Nəqliyyat naziri Qax rayonunda vətəndaşları qəbul etmişdir

 

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Mayın 16-da nəqliyyat naziri Ziya Məmmədov Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, ZaqatalaQax rayonlarından olan vətəndaşları qəbul etmişdir. Nazirliyin struktur bölmələri rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda yol infrastrukturu və nəqliyyat məsələləri ilə bağlı problemlər araşdırılmış, vətəndaşların müraciət və təklifləri dinlənilmişdir.

Müraciətlər əsasən kəndlərarası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, piyada keçidlərinin tikintisi, habelə rayon mərkəzlərindən keçən magistral avtomobil yollarının şəhərdən kənara çıxarılması və digər məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapmış, digər müraciətlər operativ həll olunması üçün nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Nazir Ziya Məmmədov son illər ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmiş, Prezidentin müvafiq sərəncamlarına əsasən respublikanın hər yerində olduğu kimi, bu bölgədə də yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulduğunu, əsaslı təmir olunduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu istiqamətdə tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.

 

Azərbaycan.- 2014.- 17 may.- S.4.