı yönəldilib ki, bu da 2012-ci ilə nisbətən 1296,1 milyon manat çoxdur. Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə 728,2 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 515,8 milyon manat çoxdur. Nazir vurğuladı ki, 2013-cü ildə Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, dünya iqtisadiyyatı 3 faiz artıb. Azərbaycan Respublikasının ixrac etdiyi "Azəri Layt" xam neftinin 1 barelinin orta satış qiyməti isə 111,2 ABŞ dolları təşkil edib. 2013-cü ildə dünyanın ticarət dövriyyəsinin artım sürəti 2012-ci ilin göstəricisi ilə eyni səviyyədə, yəni 2,7 faiz olub ki, bu da böhrandan sonra ticarət münasibətlərinin sabitləşməsini özündə əks etdirir. 2013-cü il ərzində sənaye sahəsində 26,7 milyard manat, tikinti sahəsində 6,8 milyard manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 3,1 milyard manat, nəqliyyat və anbar təsərrüfatında 2,8 milyard manat,  informasiya və rabitə xidmətləri sahəsində 1 milyard manat, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 milyard manat, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 milyard manat, sosial və digər xidmətlər sahəsində 8,5 milyard manat həcmində əlavə dəyər yaranıb. Hesabat ili ərzində ölkənin valyuta ehtiyatları 9 faiz artaraq 50 milyard dolları ötüb. Bu da dövlətin xarici borcundan təqribən 9 dəfə çoxdur. 2013-cü ilin yekunlarına əsasən, ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 37,6 milyard manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi isə orta hesabla

4 039,6 manat olub. Əhalinin hər nəfərinə düşən gəlirlər əvvəlki illə müqayisədə 6,6 faiz artaraq istehlak qiymətləri indeksini (inflyasiyanı) 4,2 faiz üstələyib. Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilib. Əhalinin sərəncamında qalan gəlir 34,5 milyard manat təşkil edərək əvvəlki ilə nisbətən 8 faiz artıb. 2013-cü ildə ölkə üzrə orta aylıq əməkhaqqı 423 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,2 faiz çoxdur. 2013-cü ildə əsas kapitala yönəldilən vəsaitlər 15,1 faiz artaraq 17,9 milyard manat olub ki, onun 66,3 faizi və yaxud 11,9 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Nazirin sözlərinə görə, 2013-cü ilin dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna qədər büdcənin vahid xəzinə hesabında yaranan 960 408 100 manat məbləğində qalıq 2014-cü ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidməti ilə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

 

Sahibkarlara edilən vergi güzəştləri Vergi Məcəlləsi ilə tənzimlənəcək

 

Maliyyə nazirinin çıxışından sonra deputatların çoxu təkidlə sənədin səsə qoyularaq qəbul edilməsini tələb etdilər. Spiker Oqtay Əsədov bildirdi ki, 2013-ci ildə dünyanın bir çox dövlətləri iqtisadi böhrandan əziyyət çəkərkən Azərbaycanda müstəqillik dövrünün ən böyük büdcəsi qəbul olunub və onun necə şəffaf şəkildə icrası barədə məlumat verilir.

Müzakirə zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev qeyd etdi ki, Azərbaycan dövlətinin xaricdə yüksək səviyyədə təbliği və gələcəkdə ölkəmizdə gənclərin potensialını yüksəltmək üçün xaricdə oxuyan tələbələrin sayı artırılmalıdır. İxtisaslı kadrların hazırlanması üçün Azərbaycan gənclərinin nüfuzlu ali təhsil müəssisələrində oxumasına ehtiyac var. Deputat dedi ki, bəzi ixtisaslarda məhdudiyyətlər var: "Amma bizim peşəkar hüquqşünaslara ehtiyacımız var. Xarici dillərin öyrənilməsi ilə bağlı xüsusi dövlət proqramı qəbul edilməlidir".

Qüdrət Həsənquliyevin çıxışından sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Sonra gündəlikdə duran Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarıldı. Bu qanun layihəsi barədə də komitə sədri Ziyad Səmədzadə məlumat verdi. Onun sözlərinə görə, gündəlikdə olan "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında",  "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" və  "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə qanun layihələrində nəzərdə tutulmuş dəyişikliklər bundan sonra Vergilər Məcəlləsi ilə tənzimlənəcək. Yəni qanunvericiliyə dəyişikliklər istisnasız olaraq vahid şəklə salma xarakteri daşıyır: "Söhbət belə güzəştlərin ləğvindən getmir. Müzakirə olunan qanunlardakı bütün normalar Vergi Məcəlləsinə dəyişikliklər paketində öz əksini tapıb və belə sənədlərə artıq ehtiyac yoxdur".

 

Ucqar rayonlarda investisiya yatırtmaq istəyən sahibkarlara 3 il vergi güzəştlərinin tətbiq olunmasına ehtiyac var

 

Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev dedi ki, bu təşəbbüsü alqışlayır və sənədə müsbət rəy verəcək. Onun fikrincə, ucqar rayonlarda investisiya yatırtmaq istəyən sahibkarlara 3 il vergi güzəştləri tətbiq olunmasına ehtiyac var. Deputat Fazil Mustafa isə hesab edir ki, iş adamları uşaqların texniki zəkasının stimullaşdırılması ilə bağlı sahələrə investisiyalar yatırsalar, bunun müsbət nəticəsi olar. Deputat Çingiz Qənizadə isə diqqətə çatdırdı ki, bəzi mətbu orqanlar bu qanun layihələrinin ləğv edilməsi xəbərini yayaraq sahibkarlara vergi güzəştlərinin ləğvini gündəmə gətiriblər. Qanun layihəsini dəstəkləyən deputat Qənirə Paşayeva da təkliflə çıxış etdi. Onun fikrincə,  Ermənistanla ön cəbhədə yerləşən kəndlərdə işsizliklə bağlı problemlər olduğundan həmin bölgələrdə yeni iş yerlərinin açılmasına böyük ehtiyac var:  "Sərmayədarlar risk bölgəsi olduğu üçün bu ərazilərdə iş qurmağa o qədər də maraqlı deyillər. Ən azı kiçik sərmayələri bu əraziyə cəlb etmək, insanların iş yerləri yaratması üçün ön cəbhə kəndlərinə vergi güzəştlərinin tətbiqi vacib addım olardı. Bu, o kəndlərə böyük dəstək verməklə bərabər, kiçik və orta sahibkarları bu kəndlərdə iş qurmağa təşviq edən önəmli addımlardan olardı". Qənirə Paşayeva bu məsələyə müsbət yanaşılacağına inandığını söylədi.

Deputat Gövhər Baxşəliyeva isə çıxışında bildirdi ki, Milli Məclisdə "Təhsil haqqında" qanun layihəsinin qəbulu zamanı məktəbəqədər təhsillə bağlı məsələlər ətrafında xeyli müzakirələr aparılıb və razılığa gəlinib. Ancaq bu gün görünür ki, həmin məsələyə yenidən baxılmalıdır. Onun fikrincə, bir çox məktəblərdə məktəbəqədər təhsillə məşğul olmayan uşağı birinci sinfə qəbul etmirlər. Bu məsələ artıq bəzi məktəb direktorlarına maraqları üçün bir imkan vasitəsinə çevrilib.

Müzakirələr başa çatdıqdan sonra sənəd səsə qoyularaq qəbul edildi.

 

Nizami Gəncəvi adına Qızıl medal təsis edilir

 

Milli Məclis "Dövlət rüsumu haqqında" qanuna da dəyişikliklər etdi. Dəyişikliklər əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşayışı üçün şəhadətnamənin alınmasına, eləcə də digər sahələr üzrə rüsumların məbləğinə aiddir. Dəyişikliklərə əsasən, yetkinlik yaşına çatmış xarici vətəndaşlar və ya Azərbaycan ərazisində müvəqqəti yaşayış müddətlərinin uzadılması üçün vətəndaşlığı olmayan şəxslər üç aylıq müddətə görə 30 manat, altı aylıq müddət ərzində - 60 manat, bir il ərzində - 120 manat, üç ilə qədər dövr üçün isə 360 manat ödəməli olacaqlar. Yetkinlik yaşına çatmamışlar üç aylıq müddətə görə 15 manat, altı aylıq müddət ərzində - 30 manat, bir il ərzində - 60 manat, üç ilə qədər - 180 manat ödəməli olacaqlar. Bir il ərzində ali və orta ixtisas təhsili müəssisələrinin əyani bölmələrində təhsil alanlar Azərbaycanın ümumtəhsil müəssisələrində təhsil almaq üçün 40 manat, iki il üçün isə 80 manat ödəməli olacaqlar.

Hüquqi aktla müəyyən edilmiş qaydada Azərbaycan ərazisində ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması və ya vaxtın uzadılması üçün üç aylıq müddət ərzində vətəndaşlar 350 manat, altı aylıq müddət ərzində 600 manat, bir il ərzində 1000 manat ödəməli olacaqlar.

Sənəd deputatlar tərəfindən müsbət rəy alaraq təsdiq edildi.

Gündəliyin sonuncu məsələsi isə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medal"ın təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi idi. Sənədlə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Komitə sədri dedi ki, müstəqil Azərbaycan dövlətinin orden və medalları sırasına daha bir şərəfli medal daxil olur. Azərbaycan vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında medalla təltif edilir. Komitə sədri dedi ki, qanunun 1.1-ci maddəsində göstərilən xidmətlərə görə ölkənin digər orden və medalları ilə təltif edilən şəxslər eyni xidmətlərinə görə adıçəkilən medalla təltif edilə bilməzlər.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi və bununla da Milli Məclisin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.- 2014.- 17 may.- S.2.