Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin iyirmi ikinci ildönümü ilə əlaqədar Bakıda anma mərasimi keçirilmişdir

 

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar mayın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında anma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların nümayəndələrinin və Laçın ziyalılarının iştirak etdikləri mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əsirlikdə qala qalmaz” sənədli filmi nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkəmizin ərazi bütövlüyünün qorunmasında mühüm strateji əhəmiyyətə malik olan bu bölgənin 22 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Laçının 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri tərəfindən işğalı Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı başladığı elan olunmamış müharibənin tərkib hissəsidir. İşğalçı dövlətin hərbi təcavüzü ilə başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin elə ilk günlərindən Laçın Ermənistanın hədəfinə çevrilmişdi. Təcavüzə məruz qalmış Azərbaycanda bir ay ərzində bir neçə hakimiyyət dəyişikliyinin baş verməsi fonunda Laçının müdafiəsini təşkil etmək mümkünsüz idi.

Diqqətə çatdırılmışdır ki, işğalçılara qarşı döyüşlərdə rayonun müdafiəçiləri böyük şücaət göstərmişlər. Bu müharibədə 267 nəfər laçınlı şəhid olmuş, 66 nəfər girov götürülmüşdür. Torpaqlarımızın müdafiəsi uğrunda mərdliklə mübarizə aparmış laçınlılardan 4 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 4 nəfər “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Eyni zamanda, Horadiz uğrunda döyüşlərdə Laçın polisinin 300 nəfərdən ibarət dəstəsi qəhrəmanlıqla vuruşmuşdur.

Bildirilmişdir ki, Laçın rayonunun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 ev, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə obyekti, 200-dən çox tarixi, mədəniyyət və dini abidə talan edilərək dağıdılmışdır. 60 min hektar yaylaq sahəsi, 33 min hektar zəngin meşə massivi itirilmiş, rayona, ümumilikdə 7,1 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.

A.Səlimov demişdir ki, ötən 22 ildə laçınlıların bütöv bir nəsli doğma torpaqlarından kənarda böyümüşdür. İşğal nəticəsində 58 min nəfərdən çox laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 59 şəhər və rayonunda məskunlaşmışdır. Məcburi köçkünlüyün ilk vaxtlarında ciddi problemlərlə üzləşən rayon əhalisinə ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı bu insanların həyat şəraitinə müsbət təsir göstərmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərlə bağlı siyasətini yüksək səviyyədə davam etdirir. Dövlətimizin başçısının təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraiti əsaslı surətdə yaxşılaşdırılmışdır. Ötən illər ərzində qaçqın və məcburi köçkünlərin mənzil-kommunal və sosial problemlərinin həlli ilə bağlı davamlı iş aparılmışdır. Diqqətə çatdırılmışdır ki, yaxın vaxtlarda 1500 laçınlı ailə üçün yeni qəsəbənin inşasına başlanılacaqdır.

Vurğulanmışdır ki, Prezident İlham Əliyevin öz ad gününü Ağcabədi ərazisindəki Taxtakörpüdə məskunlaşmış laçınlıların arasında keçirməsi tarixi hadisədir. Bu, nəinki laçınlılar, eləcə də respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır.

A.Səlimov çıxışını bu sözlərlə yekunlaşdırmışdır: “Ata-baba yurdlarına dönməkdə israrlı olan köçkün soydaşlarımız Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prinsipial mövqeyini birmənalı şəkildə dəstəkləyir və müdafiə edirlər”.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirmişdir ki, Laçın deyəndə göz önünə ilk növbədə mərdlik gəlir. Təsadüfi deyildir ki, türk-azərbaycanlı qanına susamış Andranikin silahlı quldur dəstələri Gorus, Laçın, Şuşa, Xankəndi yolunu açmağa cəhd göstərərkən el qəhrəmanı, igid sərkərdə Sultan bəyin rəhbərlik etdiyi könüllülərdən ibarət döyüşçülər onun qoşunlarını məhv etmişlər. Həmin döyüş baş verdiyi ərazi “Qanlı dərə” adlanır. Ermənilər Qarabağa yol açmaq, Laçını işğal etmək üçün 200 il çalışmışlar. Təəssüf ki, yağı düşmən ulu öndərimiz Heydər Əliyev Moskvada yüksək vəzifədən uzaqlaşdırılandan sonra Laçını dünyadakı erməni diasporunun köməyi ilə müvəqqəti də olsa, işğal etdi.

Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini tənqid etmişdir. Bildirmişdir ki, 20 ildən çoxdur ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğuldur. Ancaq indiyədək əsaslı bir iş görülməyib. Təəssüf ki, torpaqları işğal olunmuş ölkəmizə münasibətdə bəzi qüvvələr ikili standartlardan çıxış edir.

Bütün bunlara baxmayaraq Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir.

Baş nazirin müavini demişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mövcud reallığı nəzərə alaraq bu gün bütün diqqətini iqtisadiyyatımızın və ordumuzun daha da gücləndirilməsinə yönəltmişdir. Bütün Azərbaycan xalqı kimi, laçınlılar da qəti şəkildə əmindirlər ki, biz işğal altında olan torpaqlarımızı, o cümlədən mühüm strateji nöqtədə yerləşən Laçın rayonunu düşməndən azad edəcəyik.

Əli Həsənov indiki həssas məqamda xalqımızın həmrəyliyinin vacibliyindən də danışmışdır.

Laçın rayonunun Quşçu kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Əlibəy İbrahimov çıxışında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə sənəd verdiyini və bu arzunun onda işğal altında olan torpaqlarımızı azad görmək amalından qaynaqlandığını demişdir.

Tədbirdə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində qazanılmış uğurlardan da söz açılmışdır. Çıxışlarda belə bir əminlik ifadə olunmuşdur ki, Azərbaycanın güclü, qüdrətli ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir və işğalçıları torpaqlarımızdan qovub çıxaracaqdır. Bütün məcburi köçkünlər kimi, Laçın sakinləri də doğma yurdlarına qayıdacaqlar.

Anma mərasimi rayonun Şəlvə uşaq musiqi məktəbinin xor kollektivinin ifasında “Laçın harayı” ədəbi-bədii kompozisiyası ilə başa çatmışdır.

Tədbir iştirakçıları, həmçinin teatrın foyesində Laçın rayonunun işğaldan əvvəlki və sonrakı dövrünü əks etdirən fotostendə də baxmışlar.

 

Azərbaycan.- 2014.- 17 may.- S.3.