Gürcüstanın daxili işlər naziri Qəbələyə səfər etmişdir

 

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin rəhbərlik etdiyi nümayəndə heyəti tanışlıq məqsədilə Qəbələ rayonuna gəlmişdir.

AzərTAc xəbər verir ki, Qəbələ ilə tanışlıq zamanı nazirə və nümayəndə heyətinin üzvlərinə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi tərəqqinin bariz nümunəsini Qəbələ rayonunun timsalında aydın görmək olar. Son illər yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm infrastrukturları rayonun iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın təbii gözəlliyinin və beynəlxalq turizm üçün çox əhəmiyyətli olduğunun daha bir təsdiqidir. Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyev tərəfindən bölgələrin inkişafına göstərilən diqqət və qayğı Qəbələdə müasir turizm infrastrukturunun yaradılmasına və bölgənin beynəlxalq turizm məkanına çevrilməsinə yol açmışdır.

Səfər çərçivəsində Aleksandr Çikaidze rayondakı bəzi turizm obyektləri və istehsal müəssisələri, Qəbələ şəhərində aparılan yenidənqurma işləri ilə yaxından tanış olmuşdur.

 

Azərbaycan.- 2014.- 17 may.- S.3.